Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 12:32

Yenə minaya düşən var


ANAMA əməkdaşları Füzulidə. 2020

Yanvarın 22-də Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı Azər Sultanovun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər aldığı bildirilir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat yayıblar. Məlumata görə, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı yeni çəkiləcək dəmiryol xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri görərkən minaya düşərək bədən xəsarətləri alıb: "Faktla bağlı Cəbrayıl rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb".

Dünən, yanvarın 21-də isə Azərbaycan ordusunun bir hərbi qulluqçusunun mina partlayışı nəticəsində həlak olduğu açıqlanmışdı.

Son aylar Azərbaycanın bir neçə hərbi qulluqçusu və mülki şəxsləri minaların partlayışı nəticəsində həlak olub.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu döyüşlər zamanı Azərbaycan tərəfdən 2 min 855 hərbi qulluqçunun həlak olduğu açıqlanmışdı.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG