Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:09

Adı düzgün tələffüz etmək ...vacibdir


Kamala Harrisin ABŞ-ın ilk qaradərili, Asiya mənşəli qadın vitse-prezidenti olması bu mövzunu bir qədər də qabardır.
Kamala Harrisin ABŞ-ın ilk qaradərili, Asiya mənşəli qadın vitse-prezidenti olması bu mövzunu bir qədər də qabardır.

Kanadalı radio aparıcısı Nana Aba Dunkan 10 il əvvəl daha ləqəblərlə tanınmaq istəmədiyini düşünərək öz qanalı adını qaytarmaq qərarına gəlib. O, adamların onun adını düzgün tələffüz etməsinə çalışır, çox böyük səy və səbir göstərirdi. Onu dəstəkləyənlər çox olsa da, bu, heç də asan iş deyildi.

Bir qonaqlıqda bir qadın özünü elə aparıb ki, sanki Nana Aba əcnəbidir. Halbuki, o, 40 ildən artıqdır ki, Torontoda yaşayır. Başqa bir yığıncaqda isə qonaqlardan biri onun adının çətin olduğunu deyərək onu "Nana" deyə çağırmağa başlayıb. Bir iş yoldaşı isə onun adını Bethovenin məşhur "Beşinci simfoniya"sının notları ilə oxuyurmuş. Təxminən belə: "Na-Na-Na-BAAAAAA".

Toronto Universitetinin aspirantı Syan Çjaonun tədqiqat işi etnik adların tələffüzünə həsr olunub. O hesab edir ki, çox insan bunun fərqinə varmasa da, fərqli adların yanlış tələffüz edilməsi diskriminasiyadır. Bu, "siz əhəmiyyətsizsiniz" mesajını verir: "Sən bu mühitdə əhəmiyyətsizsən. Onda mən niyə bu adı öyrənməyə vaxt sərf edim ki?".

Adlarını "ağardanlar"

BBC yazır ki, Kamala Harrisin ABŞ-ın ilk qaradərili, Asiya mənşəli qadın vitse-prezidenti olması bu mövzunu bir qədər də qabardır. Kamala Harrisin adı dəfələrlə yanlış tələffüz olunub. Bəzi hallarda bu onun etnik mənşəyinə diqqət çəkmək üçün qəsdən edilib. Harris yanlış tələffüz edənlərin səhvini ictimai şəkildə düzəltməklə mövqe ortaya qoyub. O bununla göstərməyə çalışıb ki, heç bir şey insanların adlarını öyrənməmək üçün bəhanə ola bilməz. O, eyni zamanda, öz kimliyini qoruyub saxlamaq istəyənlər üçün rol model olub.

İnsanların düşdükləri cəmiyyətə uyğun görünmək üçün adlarını dəyişməsi hallarına çox rast gəlinir. Stenford və Toronto universitetlərinin apardığı tədqiqatın nəticələrinə görə, rezümelərdə adlarını dəyişən qaradərili və asiyalı şəxslərin yarıya qədəri bunu irqi mənsubiyyətlərinin izini itirmək üçün edib. Araşdırma nəticəsində bəlli olub ki, adlarını "ağardanların" iş müsahibəsinə dəvət olunması ehtimalı iki dəfə artıb.

Bir çox insan peşəkar və sosial mühitdə ləqəblərdən, yaxud ingilisləşdirilmiş adlardan istifadə edir. Çjaonun son tədqiqatı göstərib ki, ABŞ universitetlərində oxuyan çinli xarici tələbələrin yarıya qədəri ingilisləşdirilmiş adlardan istifadə edir. Ancaq Çjao deyir ki, bunun mənfi nəticələri ola bilər. Onun araşdırması göstərib ki, ingilis adlarından istifadə insanların özlərinə aşağı qiymət verməsi ilə əlaqəlidir. Bu isə insanın əqli və fiziki sağlamlıq səviyyəsi, habelə həyat keyfiyyətinin aşağı olması anlamına gələ bilər.

"Mikrotəhqir"

Adlarını olduğu kimi saxlayanlarsa adlarının daim yanlış tələffüz olunması halları ilə qarşılaşırlar. Bəzi insanlar bundan qıcıqlanır, digərləri isə buna əhəmiyyət vermir.

"Fox News"un aparıcısı Taker Karlsonun 4 milyondan artıq tamaşaçının izlədiyi canlı yayımda Kamala Harrisin adını yanlış tələffüz etməsi və o zaman Corciya ştatından senator olan Devid Perdünün replikaları bu məsələni bir qədər də qabardıb. Avqustda Karlson "Kamala" adını efirdə yanlış tələffüz edib. Qonaqlardan biri onun səhvini düzəldəndə Karlson "Hə, nə olsun?" deyib və adı yenidən bir neçə dəfə yanlış tələffüz edib. Harrisin adını dəfələrlə yanlış tələffüz edən Perdü isə Harrisi çox yaxşı tanıyır – 3 ildən çox Senatda onunla birlikdə çalışıb.

Miçiqan Universitetinin psixologiya professoru Maylz Durki bu cür hərəkətləri "mikroetibarsızlaşdırma" və "mikrotəhqir" adlandırır. "Mikrotəhqir ayrıseçkilik və hörmətsizliyin qat-qat daha açıq və qəsdli formasıdır. Kiminsə adını strateji olaraq yanlış tələffüz etmək həmin adamı özgələşdirməyin bir üsuludur", – professor deyir.

#MyNameIs

Məhz bu səbəblərə görə bir çox tanınmış fiqurlar adlarının yanlış tələffüz edilməsinə laqeyd qalmırlar. Perdünün tərbiyəsiz davranışından sonra sosial şəbəkələrdə #MyNameIs (Mənim adım...) kampaniyası başlayıb. Burada istifadəçilər öz adlarını və onun mənasını yazıblar. Hollivud aktyorları Kumeyl Nanciani və Kel Penn də bu kampaniyada iştirak ediblər.

"Ad yanlış tələffüz olunanda buna imkan verməmək normal qəbul olunmağa başlayıb. Bu bizim beşcə il əvvəl görmədiyimiz bir haldır", – ABŞ Müsəlmanları İctimai Əlaqələr Şurasının Hollivud bürosunun rəhbəri Syu Obeydi deyir. Los-Ancelesdə işləyən Obeydi və komandası TV və kino sahəsində çalışan, "Grey's Anatomy", "Transplant", "Looming Tower" və "Aladdin" kimi şouları yaradanlara ssenariyə təbii müsəlman qəhrəmanlar əlavə etmək barədə tövsiyələr verir.

Obeydinin sözlərinə görə, "Transplant" serialındakı doktor Başir Hamed və "Ramy" şousundakı Rami Hassan kimi qəhrəmanlar müsəlman adlarının normallaşmasına kömək edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG