Liviyada həbsdə olan Azərbaycan vətəndaşları ölkələrinə təxliyə edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Liviyada həbsdə olan Azərbaycan vətəndaşları Elmixan Bağırov və Əliağa Babayev bu il yanvarın 21-də vətənlərinə geri qayıdıb.
XİN bildirib ki, 2016-cı ilin martında Türkiyədə qeydiyyatda olan şirkətə məxsus (adı açıqlanmır) və Syerra-Leone bayrağı altında üzən gəmini Liviyanın sahil qüvvələri saxlayıb. Gəminin həmin vaxt Liviya-Malta-Türkiyə istiqamətində hərəkət etdiyi qeyd edilir: "Üçü Azərbaycan vətəndaşı olmaqla 12 nəfərdən ibarət gəmi heyəti neft məhsullarının qaçaqmalçılığına görə 5 il müddətinə həbs olunublar".
Azərbaycan vətəndaşlarından birinin orada vəfat etdiyi qeyd olunur.
Ölkəyə gətirilənlər isə gəmi kapitanı E.Bağırov və matros Ə.Babayev olub: "Liviya Baş Prokurorluğunun 29 dekabr 2020-ci il tarixli qərarı ilə sözügedən şəxslər həbsdən azad edilib və müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər".
Baş verənlərə, hələlik, sözügedən şəxslərdən münasibət almaq mümkün olmayıb.