Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Cozef R. Bayden ABŞ-ın 46-cı prezidenti oldu


Co Bayden həyat yoldaşı Cill Baydenlə, 19 yanvar, 2021-ci il
Co Bayden həyat yoldaşı Cill Baydenlə, 19 yanvar, 2021-ci il

Prezident Co Bayden inaqurasiya nitqində amerikalıları ixtilaflara üstün gəlməyə çağırıb və deyib ki, “birlik olmayan yerdə dinclik yoxdur”.

Bayden bunu da deyib ki, o ölkə çətinliklərlə üzləşməkdə davam etdiyi bir vaxtda doğruçu olacaq və həmişə həqiqəti deyəcək.

O əlavə edib ki, “liderlər həqiqəti müdafiə etmək, yalanları məğlub etmək öhdəliyinə malikdir”.

Bayden hətta ona səs verməyənləri də ona inanmağa çağırıb.

“Qeyri-vətəndaş müharibəsinə son…”

ABŞ-ın 46-cı prezidenti deyib ki, “biz bu qeyri-vətəndaş müharibəsinə son qoymalıyıq”.

Bayden “biz bugün burada bir namizədi yox, bir amalı - demokratiya amalını alqışlayırıq” deyib.

O qeyd edib ki, “biz demokratiyanın qiymətli və kövrək olduğunu bir daha dərk etmişik”.

“Və bu saatda, mənim dostlarım, demokratiya üstün gəlib”.

Co Bayden bir neçə gün bundan əvvəl Konqresdə baş verən zorakılığı xatırlayıb və deyib:

“Mən hər iki partiyadan olan xələflərimə burada olduqlarına görə ürəyimin dərinliyindən təşəkkür edirəm”.

Bayden deyib ki, bugün onun içdiyi andı Corc Vaşinqtondan bu yana bütün vətənpərvərlər içiblər.

Adım tarixdə qalacaqsa…

Prezident yada salıb ki, indi sürətlə irəli getmək lazımdır, çünki təmir və bərpa olunacaq çox şey, sağaldılacaq çox yaralar, quruculuq işləri var.

Co Bayden daha sonra ölkəni bürüyən koronavirus pandemiyasından danışıb.

O təəssüflə bildirib ki, Amerika bu bir ildə bütün II Dünya müharibəsində itiridiyi qədər insan itirib.

Prezident deyib ki, qarşıda ağdərili hegemonluq, daxili terrorizm və siyasi ekstremizmlə mübarizə var:

“Bu çətinliklərə üstün gəlmək, qəlbimizə məlhəm, Amerikaya təhlükəsiz gələcək vermək üçün söz demək azdır. Bunun üçün bütün şeylərin ən gözəgörünməzi olan demokratiya və birlik lazımdır. Birlik. 1863-cü ilin yanvarında, Yeni İl gecəsində Abraham Linkoln azadlıq bəyannaməsini imzalmışdı. O qələmi kağızın üstünə qoyanda demişdi…Sitat gətirirəm: “əgər mənim adım tarixdə qalacaqsa, bu hərəkətimə görə qalacaq, çünki mənim bütün qəlbim bunun içindədir”.

Bayden deyib: “…mənim də bütün qəlbim Amerikanı bir araya gətirmək, xalqımızı birləşdirmək, ölkəmizi birləşdirməkdədir. Mən bu işdə bütün amerikalıları mənə qoşulmağa çağırıram”.

***

Andiçmə mərasiminin başlanğıcında müğənni Ledi Qaqa Amerika Birləşmiş Ştatlarının dövlət himnini ifa edib.

Bunun ardınca Kamala Harris vitse-prezident kimi and içib.

Mərasimdə daha bir ulduz – Cenifer Lopez da mahnı ifa edib.

Nəhayət andiçmə növbəsi Co Baydenə çatıb. Onun andını ABŞ Ali Məhkəməsinin hakimi Con Roberts qəbul edib.

Beləliklə Co Bayden Birləşmiş Ştatların 46-cı prezidenti olub.

***

Yanvarın 20-də Demokrat Partiyasından Co Bayden Kapitolidə prezident andı içəcək. Vaşinqtonda güclü təhlükəsizlik tədbirləri görülüb. Bu andiçmə ölkə tarixində ən qalmaqallı prezident seçkisi və keçid dönəminin kulminasiya nöqtəsidir.

Mərasimi buradan izləyə bilərsiniz:

Əlini “İncil”ə qoyaraq and içəcək 78 yaşlı Bayden ABŞ-ın ən yaşlı prezident olacaq. Mərasimdən sonra o, Ağ evdə Donald Trampı əvəzləyəcək.

Tramp mərasimə getməyəcək

Son 152 ildə ilk dəfədir ki, vəzifədən gedən prezident andiçmə mərasiminə qatılmır. Ancaq keçmiş prezident Corc Buş, Bill Klinton, Barak Obama tədbirdə olacaqlar. Keçmiş prezident Cimmi Karterin 96 yaşı var və mərasimə qatıla bilməyəcəyini deyib.

Trampın vitse-prezidenti Mayk Pens, bir sıra respublikaçı konqresmenlər mərasimə gedəcəklərini bildiriblər.

56 yaşlı Kamala Harris isə vitse-prezident kimi and içərək bu vəzifəyə gələn ilk qadın və ilk tünd dərili şəxs kimi tarixə düşəcək.

Ənənəyə uyğun olaraq, Bayden andiçmə mərasimindən öncəki gecəni prezidentin rəsmi qonaq evi olan Bler Evində keçirəcək. Bu bina da Vaşinqtonun mərkəzində, Ağ evlə üzbəüz yerləşir.

Andiçmədən öncə Bayden və Harris koronavirusdan ölənlərin anım mərasiminə rəhbərlik ediblər. Artıq ABŞ-da virus qurbanlarının sayı 400 mini keçib.

Kapitoli qorunur

Yanvarın 6-da Konqres Baydenin qələbəsini təsdiqləyən vaxt Tramp tərəfdarları Kapitoliyə hücum edib, biri polis əməkdaşı olmaqla beş nəfər ölüb. Bu zorakılıqdan sonra Vaşinqtonda təhlükəsizlik tədbirləri gücləndirilib.

Tramp tərəfdarlarını prezidentin dəfələrlə səsləndirdiyi iddialar qəzəbləndirib. O, 3 noyabr seçkisində qələbə çaldığını, seçkinin “saxtalaşdırıldığını” iddia edirdi. Ancaq ABŞ məhkəmələri bu iddiaları rədd edib. Bəzi hallarda hakimlər Trampın təyin etdiyi şəxslər olub.

Adətən, andiçmə mərasimini izləməyə Kapitoli yaxınlığına yüzminlərlə insan yığışır, çoxu mərasimi iri ekranlardan izləyir.

Amma Kapitoliyə basqından sonra Vaşinqtona 25 min Milli Qvardiya üzvü gətirilib, ərazidə sədlər çəkilib.

Ağ ev Trampın vida nitqini yayıb. O, “ən xoş” arzularını çatdırıb, yeni administrasiyanın uğuru üçün “dua edəcəyini” deyib, amma 20 dəqiqəlik çıxışı zamanı Baydenin adını çəkməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG