Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:44

Qabil Məmmədovun xanımının həbsinə qərar verilib


'İqtidar yürüşdən öz mövqeyini gücləndirmək üçün yararlana bilmədi'
Gözlə

No media source currently available

0:00 0:05:54 0:00

'İqtidar yürüşdən öz mövqeyini gücləndirmək üçün yararlana bilmədi' (Video arxiv-15.07.2020)

Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hökumətinin ünvanına kəskin tənqid və təhqirlər səsləndirən Qabil Məmmədovun həyat yoldaşı Aytən Ramazanova haqqında həbs qərarı çıxarılıb. O, 2020-ci ilin iyulunda Bakıda keçirilən Milli Orduya dəstək yürüşü zamanı baş verənlərin (bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, polis maşınının aşırılması və s.) təşkilində suçlanır.

AzadlıqRadiosunun hüquq-mühafizə orqanlarındakı mənbədən əldə etdiyi məlumata görə, ötən ilin yayında həmin yürüşdə həbs olunan və noyabr-dekabr aylarında ev dustaqlığına buraxılan 35 nəfərə verilən ittihamlar A.Ramazanovaya qarşı da irəli sürülüb. O, CM-in 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

Cinayət işinin materiallarında iddia olunur ki, Q.Məmmədov, həyat yoldaşı A.Ramazanova və başqaları əlbir olub, yürüşdə iğtişaş yaratmaq qərarına gəliblər. Baş verənlərə də onlar rəhbərlik edib. "WhatsApp" proqramı vasitəsilə Bakıdakılara təlimat veriblər.

Almaniyada yaşayan A.Ramazanova haqqında qiyabi həbs qərarı çıxarılmasını Nəsimi rayon Məhkəməsindən də AzadlıqRadiosuna təsdiqləyiblər: "Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilməsi haqda təqdimata hakim Rəşid Səmədov baxıb".

Mənbə onu da əlavə edib ki, A.Ramazanovanın tutulub Azərbaycana təhvil verilməsi üçün prokurorluq onun beynəlxalq axtarışa verilməsi istiqamətində addımlar atacaq.

Xatırlatma

2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Milli Məclisin qarşısında baş verənlərlə əlaqədar ümumilikdə 37 nəfər təqsirləndirilən şəxs qismində tanınıb. Onlardan 15 nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır. Cinayət məsuliyyətinə cəlb edilənlər arasında həmçinin, "Müsəlman Birliyi" Hərəkatı, Azərbaycan Demokratiya və Rifah Hərəkatı kimi təşkilatların üzvləri, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirinin müavini olmuş Siyavuş Mustafayev də var. Bu iş üzrə həbs olunan 35 nəfər noyabr və dekabr aylarında ev dustaqlığına buraxılıb. Bu cinayət işi sentyabrın sonunda məhkəməyə göndərilsə də, indiyədək məhkəmə iclası keçirilməyib.

Təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlarda 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Recommended

XS
SM
MD
LG