Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:31

İran ballistik raket təlimləri keçirir


İranda təlimlər, 15 yanvar, 2021-ci il

Son həftələr, ABŞ Prezidenti Donald Tramp administrasiyasının son günlərində İran hərbi təlimləri artırıb

İran qüvvələri ballistik raketlərin cəlb olunduğu hərbi təlimlər keçiriblər. Bu təlimlər ölkənin nüvə proqramından dolayı gərginliyin artdığı bir dönəmə təsadüf edir.

Dövlət televiziyasının yanvarın 15-də yaydığı məlumata görə, təlimlər zamanı İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) maket düşmən bazalarına yer-yer tipli ballistik raketlər atıblar.

Təlimlərə “Zülfikar” və “Dezful” ballistik raketlərinin, həmçinin bomba daşıyan dronların gətirildiyi xəbər verilir.

“Düşmənlər bilməlidirlər ki...”

İranın 2 min km məsafəni vura bilən raketləri var və İsraili, həmçinin Yaxın Şərqdə ABŞ hərbi bazalarını vurmaq gücündədir.

Son həftələr, ABŞ Prezidenti Donald Tramp administrasiyasının son günlərində İran hərbi təlimləri artırıb.

Həftənin əvvəlində İran donanması Oman körfəzində yaxınmənzili raket təlimləri keçirib. Daha öncə isə Fars körfəzində İİKK donanma paradı təşkil etmişdi.

“Düşmənlər bilməlidirlər ki, İran İslam Respublikasının dəniz sərhədləri hər hansı şəkildə pozularsa, onlar sahildən və dənizdən qanadlı raketlərlə hədəfə alınarlar”, – Kontr-admiral Həmzə-Əli Kaviani xəbərdarlıq edib.

Vaşinqton nüvə sazişinə qayıda bilər

2018-ci ildə Tramp Vaşinqtonu İranla 2015-ci il nüvə sazişindən çıxarandan sonra Birləşmiş Ştatlarla İran arasında gərginlik artıb. Tramp bu sazişin İranın nüvə proqramını, regionda “məkirli fəaliyyəti”ni yetərincə əhatələmədiyini deyirdi.

Bundan sonra ABŞ administrasiyası İrana “maksimum təzyiq” kampaniyası başlatdı, sanksiyalar tətbiq etdi, məqsədin Tehranı yeni razılaşmaya vadar etmək olduğunu deyirdi.

İran isə nüvə proqramının dinc məqsədli sayır, raket proqramının, regional siyasətinin müzakirə mövzusu olmadığını bildirir.

ABŞ-ın iqtisadi sanksiyalarından sonra Tehran da nüvə paktı çərçivəsində öhdəliklərini tədricən pozmağa başladı.

Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Co Bayden deyib ki, İran nüvə sazişinin şərtlərinə əməl edərsə Vaşinqton ona yenidən qoşula bilər.

Ancaq İran rəsmiləri israr edirlər ki, ABŞ əvvəlcə sanksiyaları qaldırmalıdır.

XS
SM
MD
LG