Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

WhatsApp-dən axın necə önlənə bilər – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

“Forbes ” dərgisi yazır ki, WhatsApp ətrafında baş verənlər istifadəçilərin gizliliyə nə dərəcədə önəm verdiyini üzə çıxardı.

Dubayda mənzillənən Telegram platforması bu həftə bildirdi ki, 72 saat ərzində 25 milyon yeni istifadəçi ona qoşulub və aktiv istifadəçi sayı 500 milyonu keçib. Bu, WhatsApp mesajlaşma şəbəkəsinin gizliliklə bağlı istifadəçilərə bildiriş göndərməsindən sonra baş verib.

WhatsApp bəyan edib ki, fevralın 8-dən istifadəçilərin telefon nömrələri, ünvanları, şəkilləri və bəzi mesajların məzmunu avtomatik olaraq ana şirkəti olan Facebook-la paylaşacaq. Bu bildirişdən tətbiqdən gedənlərin ayı artıb.

Dəxli olmayan şirkətin səhmləri bahalanıb

Signal tətbiqinin istifadəçi sayında da artım baş verib. Bunun bir səbəbi Tesla-nın bosu, bir müddət öncə dünyanın ən zəngin şəxsinə çevrilmiş İlon Maskın Twitter-də 42 milyon izləyicisinə “Signal-dan istifadə edin” yazması olub. Maraqlıdır ki, bundan sonra ABŞ-dakı məsələyə dəxli olmayan “Signal Advance” şirkətinin səhmləri də 400 faizdən çox bahalanıb, çünki çaş-baş qalmış investorlar dəyişiklikdən yararlanmağa çalışıblar.

“Facebook istifadəçiləri inandıra bilsə ki, şifrələnmiş WhatsApp mesajları oxunmur, onda axının qarşısını ala bilər. Bundan başqa, yeni tətbiq yükləmək heç də köhnəni silmək anlamına gəlmir. WhatsApp-in aktiv istifadəçi sayı ötən il 2 milyarda çatmışdı. Bu, 2013-cü ildəkindən 10 dəfə çoxdur. Son illər bu tətbiqin populyarlığı Facebook ana şirkətini və Instagram foto-paylaşım tətbiqini keçib. 2019-cu ildə WhatsApp dünyada ən çox endirilən tətbiq olub, 850 milyon dəfədən çox endirilib”, – “Financial Times” qəzeti belə yazır.

Qəzet yazır ki, Facebook bu tətbiqin öz xərcini çıxarmasını istəyir. Əgər WhatsApp-in 2 milyard istifadəçisi Facebook platformasındakı kimi adambaşına orta gəliri gətirsəydi, ötən ilin son rübündə şirkətin 16 milyard dollar əlavə gəliri olardı.

“Gizlilik vacibdir”

“Forbes ” dərgisi isə yazır ki, WhatsApp ətrafında baş verənlər istifadəçilərin gizliliyə nə dərəcədə önəm verdiyini üzə çıxardı.

“WhatsApp daha sonra izah elədi ki, şirkət ailə üzvləri və dostlar arasında yazışmaları toplamır, sadəcə şəxsi informasiyanı və istifadəçilərin şirkətlərə gğndərdiyini yığır. İstifadəçinin şirkətə göndərdiyi informasiya yığılaraq reklam üçün Facebook-la paylaşıla bilər. Ancaq hətta bu izahatdan sonra belə yeni siyasət istifadəçi gizliliyinivə razılığı ilə bağlı həyəcanlı siqnallar yaradır”, – məqalədə deyilir.

Gizlilik məsələsi son illər daha çox gündəmə gəlib. Bir çox şirkətlər istifadəçilərə öz dataları üzərində nəzarəti qaytarırlar. Müəllif Bleyk Morqanın fikrincə, WhatsApp-in datanı paylaşmaq qərarı bu sahədə əldə olunmuş uğurların əksinə getməkdir.

“WhatsApp məsələsi göstərdi ki, müştərilər şirkətə inanmayanda, yaxud gizlilik qaydaları ilə razılaşmayanda tez çıxıb edirlər. Məsələ çox sadədir: gizlilik vacibdir. Müştərilər brendə inanmalı, özlərinə aid informasiyanın yığılmasında söz sahibi olmalıdırlar, yoxsa başqa yerə üz tutacaqlar”, – o vurğulayır.

XS
SM
MD
LG