Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 04:33

Məhkəmə Aqil Məhərrəmova 'yox' dedi


A.Məhərrəmov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəallarından Aqil Məhərrəmovun işinə yenidən baxılması, cinayət məsuliyyətindən azad edilməsi barədə istəyinə "yox" deyildi. Yanvarın 13-də Xətai rayon Məhkəməsinin hakimi Tərlan Əkbərov AXCP funksionerinin bu haqda ərizəsinin təmin olunmadığını açıqlayıb.

A.Məhərrəmovun vəkili Aqil Layıc AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: "Bu ilin iyununda cinayət qanunvericiliyinə iqtisadi cinayətlərin humanistləşməsi ilə bağlı bir sıra dəyişikliklər edildi. Məhz ona əsaslanaraq məhkəməyə ərizə vermişdik. Təəssüf ki, təmin olunmadı. Ortada nə zərər var, nə zərərçəkən, nə də gəlir...".

Vəkilin sözlərinə görə, belə olan halda Cinayət Məcəlləsi şəxsə qarşı cinayət təqibinə xitam verilməsini diktə edir.

A.Məhərrəmov CM-in 192 (qanunsuz sahibkarlıq) və 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Bu il mayın 20-də qanunvericiliyə dəyişikliklərdən sonra bu maddələrin hər ikisi üzrə şəxs əldə etdiyi gəlirin bir mislini ödəyərsə, cinayət məsuliyyətindən azad edilə bilər.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda AXCP funksionerləri və S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək "qurama iş" adlandırıb. Bildirib ki, S.Rüstəmli ilə uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona və AXCP-dən olan siyasi məhbusların ailələrinə yardım edib.

XS
SM
MD
LG