Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Dövlət orqanları 100 sorğudan 25-nə cavab verir


Ombudsman Aparatı
Ombudsman Aparatı

Ombudsman məmurları məlumat verməyə məcbur etməlidir, amma...

Dövlət orqanları qanunla sirr sayılan informasiyalar istisna olmaqla, qalan hallarda vətəndaşın istədiyi məlumatı ona verməyə borcludur. "İnformasiya əldə etmək haqqında" Qanun deyir ki, məmurlar vətəndaşa nəinki istədiyi bütün açıq məlumatları verməli, hətta qiymət artımı olacaqsa, bir ay əvvəldən əhalini bu haqda xəbərdar etməlidir. Söhbət dövlətin təkbaşına monopolist olduğu sahələrdə, xidmət sektorundakı (kommunal xidmətlər, yanacaq və s.) qiymət artımlarından gedir.

"Əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə, onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları dəyişikliyə azı 30 gün qalmış açıqlamalıdır", – "İnformasiya əldə etmək haqqında" Qanunun 29.1.25 maddəsində yazılıb.

Bu qanunun tələblərinə əməl etməməyə görə inzibati məsuliyyət nəzərdə tutulub. Məlumatı almaq istəyən vətəndaşla yanaşı, Ombudsman da informasiyanı verməkdən imtina etmiş məmurun cəzalanması təşəbbüsü ilə çıxış edə bilər.

Vətəndaş xəstəxananı bu hallarda məhkəməyə verə və uda bilər...
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Bircə protokol da daxil olmayıb

Prezidentin 3 may 2017-ci il tarixli fərmanına görə, "İnformasiya əldə etmək haqqında" Qanunun tələbini pozan məmurlarla bağlı protokol tərtib edib məhkəməyə göndərmək səlahiyyəti İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman), onun Aparatının rəhbərinə və ya müavininə verilib.

Ali Məhkəmədəki mənbənin AzadlıqRadiosuna bildirdiyinə görə, indiyədək məhkəmələrə Ombudsman və ya onun Aparat rəhbərinin təşəbbüsü ilə informasiya verməkdən imtina etmiş məmurlarla bağlı bir dənə də protokol daxil olmayıb: "İnformasiyanın verilməsindən imtina ilə bağlı işlər olur. Bu da, əsasən, ayrı-ayrı vətəndaşların, jurnalistlərin, yaxud da ictimai təşkilatların şikayətləri olur. Ombudsmanın təşəbbüsüylə bu məsələ ilə əlaqədar hansısa dövlət qurumuna qarşı inzibati protokol daxil olmayıb".

Ombudsman Aparatından da bildirilib ki, indiyədək bu problemlə əlaqədar heç bir inzibati protokol tərtib etməyiblər.

""İnformasiya əldə etmək haqqında" qanunun tələblərinin pozulmasıyla bağlı İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) ünvanına daxil olmuş müraciətlər üzrə protokol tərtib etmək zərurəti yaranmayıb",– Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bu haqda müraciətlərdən birinə belə cavab yazıb.

Prezident qarşınıza çıxsaydı, hansı problemin həllini istərdiniz? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Vətəndaşın da, radionun da sorğusuna cavab verilmir

Zaqatala sakini Eldar Atayev deyir ki, zəlzələdən sonra onun evinin tikintisinə ayrılmış vəsaitin məbləğini öyrənmək üçün dəfələrlə Fövqəladə Hallar Nazirliyinə ünvanladığı sorğuya cavab ala bilməyəndə kömək üçün Ombudsman Aparatına üz tutub: "Ombudsmanın geniş səlahiyyəti var, dövlət orqanlarını vətəndaşın istədiyi açıq məlumatları ona verməyə məcbur edə bilər. Bunu nəzərə alıb Ombudsman Aparatından bu məsələdə kömək istədim. Həm özüm, həm də vəkilim Ombudsmana məktub yazdıq. Nəticəsi olmadı...".

E.Atayev dekabrda FHN-in dövlət vəsaitləri haqda məlumatları verməməsi ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etmişdi. Həmin şikayət Zaqatala rayon Prokurorluğuna yönləndirilib. Şikayətçinin sözlərinə görə, Zaqatala rayonunun prokuroru Rasim Musayev dekabrın 26-da göndərdiyi cavab məktubunda ona ya məhkəməyə, ya da Ombudsmana müraciət etmək hüququnu xatırladıb: "Ombudsmana müraciət etmişdim də... Kömək eləmir".

Hüquqşünas-ekspertlər Tarif Şurasının bu il yanvarın 5-də qüvvəyə minmiş qiymət artımı (Aİ-92 markalı benzin və dizelin bahalaşması) haqda cəmiyyətin əvvəlcədən xəbərdar edilmədiyini və bununla da "İnformasiya əldə etmək haqqında" Qanunun 29.1.25 maddəsinin pozulduğunu iddia edirlər. AzadlıqRadiosu bununla bağlı Ombudsman Aparatına sorğu ünvanlayıb. Ombudsmanın iddia olunan qanun pozuntusu ilə əlaqədar addım atıb-atmayacağı, inzibati xəta protokolu tərtib edilib-edilməyəcəyi soruşulub. Yanvarın 5-dən ötən bir həftə ərzində sorğuya cavab verilməyib.

Ə.Məmmədli
Ə.Məmmədli

8 il keçir...

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli yada salıb ki, 2005-ci ildə "İnformasiya əldə etmək haqqında" qanun qəbul ediləndə onun icrasına nəzarət məqsədilə ayrıca institut - İnformasiya məsələləri üzrə müvəkkil institutu nəzərdə tutulmuşdu. Amma 7 il ərzində qanunun bu tələbinə əməl olunmadı, hökumət - parlament bu istiqamətdə heç bir addım atmadı. 2012-ci ildə qanundan sözügedən tələb çıxarıldı. Əvəzində Ombudsmanın fəaliyyətini tənzimləyən qanuna bu barədə əlavə edilərək informasiya məsələləri üzrə nəzarət funksiyası da Ombudsmana verildi.

"Təəssüf ki, aradan 8 ildən çox vaxt keçməsinə baxmayaraq, ortada effektiv nəzarət yoxdur. Ombudsmanın hesabatlarında da bu istiqamətdə sistemli iş görüldüyü görünmür. Bu isə qanunda nəzərdə tutulmuş effektiv nəzarət mexanizminin işləməməsi deməkdir. Nəzarətsizlik həm də dövlət orqanlarına öz öhdəliklərindən yayınmaq imkanı yaradır", – Ə.Məmmədli bildirib.

Hüquqşünas vurğulayıb ki, açıq məlumatların əldə olunmasıyla bağlı şikayətlərə məhkəmələr də obyektiv baxmır. Ə.Məmmədlinin sözlərinə görə, məhkəmələr, adətən, bu qəbildən olan şikayətlərə ya baxmır, ya da əksər hallarda dövlət orqanının xeyrinə qərar çıxarır: "Aparılan monitorinqlər bunu deməyə əsas verir. Həm məhkəmələrin bu yanaşması, həm də Ombudsman institutunun nəzarətinin yoxluğu, informasiya verməyə məcbur etməməsi onları bir qədər də rahatladır. Sorğuların təxminən dörddə bir hissəsinə cavab verirlər. Məsələn, 100 sorğudan 20-25-nə. Onun da 5-10-u vaxtında cavablandırılır. Qalanı qanunla müəyyənləşmiş 7 günlük müddəti aşır".

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG