Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:27

Qırğızıstanda keçmiş məhbus prezident seçilir


Sadır Caparov
Sadır Caparov

Qırğızıstanda 6.5 milyon nəfər yaşayır. Rəsmi nəticələrə görə, seçicilərin 80 faizindən çoxu prezident idarəçiliyinə qayıtmağı dəstəkləyir

Qırğızıstanda millətçi Sadır Japarov 10 yanvar prezident seçkisində qalib gəldikdən sonra ölkədə korrupsiya ilə mübarizə aparacağını, hökumətdə daha artıq şəffaflığı təmin edəcəyini bildirib.

Təxminən üç ay öncə ölkədə parlament seçkisindən sonra siyasi çaxnaşma yarandı və hakimiyyət dəyişikliyi baş verdi.

Səhvləri təkrarlamayacağıq”

Bişkekdə jurnalistlər qarşısında çıxış edən Japarov deyib ki, Qırğızıstanda dərin kök salmış korrupsiya ilə mübarizə prezident kimi onun prioritetlərindən olacaq. O, hökumətin gələcək fəaliyyətində daha çox “açıqlıq” və “şəffaflıq” yaradacağını söyləyib.

“Son 30 ildə korrupsiya həyatımızın hər bir sahəsində kök salıb. Ancaq bundan sonra onun davam etməsinə imkan verməyəcəyik. Keçmiş hökumətlərin səhvlərini təkrarlamayacağıq”, – Japarov vurğulayıb.

O, prezidentliyə digər namizədləri “şəxsi maraqları”nı kənara qoyaraq “ölkənin gələcəyi naminə” birlikdə işləməyə çağırıb.

Mərkəzi Seçki Komissiyası bülletenlərin demək olar hamısının sayıldığını, Caparovun 79 faiz səs yığdığını bildirib.

Prezident seçkisinə 17 namizəd qatılıb. Japarovun əsas rəqibi, millətçi Adaxan Madumarov cəmi 6.7 faiz səs yığıb.

Madumarov seçkinin ilkin nəticələrinin “reallıqdan uzaq” olduğunu deyərək “hüquqi vasitələrlə ədalətə nail olacağını” vəd edib.

Prezident idarəçiliyinin bərpası dəstəklənir

Seçkiylə eyni vaxtda keçirilən referendumun nəticələrinə görə, seçicilər prezident üsul-idarəsini dəstəkləyiblər. Bununla Caparovun səlahiyyətləri genişləndirilir.

Qırğızıstanda 6.5 milyon nəfər yaşayır. Rəsmi nəticələrə görə, seçicilərin 80 faizindən çoxu prezident idarəçiliyinə qayıtmağı dəstəkləyir. Cəmi 10.8 faiz mövcud parlament sistemini dəstəkləyib. 5 faizə yaxın seçici isə üçüncü varianta səs verib – “hamısına qarşı” çıxıb.

Seçicilərin 40 faizindən də azının seçkiyə getdiyi açıqlanıb. Ancaq bunun nəticəyə təsiri olmayacaq, çünki prezident seçkisində yetərsay tələbi yoxdur. Referendumun baş tutması üçünsə azı 30 faizlik iştirak vacibdir.

Seçici sayının azlığı havanın həddən artıq soyuq olmasıyla izah olunur. Bundan başqa, texniki problemlər 2 min 300-dən çox seçki məntəqəsində uzun növbələrin yaranmasına səbəb olub. Amma səsvermədə böyük qayda pozuntusu baş verməyib.

MSK seçki məntəqələrindən 60-dək şikayətin gəldiyini bildirir. Onların çoxu administrativ resurslardan istifadə, səslərin satın alınması ittihamları ilə bağlı olub.

Prezidentliyə namizəd Klara Surankulovanın seçki qərargahı “səslərin alınması” haqda xəbərlər gəldiyini desə də konkret hansı namizədin tərəfdarlarından söhbət getdiyini açıqlamayıb.

Son 15 ildə üçüncü dəfəydi hakimiyyət devrilirdi

4 oktyabr parlament seçkisinin nəticələri etirazlar nəticəsində ləğv olunmuşdu. Etirazçılar ovaxtkı prezident Suranbay Jeenbekova yaxın partiyaların xeyrinə səslərin irimiqyaslı şəkildə satın alınmasını pislədilər.

Etirazlarda bir nəfər öldürüldü. Bir gün sonra hökumət kənarlaşdırıldı və sonucda Jeenbekov istefa verməli oldu.

52 yaşlı Japarov isə iğtişaşlar zamanı etirazçıların həbsxanadan azad etdiyi siyasətçilər sırasında idi. Ona 2013-cü ildə ölkədə etiraz aksiyası zamanı girov götürməyə görə 10 il həbs cəzası kəsilmişdi. Özü isə ittihamı rədd edirdi.

2005-ci ildən Qırğızıstanda prezident və hökuməti üçüncü dəfəydi etirazçılar tərəfindən devrilirdi.

Sonradan Japarov baş nazir oldu, daha sonra deputatlar tərəfindən səsvermə nəticəsində prezidentin səlahiyyətini icra etməyə başladı.

Konstitusiya layihəsi üzrə ikinci referendumun martda keçiriləcəyi gözlənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG