Çin Vuhan şəhərində koronavirusun mənşəyini araşdıracaq Dünya Səhiyyə Təşkilatı (DST) ekspertlərini ölkəyə girişini yubadır.
DST rəhbəri Tedros Adhanon Qebreyesus yanvarın 5-də deyib ki, Çin hökumətinin alimlərə icazə verməyi hələ də yekunlaşdırmamasından “bərk məyus” olub. Komanda üzvlərindən ikisinin yola düşdüyü, qalanların səyahətinin isə son anda pozulduğu bildirilir.
Tedros jurnalistlərə deyib ki, bu missiyanın BMT-nin səhiyyə agentliyi üçün prioritet olduğunu “aydın şəkildə deyib” və ona “zəmanət verilib ki, Çin daxili prosedurları mümkün dərəcədə sürətləndirir”.
DST-nin fövqəladə vəziyyətlər üzrə başçısı Maykl Ryanın sözlərinə görə, yubanmanın səbəbi viza məsələləri ilə bağlıdır.
Çin tərəfi nə deyir
Çinin Xarici İşlər Nazirliyinin yanvarın 6-da bildirməsinə görə, “ekspert qrupunun səfərinin dəqiq tarixi və dəqiq təşkili” ilə bağlı danışıqlar gedir.
“Beynəlxalq ekspert komandasının Çində işinin rahat getməsi üçün biz gərəkən prosedurları aparmalıyıq”, – nazirliyin sözçüsü Hua Çunyinq deyib.
DST bir neçə aydır Çinə 10 nəfərlik missiya göndərməyə çalışır. Məqsəd pandemiyanın heyvandan insana necə keçdiyini araşdırmaqdır.
Dünyada koronavirus pandemiyası 1.9 milyonadək insanın ölümünə səbəb olub, 86 milyondan çox insanın yoluxduğu aşkarlanıb. Virus ilk dəfə bir il öncə Çinin mərkəzindəki Hubey vilayətinin Vuhan şəhərində aşkarlanıb.
İlkin olaraq ölümcül virusun şəhərdə ekzotik heyvanların satıldığı bazarda heyvanlardan insana sıçradığı güman olunurdu. Ancaq indi ekspertlər inanırlar ki, virus sadəcə olaraq bazarda çoxalıb.
Virusun mənşəyini yarasalardan aldığı da düşünülür. Ancaq onu yarasalarla insan arasında hansı heyvanın yaydığı bəlli deyil.