Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:20

Həmrəylik nədən asılıdır?


Bakıda Şuşanın azad olunması ilə bağlı şənliklər
Bakıda Şuşanın azad olunması ilə bağlı şənliklər

Hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur.

Bu il sentyabrın 27-də başlayan və 44 gün çəkən İkinci Qarabağ müharibəsi zamanı xalq birliyindən, həmrəylikdən çox danışıldı. Cəmiyyətin müxtəlif qrupları eyni mövqedən çıxış edərək dövlətin yanında olduqlarını bildirdilər.

Bəs İkinci Qarabağ müharibəsi bitəndən sonra həmin həmrəylik ölkədə qalırmı?

"Həmrəyliyin, prezident ilə bir olmağın hesabına…"

Milli Məclisin deputatı Aqil Abbas hesab edir ki, Azərbaycan xalqının həmrəyliyi savaş bitəndən sonra da qalmaqdadır.

Deputat "Turan" agentliyinə bildirib ki, xalq həmrəy olsa da, bu prosesi pozmaq istəyənlər də var: "Təbii ki, həmrəylik davam edir. Düzdür, müəyyən məsələləri qabardıb həmrəyliyini pozmaq istəyənlər var, amma bu alınmayacaq. Xalq həmrəy olmağa davam edəcək. Bizim başqa çıxış yolumuz yoxdur. Biz müharibədə həmrəyliyin, prezident ilə bir olmağın hesabına qalib gəldik. Bu, təkcə döyüşlər yox, ruh məsələsi idi".

A.Abbas
A.Abbas

A.Abbas qeyd edib ki, xalqın həmrəyliyini bərkitmək üçün müəyyən addımlar atılmalıdır: "İndi ölkənin qarşısında böyük işlər durur. Müharibənin vurduğu yaraları təmizləmək, iqtisadiyyatı gücləndirmək lazımdır. Koronavirusun fəsadları da qalmaqdadır. Bir ildir ölkədə yüz minlərlə adam öz işindən olub. Pandemiya bitməsə də, biz çıxış yollarını tapmalıyıq. Fikrimcə, pandemiyaya baxmayaraq müəyyən müəssisələr işləməlidir".

"Birliyimiz daha də bərkiyəcək"

Deputatın fikrincə, bərbərxanalarda, paltar mağazalarında adam çox olmur ki, onlar işləməsin: "Ora gələn müştərilərin sayı adi supermarketlərə gələnlərdən dəfələrlə azdır. Yəni, bütün bunları bağlamaqla görün nə qədər adam işsiz qalır. Bəli, milləti qorumaq lazımdır, amma ilk növbədə insanlar özü-özünü qorumalıdır. Cərimələri də artırmaq deyil, maarifçilik işini aparmaq lazımdır. Ölkənin qarşısında böyük işlər durur və bunları həyata keçirmək üçün güclü iqtisadiyyat olmalıdır".

Deputat vurğulayıb ki, ölkəyə xarici investorlar dəvət olunmalıdır: "Bu müharibədə yanımızda olan Türkiyədən, İsraildən, Pakistandan xarici investorları dəvət etmək lazımdır. Qarabağda bərpa işi ilə məşğul olan, həmin bölgədə çalışan müəssisələri beş illik vergilərdən azad etmək lazımdır. Bu işlərin hamısı görülsə, inkişaf da olacaq, ölkəmiz daha da inkişaf edəcək, birliyimiz daha də bərkiyəcək".

"Ölkədə hüquqi dövlətin yaranması zərurəti var"

Müsavat Partiyasının başqanı Arif Hacılı isə AzadlıqRadiosuna bildirib ki, müharibə günlərində olduğu qədər olmasa da, həmrəylik müəyyən qədər qalmaqdadır: "Həmrəyliyin davamlı olması üçün ilk növbədə ölkədə iqtidarla müxalifət arasında olan münasibətlərin sivil müstəvidə olması, hüquqi bir dövlətin, demokratik cəmiyyətin yaranması zərurəti var. Əgər belə olarsa, təbii ki, ölkədə vətəndaşların ümumi ideyaların ətrafında birləşməsi davamlı ola bilər".

A.Hacılı
A.Hacılı

Partiya rəhbəri vurğulayıb ki, bu məsələ ilk növbədə Azərbaycan hakimiyyətindən asılı olacaq: "Təəssüf ki, bu məsələlərdə hakimiyyətin siyasəti ardıcıl deyil. Bir misal gərim: Mən dekabrın 31-i Həmrəylik Günü münasibətilə qızıl amnistiyanın verilməsini təklif etmişdim. Siyasi şəraitə, həmrəylik mühitinə, postmüharibə dövrü olduğuna, eyni zamanda, pandemiya dövrünün çətin bir mərhələsində olduğumuza görə bu, kifayət qədər məntiqli təklif idi deyə, cəmiyyət tərəfindən də çox müsbət qarşılanmışdı. Təəssüf ki, hakimiyyət bu addımı atmadı. Bu tipli davranışlar həmrəyliyə xələl gətirir".

A.Hacılı deyib ki, bununla belə, Müsavat Partiyası ölkədə həmrəylik mühitinin bundan sonra da qorunub saxlanması üçün ondan asılı olan hər şeyi edəcək.

44 günlük savaş

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Xatırlatma

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 28 ildir ki, bu bayram Azərbaycanda rəsmən qeyd edilir.

Bu bayramın əsası 1989-cu il dekabrın sonlarında Sovet Azərbaycanı ilə İran sərhədinin dağılması zamanı qoyulub. Elə həmin vaxt İstanbulda Dünya Azəri Türk Dərnəyinin birinci qurultayında dekabrın 31-nin həmrəylik günü kimi qeyd olunmasına dair qərar verilib.

1992-ci ildə prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə isə bu qərar rəsmiləşdirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG