Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 04:36

Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətlərinin rəhbərləri görüşüb


Moskvada görüş. 30 dekabr 2020

Dekabrın 30-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun vasitəçiliyi ilə Moskvada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla görüşüb.

Bu barədə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb.

Məlumata görə, görüşdə 10 noyabr tarixli üçtərəfli Bəyanatdan və beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsinin hazırkı vəziyyəti müzakirə edilib. Habelə, sərhəd təhlükəsizliyi, işğaldan azad olunmuş ərazilərdə terrorçuluqla mübarizə məsələsi nəzərdən keçirilib: "Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, girov götürülmüş şəxslərin taleyinin aydınlaşdırılması, meyitlərin basdırıldığı yerlərin müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb".

Açıqlamaya görə, eyni zamanda, zərurət yaranacağı təqdirdə məlumat mübadiləsi üçün müvafiq əlaqə kanalının təşkilinin vacibliyi də qeyd edilib.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, 4 qəsəbəni və 5 şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Bəyanatın imzalandığı bu müddət ərzində tərəflər əsirlərin dəyişdirilməsi kimi bir sıra humanitar tədbirlər də həyata keçiriblər.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Multimedia

XS
SM
MD
LG