Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 07:36

Xankəndi aeroportunun sabah açılacağı gözlənir


Xankəndi aeroportu

Hava limanı ərazisinin minalardan tam təmizləndiyi, mühəndis-texniki baxımdan hazır olduğu xəbər verilir

Qarabağın mərkəzindəki Xankəndi (Xocalı) aeroportunun sabah – dekabrın 25-də açılacağı bildirilir. Bu haqda erməni mənbələri məlumat yayıb.

Hava limanı ərazisinin minalardan tam təmizləndiyi, mühəndis-texniki baxımdan hazır olduğu xəbər verilir.

Xankəndi aeroportu hələ 2012-ci ildə təyyarələri qəbul etməyə hazır idi, amma rəsmi Bakı buna qarşı çıxırdı. O zaman Azərbaycan rəsmiləri bu aeroportdan qalxan təyyarələri vurmaq hüququ olduğunu deyirdi.

AZAL “qlobal inkişafa” töhfədən danışır

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin adından yayılmış atəşkəs bəyanatın 9 -cu bəndində deyilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Həmin bəyanata uyğun olaraq Rusiya sülhməramlıları Azərbaycanla Ermənistanın təmas xəttinə yerləşdirilib.

AZAL QSC-nin noyabrın 25-də yaydığı məlumata görə, Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) reyestrinə daxil edilir. Ümumilikdə Azərbaycandan 6 – Zabrat, Yevlax, Naftalan, Ağdam, Fizuli və Xankəndi hava limanları reyestrə salınıb. Xocalı hava limanı ICAO-nun xüsusi kodu ilə Azərbaycanın mülkiyyəti kimi təsbit olunub.

“İşğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub. Həmin ərazidəki mülki aviasiya infrastrukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib”, – AZAL bildirirdi.

Qurumun məlumatına görə, uzun illər işğal altında qalmış ərazilər üzərində aeronaviqasiya təminatı bərpa ediləcək və “bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişafına kömək edəcək”.

Beynəlxalq status nə deməkdir?

Ancaq Azərbaycanda müstəqil müşahidəçilər bu xəbəri birmənalı qarşılamadılar. İqtisadçı Qubad İbadoğlu Facebook səhifəsində yazırdı ki, Füzulidə və Ağdamda nəinki hava limanı heç daş-daş üstə qalmayıb. “Yeni aeroportun tikilməsi də bir neçə il sürə bilər. Belə olan halda Xankəndi hava limanına beynəlxalq aeroport statusu verilməsi bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, onlar müstəqil olaraq dünyanın istənilən yerinə uça və eyni zamanda istənilən xarici ölkədən birbaşa qonaq və turist, yük və poçt qəbul edə biləcəklər”, – iqtisadçı vurğulayırdı.

Azərbaycan rəsmiləri isə bu deyilənlərə münasibət bildirməyiblər. Amma yerli mediada yayılan xəbərlərdə Qarabağın hava məkanının Azərbaycana məxsus olduğu, burada istənilən uçuşun yalnız rəsmi Bakının icazəsi ilə mümkün olacağı vurğulanır.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin də Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Şərhlər

XS
SM
MD
LG