Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:35

Paşinyan: 'Azərbaycanla sərhəddə demarkasiya getmir'


Yerevanda etirazçılar
Yerevanda etirazçılar

Məlumatlara görə, Syunik vilayətində bir çox yaşayış məntəqələri sərhəd xəttinə düşür, bəzi yerlərdə tərəflər arasındakı məsafə bir neçə yüz metr olacaq

Ermənistanla Azərbaycanın sərhədində demarkasiya və delimitasiya prosesi getmir, sadəcə, bəlli sərhəd nöqtələrinin yeri müəyyən edilir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 24-də hökumətin iclasında deyib.

Baş nazir Ermənistanın təhlükəsizliyini təmin etdiklərini vurğulayıb.

“Hökumət kompensasiya təklif edəcək”

“Syunik ərazisindən, ümumiyyətlə, Ermənistan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisindən bircə millimetrin belə verilməsindən söhbət gedə bilməz. Digər tərəfdən, bu proseslərə sərhədlərin demarkasiyası, delimitasiyası kimi baxmaq olmaz, bunlar tamam başqa məsələlərdir. İndiki mərhələdə sadəcə, bəlli sərhəd nöqtələrinin yeri müəyyən edilir və məqsəd təhlükəsizliyin təminatıdır”, – Paşinyan söyləyib.

Onun sözlərinə görə, sərhəd nöqtələrinin yerinin müəyyənləşdirilməsi işinin nüansları və çətinlikləri var və bu, Syunikin və ümumilikdə, Ermənistanın təhlükəsizliyinin təminatı baxımından vacibdir.

“İki yaşayış məntəqəsi ilə bağlı müəyyən məsələlər yarana bilər. Söhbət Vorotan və Şurnix qəsəbələrindən gedir. Orada sərhədlə bağlı bəzi məsələlər var, gündəlik iş aparılır, ağrılı situasiyalara gətirə bilər. Amma sizi əmin edirəm, vətəndaşların maraqları baxımından məsələ çıxsa, hökumət tam kompensasiya təklif edəcək”, – Paşinyan deyib.

Sərhəddə nə baş verir?

Azərbaycan-Ermənistan sərhədinin dəqiqləşdirilməsinə dekabrın 18-də başlanıb. İşin sovet dövrü xəritələrinə uyğun aparıldığı bildirilir.

Məlumatlara görə, Syunik vilayətində bir çox yaşayış məntəqələri sərhəd xəttinə düşür, bəzi yerlərdə tərəflər arasındakı məsafə bir neçə yüz metr olacaq.

Sovet dövrü xəritələrində Şurnux kəndinin bir hissəsi, bəzi yollar Azərbaycan ərazisindədir. Sərhədlərin dəqiqləşdirilməsi etirazlar yaradıb, baş nazirin istefası tələbi səsləndirilib.

Bütün bunlar Ermənistan tərəfdən əldə olunan məlumatlardır. Azərbaycanda isə sərhədlərin demarkasiyası ilə bağlı ictimaiyyətə heç bir rəsmi informasiya açıqlanmayıb.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin də Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG