Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:28

Xanımı Əfqan Sadıqovla telefonla danışıb


Ə.Sadıqov

Bu gün, dekabrın 22-də Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqov ilə xanımı telefonla danışıb.

Bu barədə AzadlıqRadiosuna onun xanımı Sevinc Sadıqova məlumat verib: "Əfqanla bu gün, dekabrın 22-də telefonla danışdım. 50 günə yaxındır ki, aclıq edir, vəziyyəti ağır olaraq qalır. Müxtəlif instansiyalara müraciətlər edirəm, müraciətlərimizə cavab verilmir. Ona görə də ümidsiz qalmışam".

Onun deməsinə görə, Ə.Sadıqov ona telefon söhbətində vəziyyətinin daha da ağırlaşdığını bildirib, apellyasiya məhkəməsinə şikayətin nə yerdə olması ilə maraqlanıb.

S.Sadıqova deyir ki, Ə.Sadıqovun sənədləri Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib: "Amma ora göndərilməsinin səbəbini bilmirəm. Üç-dörd gün öncə Sumqayıt Apellyasiya Məhkəməsinə getdim. Bir xeyli hay-küydən sonra məlum oldu ki, Əfqanla bağlı iş Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olub. Apellyasiya şikayəti üzrə məhkəmə dekabrın 25-nə təyin edilib".

Ombudsman Aparatından Ə.Sadıqovla bağlı açıqlama

Ombudsman Aparatından "Turan" İnformasiya Agentliyinə bildiriblər ki, Ə.Sadıqovun səhhəti gündəlik diqqət mərkəzindədir.

Qurum Penitensiar Xidmətin Müalicə Müəssisəsinə istinadən Ə.Sadıqovun səhhəti ilə bağlı bunları bildiriblər: "Bu günə, dekabrın 22-nə olan məlumata görə, Əfqan Sadıqovun təzyiqi 120/70-dir. Tənəffüsü, psixi durumu normaldır. Vəziyyəti orta-ağır sayılır. Qida qəbul etmir, ötən həftə sonunda ailəsi ilə görüşüb".

Ombudsman Aparatından bildiriblər ki, dekabrın 25-də Sumqayıt Apellyasiya Məhkəməsində Ə.Sadıqovun apellyasiya şikayətinə baxılacaq: "Ə.Sadıqovun əsas tələbi məhkəmənin obyektiv keçirilməsidir. Saxlanma şəraitindən, rəftardan narazılığı yoxdur".

Azel TV saytının rəhbəri Ə.Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.

Xatırlatma

Ə.Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərə inzibati qaydada həbs edilib. Ə.Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

XS
SM
MD
LG