Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 11:55

"Uşağa demək olmur ki, gözlə..."


Bazarda yanğın. Foto arxiv
Bazarda yanğın. Foto arxiv

Ağsudakı mərkəzi bazardan onlarla adam ailəsinə çörək aparır. 2018-ci ilin aprelində bazarda yanğından sonra onların bir qismi bu imkanı itirib. Yanğın nəticəsində dəymiş ziyanın ödənməsindən ötrü üçüncü ildir ki, sığorta şirkəti ilə çəkişirlər.

Ağsu bazarı "AzSığorta" tərəfindən icbari şəkildə sığortalanıb. Bazarın təsisçilərindən Varis Nəzərov AzadlıqRadiosuna bildirib ki, yanğından dərhal sonra hadisə barədə sığorta şirkətinə xəbər verilib, nümayəndə gəlib yerində araşdırma aparıb. V.Nəzərovun sözlərinə görə, bina sığortalansa da, içindəki daşınar əmlak sığortalı deyildi: "Biz daşınmaz əmlak üzrə 150 min manata qədər ziyan hesablamışdıq. Amma sığorta şirkəti bu rəqəmlə razılaşmadı. Axırda 76 min ziyan saydılar".

V.Nəzərovun sözlərinə görə, həm təsisçilər, həm də bazarda işləyənlər sığorta ödənişini gözləmədən toplaşaraq, öz hesablarına yanan tikililəri bərpa ediblər. "AzSığorta" deyilən məbləği ödəməkdən imtina edib: "Dedilər ki, cəmi 15 min manat ödəniş hesablanıb. Müxtəlif dövlət orqanlarına şikayət elədik. Bundan sonra 27 min manata qaldırdılar. Ona görə məhkəməyə verdik".

"Sığorta üç ilə yaxındır ki, bizi süründürür"

Bazarda işləyənlərdən Nizam Nəhmədov AzadlıqRadiosuna bildirib ki, borc götürərək işlədiyi yeri bərpa etdiriblər: "Fikirləşdik ki, sığorta pulu ödəniləndə borcu qaytararıq. Çünki gözləmək mümkün deyildi. Oradan nə qədər adam ailəsinə çörək aparır. Evdə uşaqlara demək olmur ki, "gözləyin, sığorta şirkəti pulu verəndə bərpa eləyib işləyəcəyik". Sığorta da üç ilə yaxındır ki, bizi süründürür".

Bu mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim məhkəmənin gedişində dəymiş ziyanın müəyyənləşdirilməsi üçün ekspertiza təyin edib. Ekspertlər 75 min manatlıq ziyan müəyyənləşdirib. Hakim Səbinə Nuriyeva bu məbləğin ödənilməsi barədə qərar çıxarıb.

"AzSığorta" bu qərardan narazı qalıb və apellyasiya şikayəti vermək niyyətindədir. Şirkətin nümayəndəsi məhkəmədə də bildirib ki, Ağsu bazarında yanğın baş verən hissələr (çörək və şirniyyat bişirilən hissə, mühasibatlıq, ofis və s.) sığortalı olmayıb. Şirkət təmsilçisinin sözlərinə görə, bazarın yalnız meyvə-tərəvəz satılan, talvar hissəsi sığortalanmışdı.

Bazarın təmsilçiləri isə bu arqumentlə razılaşmır: "Bir var, sadəcə əmlak, bir də var, əmlak kompleksi. Bazar əmlak kompleksidir, ora daxil olan bütün hissələr sığortalıdır. Bazarın sığortası da icbaridir. Əgər sığortalanmasaydı, o zaman inzibati qaydada məsuliyyətə cəlb olunardıq".

"Hər birindən 10 şikayət olsa..."

Vəkil Tural Şükürov AzadlıqRadiosuna bildirib ki, hazırda sığorta ödənişi ilə bağlı məhkəmə çəkişmələri yetərincə çoxdur. Vəkilin sözlərinə görə, dövlət müəyyən sahələrə, vətəndaşlara təminat məqsədilə icbari sığorta mexanizmi hazırlayır. Məqsəd də budur ki, hər hansı hadisə baş versə, vətəndaş çarəsiz vəziyyətdə qalmasın: "İcbari sığorta da bu məqsədə xidmət etməlidir. Amma təəssüf ki, bir sıra hallarda sığorta şirkətləri dövlətin mexanizmlərindən sui-istifadə edir".

Vəkil vurğulayıb ki, sığorta sahəsinə nəzarət Mərkəzi Bankın səlahiyyətindədir: "Mərkəzi Bankda bu sahə üzrə İstehlakçılarla iş departamenti var. Departamentdə bu işlərlə cəmi iki nəfər məşğul olur. Ölkədə 35 sığorta şirkəti var. Hər birindən 10 şikayət olsa, görün hara çıxır? Bunları cəmi iki nəfər araşdırır. Keyfiyyətli iş, effektiv nəticə olmayanda da səhlənkarlıq, özbaşınalıq çoxalır".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG