Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:38

Minsk qrupu həmsədrlərinə Yerevanda nə deyildi


Həmsədrlər N.Paşinyanla görüşdə, 14 dekabr, 2020-ci il
Həmsədrlər N.Paşinyanla görüşdə, 14 dekabr, 2020-ci il

Paşinyan deyib ki, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpasını vacib hesab edir

ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərlə bağlı birgə bəyanat yayıblar. Rusiya Federasiyasından İqor Popov, Fransada Stefan Viskonti, ABŞ-dan Endryu Şoferin adından bəyanat dekabrın 14-də yayılıb.

Həmsədrlər dekabrın 12-13-də Bakıda, 13-14-də isə Yerevanda olublar. Onlar Bakıda Prezident İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramov, Yerevanda isə Baş nazir Nikol Paşinyan və Xarici işlər naziri Ara Ayvazyan ilə görüşüblər. Rusiyalı həmsədr İqor Popov səfərə çıxa bilmədiyindən onu Bakıda Rusiyanın səfiri Mixail Boçarnikov, Yerevanda isə Rusiyanın müvəqqəti işlər vəkili Aleksey Sinequbov təmsil edib.

Beynəlxalq təşkilatların rolu

Tərəflər hər iki paytaxtda yerində vəziyyəti dəyərləndiriblər və gələn il üçün həmsədrlərlə qarşılıqlı fəaliyyətlə bağlı öz gözləntilərini səsləndiriblər. Son hərbi əməliyyatlara toxunan həmsədrlər tərəfləri “vəziyyəti öz öhdəliklərinə uyğun olaraq sabitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırıblar”. Onlar Ermənistanı və Azərbaycanı əsirlərin mübadiləsini ən qısa müddətdə başa çatdırmağa və BQXK ilə koordinasiyalı şəkildə əsgər meyitlərinin qalıqlarının müəyyənləşdirilməsini və geri qaytarılmasını sürətləndirməyə səsləyiblər.

Həmsədrlər qalan bütün substantiv məsələlərin hərtərəfli və davamlı həllinə tərəfdar olduqlarını bildiriblər. Onlar daha müsbət bir mühit yaratmaq üçün qızışdırıcı ritorikanın azaldılmasının vacibliyini vurğulayıblar. “Həmsədrlər və tərəflər münaqişənin təsirinə məruz qalmış əhaliyə humanitar yardımın təşviqi, mədəni və dini irsin qorunmasına beynəlxalq təşkilatların cəlbinin vacibliyini vurğulayıblar”, – bəyanatda deyilir.

Paşinyan yenə status məsələsini qaldırıb

AzadlıqRadiosunun Ermənistan xidməti həmsədrlərin Baş nazir Nikol Paşinyanla görüşündən yazır. Paşinyan deyib ki, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpasını vacib hesab edir.

Baş nazir aparatının məlumatına görə, Paşinyan qarabağlıların öz müqəddəratını təyinetmə hüququnu nəzərə alaraq Dağlıq Qarabağın statusunun dəqiqləşdirilməsinin, Qarabağ ermənilərinin “öz evlərinə təhlükəsiz qayıtması üçün şərait yaradılmasının” vacibliyini vurğulayıb.

Azərbaycan tərəfsə Dağlıq Qarabağın statusunun artıq gündəmdə olmadığını bildirir. 9 noyabrda açıqlanmış üçtərəfli atəşkəs bəyanatına statusla bağlı müddəa salınmasa da, Ermənistan rəsmiləri bu məsələni səsləndirməkdə davam edirlər.

Dekabrın 12-də Prezident İlham Əliyev Bakıda həmsədrlər ilə görüşündə onları səfərə dəvət etmədiyini deyib. Prezident Minsk qrupunun münaqişənin həllində heç bir rol oynamadığını qeyd edib. “Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik”, – prezident vurğulayıb.

Xatırlama

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG