Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 14:47

Xanımı Əfqan Sadıqovla görüşüb


Ə.Sadıqov

Bu gün, dekabrın 11-də Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova onunla Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşüb.

S.Sadıqovanın sözlərinə görə, ərinin vəziyyəti çox ağırdır: "Əfqan bir aydan çoxdur aclıq edir. Vəziyyəti o qədər ağırdır ki, özü yeriyə bilmir, onu araba ilə, ya da qoluna girib gəzdirirlər. Əfqanın 90 kilo çəkisi var idi, indi 60-a düşüb. Üstəlik də, böyrəyində problem yaranıb".

S.Sadıqova qeyd edib ki, Müalicə Müəssisəsində Ə.Sadıqova lazım olan tibbi yardım göstərirlər, lakin vəziyyəti ağırdır: "Əfqan qanunsuz məhkəmə qərarına etiraz edir. Mən hər yerə müraciət etmişəm, amma nəticə yoxdur. Əfqan hökmən ölməlidir ki, ölkə başçısı və aidiyyəti qurumlar reaksiya versin. Apellyasiya məhkəməsində proses olmalı idi, amma o da təxirə salınıb. Əfqan jurnalist fəaliyyətinə görə həbs olunub, onun azadlığa buraxılmasını tələb edirəm".

Bu fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Azərbaycanda rəsmilər, bir qayda olaraq, sifarişli həbslər ilə bağlı deyilənləri qəbul etmirlər.

Xanımı Ə.Sadıqovun həyatından narahatdır

Ailəsi Azel TV saytının rəhbəri, noyabrın 4-dən həbsdə aclıq aksiyasına başladığını açıqlayan Əfqan Sadıqovdan narahatdır. Onun həyat yoldaşı Sevinc Sadıqova AzadlıqRadiosuna deyib ki, Ə.Sadıqovu artıq iki həftədir görə bilmir: "Hələ onda özü gəzə bilmirdi, araba ilə gətirmişdilər".

Xanımının deməsinə görə, Ə.Sadıqov artıq 37 gündür ki, aclıq edir: "25 kiloqrama yaxın çəki itirib. Həkimlər analiz üçün ondan qan götürə bilmirlər. Artıq gəzə bilmir, ayağa durmaq istəyəndə müvazinətini itirib yıxılır...".

S.Sadıqovanın sözlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi müxtəlif səbəblər gətirərək ona həyat yoldaşı ilə görüş vermir: "Təcridxanaya gedirəm. Mənə deyirlər ki, xəstəxanadadır. Xəstəxanaya gedirəm, deyirlər ki, orada yoxdur. Həyat yoldaşımın yerini müəyyən etmək üçün Ombudsman Aparatına müraciət edirəm. Ombudsman Aparatı xəstəxanaya müraciət edir, xəstəxanadan isə deyirlər ki, Əfqan Sadıqov ora aparılmayıb".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Amma bir müddət öncə bu qurumun mətbuat xidmətindən Ə.Sadıqovun aclıq aksiyası keçirdiyi ilə bağlı məlumatı təsdiqləməmişdilər.

Lakin dekabrın 3-də Ombudsman Aparatının yaydığı məlumatda Ə.Sadıqovun aclıq aksiyası keçirdiyini bildirdiyi qeyd olunmuşdu. "Qəbulda Əfqan Sadıqov barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib. MPQ-nin (Milli Preventiv Qrupunun) həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib", - Ombudsman Aparatının məlumatında vurğulanırdı.

Azel TV saytının rəhbəri Ə.Sadıqov bu ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.

Xatırlatma

Ə.Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərə inzibati qaydada həbs edilib.

Ə.Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

XS
SM
MD
LG