Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 05:07

Paşinyan: ‘Seçicilərin 7 faizinin dəstəklədiyi qüvvə...’


Nikol Paşinyan parlamentdə

Dekabrın 9-da Araqatsotnsk vilayətinin Aparan rayonunda bir neçə kəndin sakinləri Paşinyana dəstək aksiyaları keçiriblər.

Ermənistanın Baş naziri Nikol Paşinyan deyir ki, onun istefasını tələb edənlərin 90 faizi 2018-ci ilin iyunundan, məxməri inqilabdan dərhal sonra onun getməsini istəyənlərdir.

Baş nazirin istefasını tələb edənlər Ermənistanda hakimiyyətsizlik, yaxud oyuncaq hökumət yaratmaq istəyirlər. Dekabrın 9-da parlamentdə çıxışında belə deyən Paşinyan sual edib ki, niyə bu qüvvələr onun istefası əvəzində vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini tələb etmirlər.

Parlamentdə hökumət saatında müxalifətin “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan baş naziri istefaya çağıranların siyahısını təqdim edib. Siyahıda katolikosdan tutmuş, müxtəlif yaşayış məntəqələrinin başçıları da var. Marukyan daha sonra Paşinyana müraciətlə deyib ki, hökumət başçısı buna cavab olaraq yalnız müxtəlif kadr yerdəyişmələri aparır, ancaq baş nazir istefa vermədən məsələ həll olunmur.

“Xalqın adından xalq danışa bilər”

“Bəs niyə siz, eləcə də parlamentdəki qüvvələr vaxtından əvvəl parlament seçkiləri tələb etmirsiz? Niyə bu siyasi qüvvələr, elita nümayəndələri yalnız bir məqsədə xidmət edən ssenarilər təklif edir – xalqı prosesdən çıxarmağı, həm də dönüş olmadan? Baxın, indi adı çəkilən siyasi qüvvələr nə təklif edir: Ermənistanda hakimiyyətsizliyi, yaxud oyuncaq hakimiyyət qurmağı. Niyə? Çünki onlar baş nazir postuna xalqın dəstəkləmədiyi, parlamentdə dayağı olmayan namizəd irəli sürürlər...” – Paşinyan deyib.

Müxalifət qüvvələri keçmiş baş nazir Vazgen Manukyanı aralıq baş nazir postuna namizəd göstərib. Şərtlərə görə, bir il ərzində vaxtından əvvəl seçki keçirilməli, ancaq o, seçkiyə qatılmamalıdır.

Paşinyan isə deyir ki, bu bir il ərzində saxtalaşdırmanın bütün mexanizmləri bərpa olunacaq və Ermənistan yenidən seçkilərin saxtalaşdırılması mərhələsinə qayıdacaq.

“Seçicilərin 7 faizinin dəstəklədiyi qüvvə xalqın adından necə danışa bilər, hələ bunu demirəm. Hələ demirəm ki, xalqın adından xalq danışa bilər. Mənə də qəribə gəlir ki, xalqın öz sözünü demək imkanı olacağı mübahisəsiz və birmənalı mexanizm təklif olunmur”, – baş nazir vurğulayıb.

Kənd sakinləri etiraz edir

Dekabrın 9-da Araqatsotnsk vilayətinin Aparan rayonunda bir neçə kəndin sakinləri Paşinyana dəstək aksiyaları keçiriblər. Bu haqda da AzadlıqRadiosunun Ermənistan xidməti yazır.

Sakinlər kənd başçılarının baş nazirin istefası tələbiylə razılaşmadıqlarını deyiblər. “Biz onlara deyirik ki, haqlı deyilsiz. Biz baş nazirin tərəfindəyik. Onlar kənd icra başçıları kimi öz şəxsi fikirlərini bildirə bilməzlər”, – etiraza yığışanlardan biri deyib.

Ancaq Şenavan kənd administrasiyasının rəhbəri Jirayr Kazaryan deyib ki, Aparan rayonunun birləşmiş icması onların şəxsi rəyini soruşub və o da deyib ki, Paşinyan postunda qalmamalıdır.

Ancaq Kazaryan kənd sakinlərinin mövqeyinin onunkundan fərqləndiyini də etiraf edib. “Əhalinin 90 faizi Paşinyanı dəstəkləyirsə, hər şeyə rəğmən xalqın yanındayam”, – o bildirib.

Azərbaycan qüvvələri sentyabrın 27-dən noyabrın 9-dək Dağlıq Qarabağ ətrafındakı dörd rayonu, eləcə də Şuşa şəhərini, Hadrut qəsəbəsini işğaldan azad edib. Noyabrın 10-da açıqlanmış atəşkəs sazişi ilə qalan 3 rayon da dekabrın 1-dək Azərbaycana qaytarıldı. Eyni zamanda tərəflərin təmas xəttinə və Laçın dəhlizinə 2 min Rusiya sülhməramlısı yerləşdirilib.

Atəşkəs bəyanatı açıqlanandan sonra Ermənistanda etirazlar başlanıb. Müxalifət Baş nazir Nikol Paşinyanın istefasını, yeni seçki keçirilməsini tələb edir.

XS
SM
MD
LG