Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:40

Ölkə var, bir sakinə 5 dəfə peyvənd vurulacaq, ölkə də var... – Qərb mediası


Londonda 87 yaşlı Rocer Şou peyvənd olunub
Londonda 87 yaşlı Rocer Şou peyvənd olunub

Söhbət dünyanın 70 azgəlirli ölkəsindən gedir. Onlardan hər 10-nun 9-nun vaksin əldə edə bilməyəcəyi bildirilir

Koronavirusa qarşı vaksinlərin hazırlanması və tədarükü hazırda dünyada ən çox müzakirə olunan mövzulardandır. Zəngin ölkələr potensial vaksinlərin 53 faizini əldə edəcək, hər 10 yoxsul ölkədən 9-u isə heç peyvənd tapmayacaq. Bunu “The Guardian” qəzeti yazır.

Söhbət dünyanın 70 azgəlirli ölkəsindən gedir. Onlardan hər 10-nun 9-nun vaksin əldə edə bilməyəcəyi bildirilir.

Britaniyada artıq peyvəndləmə başlanıb. Xalq Vaksin Alyansı xəbərdarlıq edir ki, zəngin ölkələrin vaksin sövdələşmələri yoxsulların taleyin hökmünə buraxılması deməkdir. Dünya əhalisinin 14 faizinin yaşadığı zəngin ölkələr artıq vaksinlərin 53 faizinin almaqla bağlı razılaşma əldə edib.

Məsələn, Kanada digər ölkələrlə müqayisədə əhalisi üçün adambaşına daha çox vaksin tədarükü görüb – hər bir kanadalı beş dəfə peyvənd oluna bilər. Amnesty International, Frontline AIDS, Global Justice Now və Oxfam təşkilatlarının daxil olduğu alyans bildirir.

“Heç kəs yaşadığı ölkəyə, yaxud cibindəki pulun məbləğinə görə həyatını xilas edəcək vaksindən kənar qalmamalıdır”, – Oxfam-ın səhiyyə siyasəti meneceri Anna Mariot deyib.

“Zəngin ölkələr hər kəsi az qala üç dəfə peyvənd edəcək qədər doza tədarükü görüb, kasıb ölkələrdə isə heç tibb işçiləri və risk qrupunda olanlara yetəcək qədər peyvənd yoxdur”, – Xalq Peyvəndi Alyansından Dr.Mohqa Kamal Yanni vurğulayıb.

Britaniya vaksin yarışını necə qazandı

“The Washington Post” qəzeti isə Britaniyanın Qərbin vaksin yarışında qalib olmasından yazır.

Britaniya Qərbdə ilk ölkə olaraq dekabrın 8-dən peyvəndləməyə başlayıb. Klinik sınaqlardan kənar ilk vaksinin vurulduğu 90 yaşlı Marqarit Kinən deyib ki, bu, ad gününə ən yaxşı erkən hədiyyədir, çünki ailəsi və dostları ilə vaxt keçirmək istəyir.

Məqalədə Britaniyanın dərman tənzimləyici orqanlarının çevikliklə bağlı nüfuz qazandığı deyilir. Onlar şirkətlərin təqdim etdiyi dataya daha çox etibar edirlər, nəinki öz həmkarlarının hazırladığına. Üstəlik, data yayılan kimi onu çevikliklə nəzərdən keçirir, eyni vaxtda çoxsaylı yoxlama prosedurunu işə salırlar.

Elə ölkənin səhiyyə naziri Mət Hənkok da ötən həftə deyirdi ki, tənzimləyici orqanlar “data çıxdıqca onu nəzərdən keçirib, işləri paralel görüblər”.

Nazir iddia edib ki, Britaniyanın Avropa Birliyindən çıxması onun vaksini daha tez təsdiqləməsinə yol açıb. Ancaq ekspertlər bu ideyaya şübhəylə yanaşırlar. AB üzvləri vaksini təcili təsdiqləyə bilərdilər, amma qurumun kollektiv prosesini gözləməyə üstünlük veriblər. AB liderləri ehtiyat ediblər ki, birtərəfli hərəkətlər vaksinə inamı sarsıda bilər.

Birləşmiş Ştatlar və AB bir neçə günə, yaxud həftəyə Pfizer-BioNTech vaksinini təsdiqləyə bilər.

Ağ ev Pfizer-dən 100 milyon doza sifariş edib...

“The Washington Post” başqa bir məqaləsində Ağ evin Pfizer vaksinindən daha çox tədarük görməməsinə diqqət çəkir. Tramp administrasiyası ilkin olaraq bu şirkətdən 100 milyon doza vaksin sifariş edib. Artıq digər ölkələr məhdud istehsalı “qamarlayıb” deyə, Ağ ev əlavə vaksin almaq üçün iyuna, yaxud iyuladək gözləməli olacaq.

Azərbaycan koronavirus vaksinini nə vaxt alacaq? - TƏBİB-dən açıqlama
Gözlə

No media source currently available

0:00 0:06:31 0:00

Rəsmilər qərarı müdafiə edirlər. Onların arqumenti belədir ki, Birləşmiş Ştatlarda hazırlanan Moderna vaksini bir neçə həftəyə təsdiqlənəcək. Ancaq məsələ ondadır ki, hər iki vaksinin iki dozası vurulmalıdır. Yəni, 100 milyon doza əslində 50 milyon nəfərin peyvəndlənməsi deməkdir ki, bu da əhalinin çox az hissəsini təşkil edəcək.

Pfizer vaksinlərinin böyük hissəsini Avropa Birliyi və Yaponiya tədarük edib. Amma qəzet onu da qeyd edir ki, xeyli vaksin sifariş eləmiş, yaxşı soyuq saxlanc infrastrukturu olan Birləşmiş Ştatlar yenə də qlobal vaksin sifarişlərinin başında durur. Yoxsul ölkələr isə sakinlərini vaksinlə tam təmin etmək üçün 2024-cü ili gözləməli olacaqlar.

Yaponiya hökuməti hələ iyulda Pfizer ilə böyük bir sövdələşmə əldə olunduğunu açıqlayıb – 2021-ci ilin birinci yarısında 120 milyon doza təchiz olunacaq.

Pfizer oktyabrdan Yaponiyada kiçikmiqyaslı sınaqlara başlayıb. Bu ölkə vaksin məsələsində xüsusi çevikliyi ilə seçilib. Çünki bu ilin Olimpiya oyunları gələn yaya keçirilib. O vaxtadək 120 milyon dozanın nə qədər hissəsinin Yaponiyaya çatdırılacağı bəlli deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG