Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:35

Karantin uzadıldı və yenə sərtləşdirildi


Bakıda karantin
Bakıda karantin

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yanvarın 31-dək uzadılır.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qurum bildirir ki, Azərbaycanda son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib.

Qərara görə, ölkə üzrə xüsusi karantin yanvarın 31-i saat 06:00-dək uzadılır. Habelə, bu il dekabrın 14-ü saat 00:00-dan 2021-ci il yanvarın 18-i saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Qeyd edilir ki, həmin müddətdə ölkənin bütün ərazisində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş iş, xidmət sahələri istisna olmaqla digər sahələrdə fəaliyyət dayandırılır. Bütün ticarət, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe, çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.

Bakı və daha 16 şəhər-rayonda...

Eyni zamanda, operativ, xüsusi təyinatlı nəqliyyat vasitələrinin, yükdaşıyan avtomobillərin və Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla Bakı və bir çox yerlərə giriş-çıxış dayandırılır. Söhbət Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, Abşeron Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərindən gedir. Həmin yerlərdə hərəkət məhdudiyyəti də tətbiq edilir. Amma Nazirlər Kabinetinin qərarı əsasında müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda, qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar icaze.e-gov.az portalına daxil edildikdən sonra o ərazilərdə hərəkət edə bilərlər.

SMS-lə icazə bərpa edilir

Üstəlik, həmin yaşayış mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini, olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə ilə icazə verilir.

SMS-icazə 3 saat müddətinə gündə 1 dəfə verilir.

Metro yanvarın 31-dək işləməyəcək

Bütün bunlardan başqa, Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılır. Habelə, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət də qüvvəsində qalır.

190 manat…

"2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcəkdir. Eyni zamanda, zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur", - Operativ Qərargah məlumatında bildirilir.

Azərbaycanda karantin rejimi martın 24-dən qüvvədədir. Bu müddət ərzində bəzən rejim sərtləşdirilib, bəzən də yumşaltmalar baş verib.

İki dəfə bütün ölkə, üç dəfə isə karantinin sərtləşdirildiyi yerlərdə işsiz və işlərini itirənlərə 190 manatlıq birdəfəlik yardım edilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

İndiyədək Azərbaycanda isə ümumilikdə 149765 nəfərin koronavirus infeksiyasına yoluxması müəyyən edilib, onlardan 1675 nəfərin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG