Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:28

Metronun yeni stansiyası '8 Noyabr' adlanacaq


Metro

Bakı metrosunun yeni stansiyası "8 Noyabr" adlanacaq.

Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, prezident İlham Əliyev Bakı Metropoliteninin yeni stansiyasına Zəfər Günü münasibətilə "8 Noyabr" adı verilməsi təşəbbüsü ilə çıxış edib.

"…Bakı Metropoliteninin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllə ünvanında yerləşən yeni stansiyası "8 Noyabr" adlandırılsın", - Nazirlər Kabinetinin bununla bağlı qərarında deyilir.

Bundan əvvəl prezident İ.Əliyev hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü (Şuşanın azad edildiyi gün ) kimi qeyd edilməsi ilə bağlı sərəncam vermişdi.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətindədir.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG