Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:36

AXCP fəalının atası aclıq etdiyini deyir


R.Nağıyev
R.Nağıyev

İyulun 14-dən 15-nə keçən gecə Bakıda Milli Orduya dəstək yürüşünə görə həbs olunmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarından Ramid Nağıyevin atası aclıq etdiyini bildirir. 59-yaşlı Zəkrulla Nağıyev deyir ki, tələbi həbsdəki siyasi məhbusların, o cümlədən oğlu Ramidin azadlığa buraxılmasıdır.

"Cinayət törətsəydi..."

Aksiyaya dekabrın 2-də günorta saatlarından başladığını bildirən Z.Nağıyev ailəsinə qarşı ədalətsizliyə başqa etiraz üsulu görmədiyinə görə bu addımı atmaq qərarına gəldiyini vurğulayır: "Başqa yol görmədim. Hesab edirəm ki, tələbimdə haqlıyam. Oğlum haqqında çıxarılmış qərarların heç biri ədalətli deyil. Dövlətin hüquq-mühafizə orqanları bu məsələyə ciddi yanaşsınlar, onların azadlığını təmin etsinlər. Onların günahı olsaydı, hələ istintaq dövründə sübut ortaya qoyardılar. Biz valideyn olaraq niyə bu zülmə düçar olmalıyıq? Niyə gedib türmə qapılarında vaxtımı itirməliyəm? Cinayət törətsəydi, cəzalanmasına heç bir etirazım olmazdı".

AXCP Təşkilat şöbəsinin funksioneri olan 31-yaşlı R.Nağıyev iyulun 18-dən həbsdədir. Atası danışır ki, onu iş yerindən gəlib aparıblar: "Köhnə fəhlə paltarlarını dəyişməyə də imkan verilməyib. Tutulandan sonra iki aydan çox onunla ümumiyyətlə, əlaqə saxlaya bilmədik. Sonradan əlaqə quruldu, həftə bir dəfə danışmağa icazə verilir, 3-5 dəqiqə danışırıq. Amma ətraflı heç nə danışa bilmirik. Ancaq nə aparmaq lazımdırsa, onu deyə bilir. Əhvalını soruşanda bildirir ki, yaxşıdır. Bu da onun xarakterindən və peşəsindən irəli gəlir".

Z.Nağıyev
Z.Nağıyev

"Dörd il xidmət etdi"

R.Nağıyev ali təhsilli hərbçi olub, uzun müddət leytenant rütbəsi ilə Naxçıvanda xidmət edib. Atası deyir ki, Ramidi günahsız həbs edənlər həm də Azərbaycana pislik ediblər. Çünki azadlıqda olsaydı, peşəkar hərbçi kimi, bugün öz ölkəsinə daha çox fayda verərdi: "Mənim qardaşım 90-cı illərdə Zəngilan ərazisindəki döyüşlərdə itkin düşüb. Bəlkə də onun təsiri idi, Ramid 8-ci sinifdə oxuyanda bir elan gətirdi, Naxçıvanski məktəbinə qəbulla bağlı. Oranı bitirdi, sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil oldu. Oranı da başa vurandan sonra leytenant rütbəsi ilə Naxçıvandakı hərbi hissələrdən birinə göndərildi. Dörd il xidmət etdi, onun iki il yarımını ermənilərlə üzbəüzdə, 25 metrlik məsafədə səngərdə oldu...".

Z.Nağıyev özü də AXCP üzvüdür. Hesab edir ki, ailəsinin qarşılaşdığı məhrumiyyətlərin yeganə səbəbi cəbhəçi olmalarıdır. O, yada salır ki, bu, Ramidin siyasi baxışlarına görə ilk həbsi deyil: "Bundan əvvəl keçən il 19 oktyabr mitinqində həbs olunmuşdu. Ümumiyyətlə, o qədər inzibati qaydada həbs olunub ki, sayını-hesabını da itirmişəm. Haradasa altı-yeddi dəfə olar...".

Z.Nağıyev sonda vurğulayıb ki, özünə qəsd eləmək niyyətində deyil. Amma oğlunun və başqa günahsız məhbusların azadlığı üçün başladığı aksiyanı gücü çatdığı qədər çox davam etdirmək fikrindədir.

Xatırlatma

Bu il iyulun 12-dən 14-dək Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalarda hər iki tərəf itki verib. İyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü– M.İbrahim və F.Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 16-da həmin yürüşlə əlaqədar cinayət məsuliyyətinə cəlb olunanlardan 21-i ev dustaqlığına buraxılsa da, 15 nəfər hələ də həbsdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG