Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:26

Prezident Şəhidlər xiyabanında olub


Şəhidlər xiyabanı. Foto arxiv

Dekabrın 4-də Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva Şəhidlər xiyabanında olub. Orada dəfn edilən insanları yad ediblər.

Dövlət başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Bir dəqiqə sükut...

Bu gün, dekabrın 4-ü, saat 12:00-da 44 günlük savaşda həlak olan insanlar bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad olunub.

Həmin dəqiqədə paytaxt Bakı və ölkənin başqa yerlərində hərəkət edən avtomobillər dayanıb. Bakı Dəniz Limanındakı gəmilər və paytaxt yollarında olan avtomobillər siqnallar verib.

Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 3 -də yaydığı açıqlamaya görə, 44 günlük savaşda bu ölkənin silahlı qüvvələrinin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilib.

Bundan başqa, bu hadisələr zamanı 100-ə yaxın mülki insanın həlak olduğu, 400-dən də çoxunun yaralandığı açıqlanıb.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG