Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 05:55

Pandemiya ilinin 'Oskar' nominasiyaları


Oskar
Oskar

"New York" jurnalının mədəniyyət və əyləncə saytı olan vulture.com martın 15-dən bəri növbəti "Oskar" mükafatına nominasiyaların siyahısını dərc edir. Ötən ay yayılmış sonuncu siyahıda ən yaxşı film nominasiyasında "Nomadland" və "Mank" filmlərinin adları mümkün namizəd kimi çəkilir. Xloya Çjaonun "Nomadland" filmi artıq builki Venesiya Kinofestivalının "Qızıl Şir" mükafatına layiq görülüb və Şimali Amerika festivallarında çox yaxşı rəy toplayıb.

Devid Finçerin biopik "Mank" filmi ssenarist Herman Mankeviç haqqındadır. Mankeviç 1941-ci ildə çəkilmiş "Citizen Kane" adlı amerikan dramının ssenari müəllifidir. Tənqidçilər bu filmi tərifləməyə tələsməsələr də, "Vulture" onu mümkün namizədlər sırasında görür.

2020-nin tendensiyası

Sayt bu nominasiyada digər mümkün namizədlərdən "Da 5 Bloods", "Ma Rainey's Black Bottom", "Minari", "One Night in Miami", "Soul""The Trial of the Chicago 7" filmlərinin adlarını çəkir.

Maraqlıdır ki, əvvəllər ilin sonuna doğru "Oskar"a mümkün namizədlərin adı bilinir və geniş müzakirə olunurdu. Film nümayişlərinin təxirə salındığı, əksər filmlərin striminq platformalarına, mühüm kino hadisələrininsə onlayn məcraya keçdiyi 2020-ci ildə kino həvəskarlarının ilin ən yaxşı filmləri haqda çox az təsəvvürü var.

"Ən yaxşı rejissor" nominasiyasında da "Nomadland" filmini çəkən Xloya Çjao və "Mank" filminin rejissoru Devid Finçerin adları xüsusi vurğulanır. Onun namizədliyi daha əvvəl "Oskar" mükafatına təqdim edilib. Ancaq heç vaxt mükafatı qazanmayıb.

Bu nominasiyada onlardan başqa "One Night ln Miami" filmi ilə Recina Kinq, "Da 5 Bloods" filmi ilə Spayk Li, "The Trial of the Chicago 7" filmi ilə Aaron Sorkinin adları çəkilir.

Kişi aktyoru nominasiyası

"Ən yaxşı kişi aktyor" nominasiyasında "Ma Rainey's Black Bottom" filmindəki işinə görə Çedvik Bouzman və "The Father" filmindəki roluna görə Entoni Hopkinsin adları xüsusi çəkilir. Qeyd edək ki, 42-yaşlı Bouzman bu ilin avqustunda xərçəng xəstəliyindən dünyasını dəyişib. Entoni Hopkinsə gəlincə, onun "Silence of the Lambs" filmində yaratdığı Hannibal Lekter roluna görə aldığı "Oskar"ın üstündən düz 30 il keçir. Auditoriya onun "The Father" filmində dementiyadan əziyyət çəkən yaşlı insan rolunu "heyrətamiz dərəcədə gözəl" oynadığını deyir.

"Vulture" siyahıya bu iki aktyordan başqa Kinqsli Ben-Adir (One Night in Miami), Delroy Lindo (Da 5 Bloods) və Qeri Oldmenin (Mank) adlarını daxil edib.

"Ən yaxşı qadın aktyor" nominasiyasında "Ma Rainey's Black Bottom" filmindəki Ma Reyni roluna görə Viola Devisin adı çəkilir. Devis və "Nomadland" filmində baş rolun ifaçısı Frensis Makdormandın bu ilin ən güclü namizədləri olduğu deyilir. Hər iki aktrisa yaxın zamanlarda "Oskar"a layiq görülüb. Ancaq Makdormand əsas, Devis isə "ən yaxşı köməkçi aktrisa" nominasiyasında qalib olub. Sayt yazır ki, bu dəfə onun qalib olmaq şansı daha çoxdur.

Tanınmayan aktrisa idi...

"Pieces of a Woman" filminin ulduzu Vanessa Kirbi çox da tanınmayan aktrisadır. Tamaşaçılar onun qəfildən Venesiya Kinofestivalının "ən yaxşı aktrisa" mükafatını qazandığını görüblər. Ancaq, əlbəttə ki, biz onu "Netflix"in "Crown" serialında yaratdığı unudulmaz Şahzadə Marqaret obrazından tanıyırıq.

Onlardan başqa siyahıda Elizabet Moss (The Invisible Man) və Keri Malliqanın (Promising Young Woman) adları var.

"Ən yaxşı köməkçi aktyor" nominasiyasında Saşa Baron Koen (The Trial of the Chicago 7) Kiçik Lesli Odom (One Night in Miami), Çarlz Dens (Mank), Bill Mürrey (On the Rocks) və Devid Streteyrnin (Nomadland) adları çəkilir. Ancaq birincinin qalib olma ehtimalının daha yüksək olduğu deyilir.

Sayt "ən yaxşı köməkçi qadın rolu" nominasiyası haqda əvvəldən proqnoz verməyin çətin olduğunu qeyd edərək, bu nominasiyada Amanda Seyfrid (Mank) və hətta "Borat Subsequent Moviefilm"də Boratın qızını oynamış bolqarıstanlı aktrisa Mariya Bakalovanın (!) adını çəkir. Hərçənd, sonuncunun qalib gəlmə ehtimalının az olduğunu yazır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG