Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 01:37

Nyu-Yorka kinoçəkənlər yenə gedir


Nyu-York. Manhetten
Nyu-York. Manhetten

Nyu-York hər zaman çoxsaylı filmin çəkildiyi şəhər olub. Çoxumuzun Nyu-York haqda təsəvvürümüz filmlərin sayəsində formalaşıb. İnsanların daim işıqlı görməyə öyrəşdiyi Brodvey bu günlərdə qaranlıq, konsert zalları isə bağlıdır. Nyu-Yorkun sənət və əyləncə industriyası pandemiyanın ağır zərbəsinə məruz qalıb. Ancaq "The New York Times" yazır ki, film istehsalı haqda eyni şeyi demək olmaz. İstər televiziya, istərsə də striminq serialları şəhərin qapalı çəkiliş məkanlarını və küçələrini doldurmaqdadır.

Kino industriyası, hələlik, özünün əvvəlki həcminə qayıtmasa da, bu sahə digər sənət sahələrinə nisbətən xeyli daha aktivdir. 2019-2020 mövsümündə Nyu-Yorkda 80 serialın çəkilməsi planlaşdırılmışdı. Noyabrın əvvəlinədək onlardan 35-i çəkilişləri bərpa edə bilib. Onların arasında "Younger" və "Blue Bloods" serialları da var. Qəzetin Nyu-York şəhər meriyasının media və əyləncə ofisindən aldığı məlumata görə, daha beş serialın ilin sonunadək işi bərpa edəcəyi gözlənilir.

60 milyon dollarlıq mənfəət

Çəkilməkdə olan seriallardan biri "New Amsterdam" adlı televiziya tibb dramıdır. Onun çəkilişində onlarla heyət üzvü iştirak edir. Real həkimlər və tibb bacıları isə çəkiliş zamanı davamlı olaraq onların yanından keçir. "Manifest" adlı TV serialının çəkiliş məkanlarından biri isə bardır. Serial həm gündüz, həm də gecə vaxtları çəkilir.

Pandemiyadan əvvəl televiziya və kino istehsalı Nyu-York şəhərinə ümumilikdə ildə 60 milyon dollardan çox mənfəət gətirirdi. Yoluxma sayının sürətlə artması bu prosesi ciddi ləngidə bilər. Xüsusilə də Nyu-York qubernatoru Endrü Kuomo şəhəri "qırmızı zona" elan edərək zəruri sayılmayan iş yerlərinin bağlanması əmrini verərsə.

Pandemiyanın ağır təsirinə məruz qalmış Manhettendə "kirayə üçün" lövhəsi asılmış binaların fonunda çəkiliş maşınlarını görmək, çəkiliş avadanlığını açıb işə salan əməkdaşların səsini eşitmək mümkündür. Qəzet yazır ki, bu mənzərə bir növ şəhərə, az da olsa, əvvəlki kimliyini qaytarır. Bu, həm də minlərlə insanın iş yerinə qayıtması, bütün dünyada Nyu-Yorkda çəkilmiş film və proqramlara baxan insanların gözündə bu şəhərin güclü, əzmkar metropolis imicinin təsdiqi deməkdir.

Kinostudiyalarda yer yoxdur

Böyük kinostudiyalardan şəhərin Kuins hissəsində yerləşən "Kaufman Astoria Studios", Bruklin tərsanəsi ərazisində yerləşən "Steiner Studios" və Lonq Aylenddəki "Silvercup Studios" qəzetə yerlərinin olmadığını bildiriblər. Ştatın qanunlarına görə, hazırda hər səhnə əvvəlki tutumunun 50%-ni aşmayacaq şəkildə fəaliyyət göstərə bilər.

"Bu, çox mütəhərrik bir industriyadır. Onlar Nyu-Yorkda olmalı deyillər. Bu qərarları verən [şirkət] rəhbərlərinin Nyu-Yorka gəlməklə bağlı hələ də özlərini rahat və əmin hiss etmələri məndə xoş təəssürat oyadır. Bu, deyilə biləcək ən yaxşı sözdür", - "Kaufman Astoria Studios" şirkətinin prezidenti Hol Rozenblüt deyib.

Təhlükəsizlik qaydalarına əməl etmək kino işçilərinin həmkarlar ittifaqları, Hollivudda yerləşən şirkətləri, Nyu-York ştatı və Nyu-York şəhər hökumətinin çox vaxt üst-üstə düşən qaydalarını nəzərə alması deməkdir. Bu səbəbdən çəkiliş heyəti və aktyorlar hər gün müayinə edilir. Ancaq COVID testi müsbət çıxanların sayı da hər həftə artır.

"Steiner Studios"un baş icraçı direktoru Daq Şteyner deyir ki, hər bir-iki həftədən bir kiminsə testi pozitiv çıxır. Buna baxmayaraq, çəkiliş qrupları bu şəxsləri və onlarla təmasda olmuş adamları təcrid edərək çəkilişləri davam etdirə bilirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG