Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:32

Zəfər Günü noyabrın 8-nə keçirilib


Bakıda Laçın şənliyi
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Bakıda Laçın şənliyi

Azərbaycanda Zəfər Günü noyabrın 8-nə keçirilib.

Bununla bağlı Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, prezidentin dünən, dekabrın 2-də imzaladığı sərəncama əsasən, "Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə" hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.

Amma xatırladılır ki, noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür: "Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir".

Məlumatda yazılıb ki, Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də 28 illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb və hərbi əməliyyatların dayandırmasına səbəb olub: "…Bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir".

Azərbaycanda Zəfər və Anım günləri təsis edildi

Dekabrın 2-də Azərbaycan prezidenti İlham Əliyev ölkədə Zəfər Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sənədə görə, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu bir çox şəhər və kəndləri, o cümlədən Qarabağın tacı sayılan Şuşa şəhərini işğaldan azad edib: "...Ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi".

Qeyd edilib ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr müharibənin taleyində həlledici rol oynadı: "Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi".

Daha sonra sərəncamın qərar hissəsində də yazılıb: "Hər il noyabrın 10-u Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilsin".

Anım Günü

Prezident İ.Əliyev habelə Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında da sərəncam imzalayıb.

Sənədə əsasən, Ermənistanın Azərbaycana qarşı bu il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.

"Hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin", - bu sənədin qərar hissəsində bildirilir.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan rəsmiləri bildirirlər ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 300 civarında yaşayış məntəqəsini, o cümlədən dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad ediblər.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG