Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 16:05

İşğaldan azad olunan ərazilərlə bağlı xəbərdarlıq edildi


Füzuli rayonu minalardan təmizlənir.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2020-ci il sentyabrın 27-dən noyabrın 30-dək 2061 siqnal (əməliyyat çağırışı) əsasında 1543 operativ və təxirəsalınmaz əməliyyat həyata keçirib.

Bunu ANAMA-nın direktoru Qəzənfər Əhmədov noyabrın 30-da təşkil olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, nəticədə 727 partlamamış hərbi sursat (PHS), 4330 piyada əleyhinə mina, 1110 tank əleyhinə mina, 1643 ədəd də partlamış raket hissələri aşkarlanaraq zərərsizləşdirilib.

O deyib ki, əhalinin polis postlarından yayınaraq ara yollardan istifadə etməklə işğaldan azad olunan ərazilərə daxil olması nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsinə məruz qalması riski yüksəkdir: "Buna görə də vətəndaşlar təhlükəsiz səfər imkanları yaradılana qədər işğaldan azad olunan ərazilərə səyahət etməkdən çəkinməlidirlər".

Mətbuat konfransında xatırladılıb ki, noyabrın 14-də Füzuli rayonunun işğaldan azad olunmuş Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə iki qardaş minaya düşüb, onlardan biri həlak olub. Bundan başqa, noyabrın 28-də Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində də dörd mülki şəxs avtomobildə minaya düşərək həlak olublar.

98 mülki vətəndaş həlak olub

Azərbaycan Baş Prokurorluğu mülki insanların itkisi ilə bağlı açıqlama verib.

Qurumun mətbuat xidmətindən bildirildiyinə görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması və minaya düşmə nəticəsində Azərbaycan tərəfdən 98 mülki şəxs həlak olub, 414 nəfər yaralanıb.

Həlak olanlardan beşinin, yaralananlardan isə dördünün minaya düşdüyü qeyd olunur.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Artıq noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uyğun olaraq Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG