Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:12

Prezident: '…Əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir'


Prezident İ.Əliyev xalqa müraciət edib. 25 noyabr 2020
Prezident İ.Əliyev xalqa müraciət edib. 25 noyabr 2020

"Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir".

Bunu prezident İlham Əliyev bu gün, noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində deyib.

Prezidentin deməsinə görə, "əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi".

Onun qənaətinə görə, torpaqların işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır: "Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi".

Prezidentin deməsinə görə, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsəd güdürdülər: "Öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar".

"Dövlət katibi - komsomoldan çıxmış karyerist…"

İ.Əliyev AXC hakimiyyətində təmsil edilənləri də ayrıca tənqid edib: "O adamların heç bir təcrübəsi yox idi. O adamlar - o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər?".

Prezident sonra da deyib: "Parlamentin sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi - komsomoldan çıxmış karyerist,…".

Prezidentin deməsinə görə, "əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi.

Amma Kəlbəcərin işğalı zamanı hakimiyyətdə təmsil olunmuş siyasi qüvvələr zaman-zaman prezidentin dilindən səslənən belə dəyərləndirmələri qəbul etmirlər. Onlar deyirlər ki, Azərbaycanın işğal edilən rayonlarının çoxu məhz indiki prezident İ.Əliyevin atası H.Əliyevin dövründə tutulmuşdu. Onların arqumentinə görə, əgər AXC-Müsavat hakimiyyəti illərində bir Kəlbəcər rayonu işğal edilmişdisə də, əvəzində Ağdarə (Mardakert) rayonu azad olunmuşdu. İndi həmin ərazinin işğalda qaldığı bildirilir.

Onlar həmçinin deyirlər ki, məhz prezident İ.Əliyev öz xanımını Birinci vitse-prezident təyin edib.

A.Hacılı
A.Hacılı

Arif Hacılı: "Biz Kreml kabinetlərində təlimat alıb…"

"1992-ci ildə sədrlik etdiyim Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisi ölkədə Qarabağ müharibəsinə diqqətin yönəlməsi, konkret olaraq Şuşanın, Laçının müdafiəsinin təşkili məqsədilə bütün siyasi aksiyaların dayandırılması barədə qərar qəbul etmişdi".

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O, AXC-Müsavat hakimiyyətində Ərazi hakimiyyəti və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri vəzifəsində yerli icra hakimiyyəti strukturlarının işinə rəhbərlik edib.

"Hətta biz prezident seçkisinin (1992-ci il) kampaniyasını da rəsmi qərarla dayandırmışdıq. Bundan əvvəl biz Ayaz Mütəllibovun rəhbərliyi altında qüvvələrin birləşməsi və Xocalı, Şuşa, Laçının müdafiəsinə diqqətin yönəldilməsi, eyni zamanda, Azərbaycan Milli Ordusunun yaradılmasına diqqətin yönəldilməsi təklifi ilə çıxış etmişik", - o qeyd edib.

A.Hacılı deyib ki, Qarabağ uğrunda mübarizələri yalnız televiziya və parlament çıxışlarından ibarət olmayıb: "Səngərdə Azərbaycanın ərazi bütövlüyünü işğaldan qorumuşuq. Bakıda Heydər Əliyevin hakimiyyətə qayıtması məqsədilə yaş senzinin ləğv edilməsi ilə əlaqədar siyasi aksiyaların keçirildiyi, eyni zamanda, "Qardaşlıq" cəmiyyəti tərəfindən Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtması istiqamətində siyasi aksiyaların keçirildiyi dövrdə AXC Ali Məclisinin rəsmi qərarı ilə AXC siyasi aksiyaları dayandırıb. Bütün diqqət Şuşa və Laçının işğalının qarşısının alınmasına yönəldilmişdi".

Müsavat başqanı bildirib ki, AXC rəhbərliyində təmsil olunanlar özləri döyüşlərdə iştirak edib: "Biz şəxsən özümüz bu ərazilərdə döyüşlərdə iştirak edirdik...".

A.Hacılı deyib ki, "biz Kreml kabinetlərində təlimat alıb Azərbaycanda yüksək vəzifələrə təyin olunmamışıq": "Ancaq biz vəzifələrə gəlməzdən əvvəl yüz minlərlə üzvü olan AXC-yə rəhbərlik etmişik. Biz milyonlarla üzvü olan Xalq Hərəkatına rəhbərlik etmişik və bu vəzifələrə biz təyin olunmamışıq, xalq tərəfindən seçilmişik. Biz vəzifələrə gəlməzdən əvvəl Azərbaycan müstəqilliyinə nail olmuşuq. Azərbaycan Respublikasının Prezidenti seçilərkən Əbülfəz Elçibəy (1992-ci il) Azərbaycan xalqının əksəriyyətinin səsini alaraq azad və ədalətli seçkilər nəticəsində prezidenti seçilib. Ona görə bu istiqamətdə bizə qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur".

4 iyun Gəncə olayları: Nazir müavini bəzi sirləri 27 il sonra açır
Gözlə

No media source currently available

0:00 0:49:37 0:00

Bu fikirlərə o dövrdə fəaliyyət göstərən başqa siyasi qüvvələrin, eləcə də A.Mütəllibovun tərəfdarlarının münasibətini almaq mümkün olmayıb. Amma Azərbaycanın keçmiş prezidenti A.Mütəllibov və onun tərəfdarları da AXC-Müsavat hakimiyyətinə tənqidi yanaşırlar.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uyğun olaraq Ağdam rayon mərkəzində daxil olub. Bu gün, noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG