Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:57

AstraZeneca vaksinin 90 faiz effekt verdiyini bildirir


Arxiv fotosu
Arxiv fotosu

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) dekabrın 10-da vaksin müşavirlərinin toplantısında Pfizer və Moderna şirkətlərinin vaksinlərinin təcili təsdiqi məsələsini baxacaq. Sınaqlar bu vaksinlərin effektinin yüksək olduğunu göstərib

AstraZeneca şirkəti koronavirusa qarşı hazırladığı vaksinin 90 faizədək effektiv olduğunu bildirir. Bu, qlobal pandemiya ilə mübarizədə daha bir ümidverici xəbər sayılır. Dünyada virusa 58 milyondan çox insan yoluxub, 1.4 milyona yaxıb xəstə vəfat edib.

Şirkət vaksini Oksford Universiteti ilə birgə hazırlayır. Tam bir doza vurulandan azı bir ay sonra daha yarım doza vurulunca vaksinin COVID-19-a qarşı 90 faizədək effektli olduğu üzə çıxıb. İlkin sınaq nəticələri noyabrın 23-də açıqlanıb.

Daha bir qrupa isə iki tam doza azı bir aylıq fasilə ilə vurulub və 62 faiz effekt ortaya çıxıb. Beləliklə, orta effekt göstəricisi 70 faiz olub.

Britaniya və Braziliyada aparılan son mərhələ sınaqlarında təhlükəsizliklə bağlı ciddi insident qeydə alınmayıb.

Britaniyanın Baş naziri Boris Conson xəbəri “fantastik” adlandırıb, eyni zamanda təhlükəsizlik yoxlamalarının vacibliyini vurğulayıb.

“Gələn aydan peyvəndləməyə başlaya biləcəyimizə ümid edirik”, – Səhiyyə naziri Mət Hənkok deyib.

Bir sıra digər farmaseptik şirkətlər də vaksin istehsalının son mərhələsindədirlər. Bu sırada Johnson & Johnson və Sanofi-GSK da var.

***

UNICEF 2 milyard dollarlıq vaksin tədarükü görür

BMT-nin uşaqlar üzrə agentliyi UNICEF noyabrın 23-də bildirib ki, gələn il 92 inkişaf etməkdə olan ölkəyə 2 milyard dollarlıq COVID-19 vaksini və 1 milyard dollarlıq şpris çatdıracaq.

Dünyanın ən böyük vaksin alıcısı olan UNICEF adətən 100-dək ölkədə peyvəndləmə üçün 2 milyard dozadan artıq vaksin tədarükü görür.

Zəngin ölkələr...

UNICEF-in məlumatına görə, artıq logistika məsələlərinin yoluna qoyulmasından ötrü yüzlərlə hava, daşınma, qlobal logistika tərəfdaşları ilə iş aparılır. Bunun “indiyədək həyata keçirilən ən böyük və ən sürətli əməliyyat” olduğu bildirilir.

“Bu tarixi və nəhəng əməliyyat üçün yetərli nəqliyyat gücünün təmin olunmasından ötrü dəyərli işbirliyi davam edəcək”, – UNICEF-in təchizat bölməsinin direktoru Etleva Kadilli deyib.

Qurum COVAX-ın tərkibində Dünya Səhiyyə Təşkilatı (DST) ilə işlədiyini vurğulayıb. COVAX COVID-19 vaksinlərinin paylanması üçün yaradılmış qlobal plandır.

Həftəsonu dünyanın ən böyük iqtisadiyyatlarının liderləri vaksinlərin bərabər paylanması üçün “hər şeyi edəcəklərini” deyiblər. Böyük İyirmilik (G20) liderləri bu bəyanatı noyabrın 22-də ikigünlük virtual sammitin sonunda səsləndiriblər.

Almaniyanın Kansleri Angela Merkel isə sammitdən sonra deyib ki, o, daha yoxsul ölkələrlə böyük vaksin sövdələşmələrinin əldə olunmamasından narahatdır. Zəngin ölkələrsə yüzmilyonlarla dozalar üzrə sazişlər imzalayıblar.

“Daha çox maliyyə lazımdır”

G20-nin toplantısından öncə qrupa DST-nin apreldə irəli sürdüyü qlobal layihəyə 4.5 milyard dollar ayırmaq üçün təzyiq olunurdu. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen noyabrın 22-də deyib ki, qlobal liderləri ilin sonunadək həmin layihəni maliyyələşdirməyə çağırıb.

“G20 liderlərinin COVID-19 vaksinlərinin hamıya əlçatan olması fikrilə razılaşmalarına sevinirəm. Amma daha çox maliyyə lazımdır”, – von der Leyen vurğulayıb.

ABŞ-ın Ərzaq və Dərman Administrasiyası (FDA) dekabrın 10-da vaksin müşavirlərinin toplantısında Pfizer və Moderna şirkətlərinin vaksinlərinin təcili təsdiqi məsələsini baxacaq. Sınaqlar bu vaksinlərin effektinin yüksək olduğunu göstərib.

Pfizer-in Almaniyanın BioNTech şirkəti ilə birlikdə hazırladığı vaksinin ilin sonunadək Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənməsi ehtimalı var.

Rusiya və Çin artıq bəzi vaksinləri dövriyyəyə buraxsalar da, onların təhlükəsizliyi və səmərəsi haqda suallar mövcuddur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG