Rusiyanın Ermənistan və Azərbaycanla razılaşdırdığı sülh razılaşması Dağlıq Qarabağda müharibəni dayandırdı və Qərb ölkələrini oyundankənar vəziyyətə saldı. İndi avropalılar davamlı sülhə kömək etməyə çalışmalıdırlar. Karnegi Fondunun aparıcı əməkdaşı Tomas de Vaal yazır ki, Dağlıq Qarabağda silahlaın susmasına baxmayaraq altı həftəlik müharibənin nəticələri aydın deyil.
Atəşkəs bəyanatında yüzminlərlə azərbaycanlı köçkünün torpağına qayıtması nəzərdə tutulsa da, daha öncə nəhəng bərpa proqramı həyata keçirilməlidir.
Yenə status söhbəti...
“Bu, çox vacib atəşkəsdir, amma sülh razılaşması deyil. Ermənistan tərəfdə böyük məyusluq var. Dağlıq Qarabağdan minlərlə erməni köçkün düşüb və onların gələcəyi müəyyən deyil. Dağlıq Qarabağın statusu məsələsi müzakirə masasından kənarda qaldığı müddətdə Ermənistanla Azərbaycanın münasibətlərinin normallaşmasından da danışmaq mümkün deyil”, – müəllif yazır.
Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağın statusunun artıq gündəmdə olmadığını deyib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə regionun beynəlxalq səviyyədə tanınmasına çağırıb.
De Vaal münaqişənin bir nəticəsinin aydın olduğunu yazır: Qərb ölkələri kənarda qaldılar və indi özlərini yada salmaq üçün çox işləməli olacaqlar. Müəllif 1990-cı illərdə Avropanın münaqişədə xeyli fəal iştirak etdiyini yada salır. Ancaq 2008-ci ildən Moskva əsas vasitəçi rolunu üzərinə götürüb. Bəs görəsən, avropalılar və amerikalılar sülhün formalaşmasına yardım edə bilərlərmi?
Müəllif həm Dağlıq Qarabağda, həm də ətraf yeddi rayonda görüləsi xeyli işin olduğunu vurğulayır. Burada BMT agentlikləri ilə birlikdə Avropa təcrübəsindən yararlanmaq olar – bərpa, minalardan təmizləmədən tutmuş köçkünlərin evlərinə qayıtmasına yardımadək. Məqalədə deyilir ki, mədəni irsin qorunması, ermənilərin indi Azərbaycanın nəzarətində olan ibadət yerlərinə çıxışının təmin olunmasına da beynəlxalq kömək gərəkdir.
Suverenlik bahasına
“New Eastern Europe” portalında Fransesko Trupia isə yazır ki, Cənubi Qafqazda Rusiya-Türkiyə tərəfdaşlığının qurulması həm Ermənistana, həm də Azərbaycana suverenlikləri hesabına başa gələcək.
Müəllif qeyd edir ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi Ermənistanın xeyrinə oldu, çünki Azərbaycan hərbi əməliyyatları dayandırdı. Ancaq “Moskvanın sülhməramlıları Ermənistanın münaqişənin həllində ortabab diplomatiyası və viziyon yoxluğuna çarə qıllmayacaq... Di gəl, yenə də Rusiyanın başçılıq etdiyi sülhməramlılar Qarabağ ermənilərinin tezliklə səsləndirməyə başlayacağı bir sıra legitim, eyni zamanda da ziddiyyətli tələblərə ləng də olsa, tam təminat verə bilər”, – məqalədə deyilir.
Müəllif Azərbaycanın da asan durumda olmadığını yazır. “Rusiya çəkməsinin bu torpağa dəyməsi Azərbaycanın Türkiyənin dəstəyilə regiona bütünlükdə nəzarəti və ərazi bütövlüyünü bərpa etməyə imkan verəcək hərbi əməliyyatlarını əngəlləyir. Döyüş zonasında çoxdan gözlənən qisasını uğurla alan Azərbaycan əsas hərbi hədəfinə çatmadı. Dağlıq Qarabağda gözlənən struktur islahatlar və gələcək inkişaf və sərmayə planları Azərbaycan üçün gələcəkdə problemlər yarada bilər Bundan başqa, Türkiyə və Azərbaycanı vəsf edən ‘Bir millət, iki dövlət’ ritorikası da ovulub tökülür”, – məqalədə vurğulanır.
Xatırlatma
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-da döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından yayılmış atəşkəs bəyanatına görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Noyabeın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Dekabrın 1-dək Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.