Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Remdesivirin COVID-19 xəstələrinə faydası yoxmuş


Arxiv fotosu
Arxiv fotosu

İlkin tədqiqatlar onun xəstəxanaya yerləşdirilmiş bəzi xəstələrin müalicə müddətini qısalda biləcəyini göstərirdi

Dünya Səhiyyə Təşkilatı (DST) COVID-19 xəstələrinin müalicəsində remdesivir antivirus dərmanından istifadə etməməyə çağırıb, bu dərmanın xəstənin sağ qalmasına, yaxud müalicə müddətinin qısalmasına “ciddi təsiri” olmadığını bildirib.

İndiyədək sözügedən dərmandan virusun müalicəsində istifadə olunurdu. İndi isə DST-nin beynəlxalq ekspertləri onun “xəstənin yaxşılaşmasında rolu olmasına dəlil olmadığını” deyir.

Trampın müalicəsində remdesivirdən istifadə olundu

Birləşmiş Ştatlar, Avropa Birliyi və onlarla ölkə “Gilead Sciences” şirkətinin bu dərmanından müvəqqəti istifadəni təsdiqləmişdi. İlkin tədqiqatlar onun xəstəxanaya yerləşdirilmiş bəzi xəstələrin müalicə müddətini qısalda biləcəyini göstərirdi.

Oktyabrın əvvəlində koronavirusa yoluxmuş Prezident Donald Trampın müalicəsində də digər dərmanlarla yanaşı remdesivirdən də istifadə olunurdu.

DST bildirir ki, həkimlərə tövsiyəsi xəstəxanaya yerləşdirilmiş 7 mindən çox xəstə üzərində dörd beynəlxalq sınağın nəticələrinə əsaslanır. Remdesivirin xəstələr arasında ölüm səviyyəsinin azalmasında, mexaniki süni nəfəs aparatlarına ehtiyaca, müalicə müddətinə və digər faktorlara mənalı təsir göstərmədiyi üzə çıxıb.

Remdesivir ilk dəfə Ebolanın müalicəsində eksperimental dərman kimi hazırlanıb.

Pfizer şirkəti və onun Almaniyadakı tərəfdaşı BioNTech noyabrın 20-də özlərinin hazırladıqları vaksinin ABŞ hökuməti tərəfindən təsdiqlənməsi üçün müraciət edəcəklər. ABŞ və Avropa rəsmiləri ilk vaksinlərin ilin sonunadək dövriyyəyə buraxılacağını bildirirlər.

Vaksinlər ilin sonunadək təsdiqlənə bilər

ABŞ-ın Moderna şirkətinin də bir neçə həftəyə öz vaksinini təcili təsdiq üçün təqdim edəcəyi gözlənir.

Bu həftə şirkətlər vaksinlərinin 95 faiz effektiv olduğunu açıqlayıblar.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen noyabrın 19-da bildirib ki, Moderna və Pfizer-in hazırladığı vaksinlər ilin sonunadək Avropa Dərman Agentliyi tərəfindən təsdiqlənə bilər.

AstraZeneca və Oksford Universitetinin COVID-19 vaksini də daha yaşlı qruplarda güclü immun reaksiyası yaradıb, noyabrın 19-da açıqlanmış informasiyada belə deyilir. Tədqiqatçılar Milad bayramına qədər son mərhələ sınaqların nəticələrini açıqlayacaqlar.

Ancaq vaksinlərin genişmiqyaslı tətbiqi azı aprelədək gözlənmir. Dekabra və gələn ilin əvvəlinə ilkin dozalar səhiyyə işçiləri və digər həssas əhali qruplarına vurula bilər.

Virus tüğyan edir

Bu arada virus dünyada tüğyan etməkdədir. Artıq Birləşmiş Ştatlarda gündəlik aşkarlanan yoluxmalar sürətlə 200 minə yaxınlaşır. Rəsmilər gələn həftə Şükranlıq bayramı şənliklərini təmtəraqlı keçirməməyə çağırırlar. Adətən bu bayramda milyonlarla insan ailəsi və dostları ilə bir araya gəlir.

Yeni prezident seçilmiş Co Bayden noyabrın 19-da qubernatorlarla görüşərək koronavirusa qarşı tədbirləri müzakirə edib. Bu arada Prezident Donald Tramp hakimiyyətin rahat keçidinə əngəllər yaradır. Ölkədə koronavirusdan artıq 250 mindən çox amerikalı vəfat edib.

Avropada qadağalar ikinci dalğanı nisbətən səngitsə də, gündəlik yoluxma halları yüksək olaraq qalır.

Dünyada koronavirusa yoluxanların sayı 57 milyona yaxınlaşır, 1 milyon 300 mindən çox xəstə vəfat edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG