Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:06

Türkiyə və Rusiya Azərbaycanda Suriyadakı kimi qarşılaşa bilərmi?


Suriyada Rusiya-Türkiyə birgə patrulu. 2019
Suriyada Rusiya-Türkiyə birgə patrulu. 2019

Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib. Layihənin TBMM-də müzakirəsi gözlənir.

Rusiya və Türkiyənin müdafiə nazirləri ötən həftə Azərbaycanda birgə monitorinq mərkəzi ilə bağlı memorandum imzalayıblar. Parlamentə noyabrın 16-da təqdim olunmuş bu layihədə Türkiyə hərbçiləri üçün 1 illik mandat istənilir. Sənəddə qeyd edilib ki, göndəriləcək hərbçi sayını prezident Rəcəb Tayyib Ərdoğan müəyyənləşdirəcək.

Layihədə o da vurğulanıb ki, sülhməramlı missiyanın tərkibinə mülki heyət də salına bilər.

Rusiya rəsmiləri Türkiyə sülhməramlılarının Dağlıq Qarabağa getməyəcəyini deyiblər. Həmin ölkənin Xarici İşlər naziri Sergey Lavrovun bildirməsinə görə, mərkəz məsafədən, dronlar və digər texniki vasitələrlə idarə olunacaq.

Rusiya hərbi qüvvələri isə sülhməramlı adı ilə artıq Dağlıq Qarabağda yerləşiblər.

Milli Məclisin deputatı, "Trend" İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev mövzu ilə bağlı "Turan" agentliyinə açıqlamasında bildirib ki, Türkiyə hərbçiləri gəldiyində Mərkəzin yerini Azərbaycan tərəfi müəyyənləşdirəcək:

Türkiyə Qarabağa əsgər göndərir: nələr dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

"Türkiyə hərbçilərinin sayı Qarabağdakı rusiyalı sülhməramlıların sayından az olmamalıdır"

"Azərbaycanda Türkiyə hərbi qulluqçuların fəaliyyətinin hüquqi əsası Türkiyə parlamentinin qərarı, qarşılıqlı yardım haqqında 16 avqust 2020-ci il tarixli Azərbaycan-Türkiyə sazişi və üç prezidentin birgə bəyanatı olacaq. Bu sənədin beşinci bəndində atəşkəsə nəzarət üzrə Sülhməramlı Mərkəzin yaradılmasından danışılır".

A.Nağıyev də qeyd edib ki, Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti 1 ildir: "Bu, Türkiyə Konstitusiyasının 92-ci bəndinin tələbidir. Sülhməramlı Mərkəzdə Türkiyə hərbçilərinin sayı Qarabağdakı rusiyalı sülhməramlıların sayından (1960 nəfər) az olmamalıdır".

A.Nağıyev bildirib ki, Rusiya və Türkiyə hərbçiləri Suriyada birgə fəaliyyət təcrübəsinə malikdir. O daha sonra da deyib: "Qarabağdan çıxan Ermənistan hərbçiləri öz postlarını və orada buraxılan silahları partladırlar...".

Kremldən münasibət

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Azərbaycana Türkiyə hərbçilərinin göndərilməsinə dair prezident R.T.Ərdoğanın layihəsinin parlamentə təqdim olunmasına münasibət bildirib.

Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

"RIA Novosti" agentliyinin yazdığına görə, Peskov bildirib ki, bu, Türkiyə Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan bir prosedurdur: "Məsələ burasındadır ki, Azərbaycanın ərazisində monitorinq mərkəzi olacaq. Oraya isə Türkiyə hərbçiləri göndərilməlidir. Bu, Türkiyə Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş daxili prosedurun yerinə yetirilməsidir".

"Çox təəssüf ki, bəyanatda Türkiyənin adı hallanmır"

Politoloq İlham İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, bütün məsələlər noyabrın 10-da imzalanmış bəyanat əsasında işləyəcək: "Çox təəssüf ki, bəyanatda Türkiyənin adı hallanmır. Onun adı yalnız Monitorinq Mərkəzində yer alıb. Hiss olunur ki, bu məsələ Rusiyanın iddiası ilə qəbul olunub. Ona görə də, Türkiyə hərbiçilərinin Azərbaycanın nəzarət etmədiyi Dağlıq Qarabağ ərazisində olması məsələsi hələ ki, həll olunmayıb. Hər halda, ordu gəlir və Dağlıq Qarabağda işğaldan azad edə bilmədiyimiz ərazilərin ətrafında yerləşdiriləcək".

Politoloq qeyd edib ki, Türkiyə ordusunun Azərbaycanda fəaliyyəti 1 il müddəti ilə məhdudlaşmayacaq: "Türkiyə ordusunun 1 il müddətinə gəlmə məsələsi qoyulub, amma məsələ uzadıla da bilər. Necə ki, Rusiya sülhməramlıları 5 illik gələcək və sonra da bir tərəf etiraz etməsə, yenidən 5 il qala biləcək".

İ.İsmayıl
İ.İsmayıl

"Türkiyənin gəlişi Rusiyanın sülhməramlı missiyasının..."

Ekspert hesab edir ki, Türkiyənin gəlişi Rusiyanın sülhməramlı missiyasının daha çox idarəetmədə fəal iştirakını məhdudlaşdıracaq: "Çünki Türkiyə həmin Monitorinq Mərkəzində əyləşsə və Qarabağ ərazisinə keçməsə belə, bu monitorinqdə Rusiyanın sülhməramlı mandatından kənar idarəetmə məsələlərində iştirakına irad bildirə bilər. Vəziyyət ilkin dövrdə belə olacaq".

İ.İsmayıl vurğulayıb ki, Türkiyə və Rusiyanın Azərbaycan ərazisində bir-birilə Suriyadakı kimi qarşılaşacağına inanmır: (Suriya ərazisində həm Rusiya, həm də Türkiyə silahlı qüvvələri var. Onların bəzən orada mövqeləri toqquşur) "Bunlar olmayacaq. Hər halda, Türkiyə faktoru Rusiya üçün çəkindirici faktordur və Türkiyə bura gəlməli idi. Çünki Azərbaycan Rusiya üçün çəkindirici faktor deyil".

Politoloq bildirib ki, Türkiyə faktoru Rusiya sülhməramlılarını 5 ildən sonra Azərbaycanı tərk etməyə məcbur edən faktora çevrilə bilər: "...Rusiya Cənubi Qafqazda həm Azərbaycan, həm Ermənistan üçün öz təsirini uzatmaq istəyir. Amma Türkiyə faktoru məhz bu zamanı maksimum 5-10 illə məhdudlaşdıracaq faktor olacaq. Əks təqdirdə Türkiyənin təzyiqləri artacaq. Həmçinin, 10 ildən sonra Rusiyanın hansı durumda olduğu, dövlətlərə təsir edəcək imkanlarının nə səviyyədə olması qeyri-müəyyəndir".

Ermənilərlə azərbaycanlıların mehriban yaşadığı kənd
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

"Əks halda, Rusiya Azərbaycanı birdəfəlik itirəcək"

Ekspertin deməsinə görə, Rusiyanın özünün həm daxildə, həm ətrafında vəziyyətini kəskinləşdirəcək amillər var: "İstər Belarus, istər Moldovadakı seçkilərin nəticələri, perspektivdə Gürcüstan, hətta deyərdim ki, Ermənistanın özü Rusiya üçün başağrısına çevrilə bilər. Hiss olunur ki, Nikol Paşinyan hakimiyyətdə qalacaq. Bu da qərbyönlü dairələrin hakimiyyətdə qalması deməkdir. Belə olsa, bu, Rusiyanın Ermənistana təzyiqləri azaldacaq. Belə olduğu halda Rusiya Azərbaycanı itirmək istəməz və Azərbaycanın maraqlarına uyğun addım atacaq. Əks halda, Rusiya Azərbaycanı birdəfəlik itirəcək".

Xatırlatma

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycanın açıqlamasına görə, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş imkanları

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG