Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

Şuşa və münaqişənin gələcəyi – Qərb mediası


Şuşa yaxınlığında Azərbaycan və Rusiya hərbçisi
Şuşa yaxınlığında Azərbaycan və Rusiya hərbçisi

“Üçtərəfli razılaşmada adı çəkilməsə də, Türkiyə bundan böyük fayda götürəcək. Ermənistan ərazisindən Azərbaycanın Naxçıvan anklavına gedən nəqliyyat dəhlizinə çıxış əldə edəcək... Türkiyə Orta Asiya və Çinin Kəmər və Yol Təşəbbüsü ilə əlaqə yaratmış olacaq”,

Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması Qərbin aparıcı media orqanlarında müzakirə olunmaqdadır.

“Economist” yazır ki, tərəflərin noyabrın 10-da açıqladığı sülh anlaşması Avropa, Asiya və Yaxın Şərqin qovşağında yerləşən bu təlatümlü regionda böyük silkələnməyə səbəb oldu. 1988-ci ildə bir neçə yüz erməni Stepanakertdə (Xankəndi) Lenin meydanına yığışaraq Sovet Ermənistanı ilə birləşməyi tələb edirdi. Bununla başlanan hadisələr zənciri Sovet İttifaqının dağılmasına təkan verdi, Azərbaycanla Ermənistan isə iki il vuruşdu.

Məqalədə sentyabrın 27-də başlanan əməliyyatlarda üç amilin rolu qeyd olunur.

Birincisi, Türkiyə indi daha qətiyyətlə Azərbaycanı dəstəkləyirdi. İkincisi, Rusiya Azərbaycanın cəbhədə irəliləməsinə və Türkiyənin iştirakına dinmədi. Azərbaycan Vladimir Putinin Türkiyə ilə Qərbə qarşı alyansına daha çox əhəmiyyət verdiyini dərhal anladı. Və nəhayət, üçüncüsü, Amerika regiondan tədricən uzaqlaşırdı və proses Prezident Donald Trampın liderliyi altında daha da sürətləndi.

Yazıda qeyd olunur ki, Prezident İlham Əliyev illərlə Rusiya qüvvələrinin regiona gətirilməsinə qarşı çıxmışdı. Ancaq indi seçimi qalmırdı, bir az da irəliləsəydi, Rusiya qüvvələri ilə birbaşa qarşıdurmaya getməliydi. Türkiyə də sazişi qəbul etməkdən ötrü Azərbaycanı dilə tuta bilərdi.

“Üçtərəfli razılaşmada adı çəkilməsə də, Türkiyə bundan böyük fayda götürəcək. Ermənistan ərazisindən Azərbaycanın Naxçıvan anklavına gedən nəqliyyat dəhlizinə çıxış əldə edəcək... Türkiyə Orta Asiya və Çinin Kəmər və Yol Təşəbbüsü ilə əlaqə yaratmış olacaq”, – məqalədə vurğulanır.

Şuşanın rolu

Amerikalı təhlilçi Pol Qobl Ceymstaun Fondunun portalında yazır ki, Qafqaz, Rusiya və Qərbdəki təhlilçilər son döyüşlərin bir vacib aspektilə razılaşırlar: Bakının əsas hərbi məqsədi Şuşa idi və onun Azərbaycan qüvvələrinin əlinə keçməsindən sonra Moskvanın döyüşləri dayandırmaqdan hərəkətə keçməkdən başqa seçimi qalmadı. Əks halda Ermənistan ordusu darmadağın edilə bilərdi.

Müəllifin fikrincə, Azərbaycanın Şuşanı tutması Bakıya digər hadisələr üzərində nəhəng təzyiq imkanı verir, hətta Rusiyanın sülhməramlı kontingentinin mövcudluğuna baxmayaraq.

“Azı üç əsrdir bu şəhər azərbaycanlılar və ermənilər üçün daha geniş və dərin simvolik məna daşıyır... Azərbaycanlılar üçün Şuşanın alınması, Xankəndindən fərqli olaraq, daha fəxarətli tarixi və coğrafi xatirələr oyadır. Ermənilərdə isə “Masada kompleksi” yarada bilər. Bu kontekstə erməni mentalitetini anlamağın əsas mənbələrində biri Frans Verfelin 1933-cü ildə yazdığı ‘Musa dağında 40 gün’ romanıdır. Türkcə olan bu toponimə yəhudilər Masada deyirlər. 73-74-cü illərdə Roma qüvvələri həmin ərazini mühasirəyə almış, dağlıq qalaya sığınmış yəhudi üsyançıları kütləvi qətlə yetirmişdilər”, – müəllif vurğulayır.

“Növbəti günlər ərzində, əksər müşahidəçilər azərbaycanlı və ermənistanlıların Rusiyanın sülhməramlı əməliyyatlarına necə reaksiya verəcəyini izləyəcəklər. Bu vacibdir. Ancaq Azərbaycanın Şuşaya nəzarəti necə bərpa edəcəyi və ermənilərin buna reaksiyası münaqişənin gələcəyi haqda çox şey deyə bilər. Bu şəhər iki ölkə arasında gərginliyin barometri olub və bunun tezliklə dəyişəcəyini gözləməyə əsas yoxdur”, – məqalədə deyilir.

Xatırlatma

Azərbaycanın Dağlıq Qarabağ vilayəti və ətraf 7 rayon 1994-cü ilədək işğal olunub. Bu il sentyabrın 27-dən noyabrın 9-u günün sonunadək Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Atəşkəs bəyanatına görə, dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Azərbaycan hakimiyyəti bu sənədi tarixi qələbə adlandırsa da, müxalifət rus sülhməramlılarının ölkə ərazisinə yerləşdirilməsini onun müstəqilliyinə təhdid hesab edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG