Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 11:29

Konstitusiyaya necə əməl edilir?


Konstitusiya
Konstitusiya

Azərbaycanda artıq hər noyabrın 12-si 25 ildir ki, Konstitusiya Günü kimi qeyd edilir. Müstəqil Azərbaycanın ilk Konstitusiyası 5 bölmədən, 12 fəsil, və 158 maddədən ibarət olub.

Konstitusiyanın keçdiyi yol

25 il ərzində Konstitusiyaya üç dəfə- 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

2002-ci il dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi (Səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi. 2009-cu ilə qədər Azərbaycan parlamentində yerlərin beşdə biri, 25 deputat bu sistemlə seçilirdi) ləğv edildi və baş nazir Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu aldı. Bundan bir il sonra hazırkı prezident İlham Əliyev əvvəlcə baş nazir, daha sonra ölkənin birinci şəxsi oldu.

2009-cu ildə də bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırıldı. Bundan sonra da prezident İ.Əliyev üçüncü və dördüncü dəfə prezident seçildi.

Nəhayət, 2016-cı il referendumunda prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırıldı. Ölkədə vitse-prezidentlik statusu təsis edildi. Bundan bir il sonra - 2017-ci ildə isə ölkəyə 2003-cü ildən rəhbərlik edən prezident İ.Əliyev öz xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin etdi.

2009-cu ilə kimi Konstitusiya Günü qeyri-iş günü olsa da, həmin vaxtdan artıq iş günüdür.

F.Ağayev
F.Ağayev

"Manipulyasiya etməyə imkan verir"

Hələ 1991-ci ildə qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktı layihəsinin müəlliflərindən biri Fuad Ağayev Azərbaycan Konstitusiyasının icra vəziyyətini qiymətləndirib.

F.Ağayev AzadlıqRadiosuna deyib ki, bəzi vacib məsələlərdə əsas qanunun mətni abstraktdır və bu, hakimiyyətə qanunları pozaraq manipulyasiya etməyə imkan verir.

Hərçənd, hakimiyyətdə təmsil edilən hüquqşünaslar bu fikirlə razılaşmırlar.

Konstitusiyanın pozulmasından danışmaq olarmı?

Hazırda bu sual da xeyli aktualdır. Bir çox hüquqşünaslar qeyd edir ki, Azərbaycan Konstitusiyası ölkə ərazisində başqa dövlətin hərbi bazasının yerləşdirilməsini qadağan edir.

2020-ci il noyabrın 10-da isə Azərbaycan rəhbərliyi Rusiya rəhbərliyi ilə bu ölkənin Qarabağda 1950 əsgər və zabitdən ibarət hərbi-sülhməramlı kontingentinin yerləşdirilməsinə dair sənəd imzalayıb.

Hüquq müdafiəçisi Anar Məmmədli isə mövzu ilə bağlı deyib ki, Azərbaycan Konstitusiyası Avropa qanunvericilik normalarına uyğundur, lakin dövlət əsas qanunu pozur və cəmiyyət buna mane ola bilmir.

A.Məmmədli
A.Məmmədli

"...Konstitusiyanın müdafiəçiləri olmadılar"

"Konstitusiyanın dövlət tərəfindən pozulmasından müdafiə mexanizmləri aydın deyil. Milli Məclis və Konstitusiya Məhkəməsi Azərbaycanda Konstitusiyanın müdafiəçiləri olmadılar", - A.Məmmədli hesab edir.

O da 10 noyabr 2020-ci il tarixində Azərbaycana Rusiya ordusunun təxminən iki minlik kontingentinin gətirilməsini misal çəkib: "Rusiyalı hərbçilərin girişinə icazə vermədən öncə mərkəzi hakimiyyət tərəfindən həmin qüvvələrin statusu və mandatı aydınlaşdırılmalı, Milli Məclisdə müzakirə olunmalı və icazə alınmalı idi. Amma bu, olmadı"

Qarşı tərəf nə deyir

Bu tənqidlərə, hələlik, Konstitusiya Məhkəməsi və Milli Məclis rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Amma Milli Məclisin deputatı Asim Mollazadə mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, mövcud Konstitusiyada çatışmazlıq görmür və hesab edir ki, o, işlək dövlət institutlarına tam uyğundur: "Əsas qanunun mətninə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yoxdur".

O daha sonra da deyib: "Bizim ordu işğal edilmiş ərazilərlə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirdi. Azərbaycan ordusu Ermənistanı sülhə məcbur etdi. Qarabağda ərazilərin azad edilməsi baxımından Konstitusiyada nəyisə dəyişməyə ehtiyac yoxdur. Qarabağda dinc həyatın bərpa edilməsinin sonrakı mərhələləri də ordumuzun iştirakı ilə həll olunacaq".

A.Mollazadə
A.Mollazadə

"Onu xarici baza hesab etmək olmaz"

O, Azərbaycanda Rusiya sülhməramlılarının olmasına da münasibət bildirib: "Bu, məhdud sayda hərbi kontingentdir, onun Azərbaycanda qalma müddəti dəqiq müəyyən edilib və ölkənin iradəsindən asılıdır, onu xarici baza hesab etmək olmaz. Rusiya hərbçiləri Azərbaycan vətəndaşlarının hüquqlarını və ölkənin ərazi bütövlüyünü pozmayacaqlar... Bu qüvvələrin fəaliyyəti İnformasiya Mərkəzində Türkiyə hərbçilərin iştirakı ilə müşahidə ediləcək"

O daha sonra da bunları əlavə edib: "Rusiya hərbi kontingentinin Qarabağda olması Azərbaycan üçün faydalıdır. Belə ki, Yerevanda son hadisələr təkcə Ermənistanda yox, həm də Qarabağda vəziyyətin gərginləşəcəyi ehtimalının yüksək olduğunu göstərir. Ermənilərin hakimiyyət orqanlarına, hərbçilərə hücumları mümkündür və buna görə də Rusiya sülhməramlılarının olması regionda dinc həyatın əleyhdarlarını sakitləşdirəcək".

Xatırlatma

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan açıqlayıb ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG