Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Pandemiya əntiq kitab satışına da yarayıb


Qiyməti 100 min dollar və daha artıq olan əntiq kitabların satışı artıb
Qiyməti 100 min dollar və daha artıq olan əntiq kitabların satışı artıb

"Bloomberg" yazır ki, COVID-19 böhranı ərzində müstəqil kitab dükanları çətin vəziyyətdə qalsa da, qiyməti 100 min dollar və daha artıq olan əntiq kitabların satışı artıb. Bura xüsusilə də dəqiq elmlər və riyaziyyata aid kitablar daxildir.

Kennet Qloss Bostonda kitab dükanı sahibidir. Dükanının üçüncü mərtəbəsində müştərilərə əntiq kitablar təqdim olunur. O deyir ki, bu, sanki iki müxtəlif şirkətdir. Adi kitablar satan hissənin işləri pis getsə də, əntiq kitab şöbəsi yaxşı qazancla işləyir.

Zəngin elə zəngindir

Sayt yazır ki, zərgərlik və klassik maşınlar kateqoriyasında da eyni fenomen müşahidə olunmaqdadır. "Zəngin adamlar hələ də zəngindirlər, hələ də onları xoşbəxt edən şeylərə böyük məbləğdə pul xərcləyirlər və bəlkə də gələcəkdə qazanc gətirəcəyinə ümid edərək yatırım edirlər", – yazıda deyilir.

Bu işlə məşğul olanların sözlərinə görə, son dərəcə nadir kitabların bazarı illərdir ki, sağlamdır. Nyu-Yorkdakı "Christie's" hərracının kitab və əlyazmalar şöbəsinin rəhbəri Kristina Qeyqer deyir ki, hər şey materialın keyfiyyətindən asılıdır.

Bu yaxınlarda Şekspirin "First Folio" pyeslər toplusu "Christie's" hərracına çıxarılıb. Satış qiyməti ilə bağlı proqnoz 4 milyonla 6 milyon dollar arasında olsa da, kitab 10 milyon dollara satılıb, özü də üç potensial alıcı arasında "müharibə"dən sonra.

"Heritage" hərraclarının nadir kitablar direktoru Ceyms Qennon deyir ki, bu sahədə iştirak və entuziazm da artıb. Onun sözlərinə görə, redaktor və naşir Otto Pentslerin kitabxanası hərraca qoyulanda yekun satış qiyməti verilən proqnozdan iki dəfə artıq olub.

Onlayn bazarlığa daha çox vaxt var

K.Qeyqer isə deyir ki, "Christie's" hərracında bütün onlayn satışların nəticələri gözləntiləri aşıb. "İnsanların onlayn kataloqlara baxmağa və adi zamanlarda onlayn bazarlığa sərf edəcəklərindən çox vaxtı var", – o deyir.

Maraqlıdır ki, hərrac şirkətləri evdə oturan müştərilərin aldıqları kitabları canlı görmədən böyük məbləğlər xərcləməyə hazır olduqlarını müşahidə etməkdədirlər. İyulda "Christie's" hərracı incəsənət nümunələrinin satışını internetdən canlı yayımlayıb. Bu hərracda ümumilikdə 421 milyon dollar xərclənib.

Londondakı "Sotheby" hərracının kitab və əlyazmalar şöbəsinin rəhbəri Devid Qoldtorp deyir ki, hərraclar onlayn fəaliyyətə COVID böhranından əvvəl başlayıb. Ancaq COVID amili onlayn aktivliyi ciddi şəkildə artırıb.

Ötən ay Aristotelin beş kitabından ibarət XV əsrə aid toplu satılıb. Qiymətinin 200 min – 300 min dollar arasında olacağı proqnozlaşdırılan toplu "Christie's" hərracında 475 min dollara satılıb. Özü də onlayn.

Bu yay hansı kitablar yaxşı satılıb

"Bloomberg"in məqaləsində deyilir ki, hətta əvvəllər böyük maraqla qarşılanmayan əsərlər belə bu yay çox yaxşı satılıb.

"Biz Lüdviq Vittgenşteynin məktubunu 143 min dollara satmışıq. Bir neçə il əvvəl onun "Christie's" hərracındakı ən yüksək qiyməti 50 min dollar idi, özü də satılmamışdı", - "Bonhams" hərracının mütəxəssisi Darren Sazerlend deyir.

"Heritage" hərracının nümayəndəsi C.Qennon deyir ki, internet əvvəllər nadir sayılan bir çox kitabı adi və asan tapılan edib. Məsələn, Uilyam Folkner pərəstişkarı yazıçının "As I Lay Dying" kitabının birinci nəşrini almaq üçün nadir kitab dükanına gəlir. Burada o, kitabın 11 min dollara satıldığını görür. Ancaq onu almaq əvəzinə öncə abebooks.com saytına girib həmin kitabın digər nüsxələrini araşdırır və onların qiymətinin 1500 – 12500 dollar arasında dəyişdiyini görür. Bu zaman həmin 11 min dollarlıq nüsxə nəinki satılmır, hətta potensial alıcı onun almağa dəyib-dəymədiyini də sorğulayır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG