Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:01

Nyu York koronavirus qadağaları tətbiq edir


Arxiv fotosu
Arxiv fotosu

Nyu Yorkun meri Bil de Blasio yeni tədbirləri ikinci dalğanı dayandırmağın “son şansı” adlandırıb. Qadağalar noyabrın 13-dən qüvvəyə minir

Birləşmiş Ştatlarda koronavirusa yoluxmalar artır və Nyu York yeni qadağalar tətbiq etməyə başlayıb. Qubernator Endrü Kuomo elan edib ki, barlar, restoranlar və idman zalları axşam 10-dək bağlanmalıdır, 10 nəfərdən çox insanın bir yerə yığışmasına icazə verilmir.

“Qlobal COVID yoluxmalarında artım görürük və Nyu York COVID seli üzərində bir gəmidir. Bu gün ölkədə rekord yoluxmalar qeydə alınıb. Vəziyyət həqiqətən də gün-gündən pisləşir”, – Kuomo noyabrın 11-də jurnalistlərlə telefon söhbətində deyib.

Nyu Yorkun meri Bil de Blasio yeni tədbirləri ikinci dalğanı dayandırmağın “son şansı” adlandırıb. Qadağalar noyabrın 13-dən qüvvəyə minir.

Vəziyyət daha da pisləşə bilər

Yazda Nyu York ABŞ-da koronavirus pandemiyasının episentri idi. Aprelin əvvəlində günə min nəfər vəfat edirdi. İyuldan bəri isə ştatda və şəhərdə gündəlik ölüm halları 12-ni keçməyib.

Ancaq noyabrın əvvəlindən ölkə boyunca gündəlik yoluxmalar 100 mini keçir. Noyabrın 10-da Nyu Yorkda 164 min COVID-19 testi aparıldığı, 2.9 faizinin müsbət çıxdığı açıqlanıb. 5 faiz və ondan yuxarı göstərici yüksək sayılır.

Kuomo deyib ki, yazdakı kimi tam qapatmaya qayıdış son addım olar.

Digər ştatlarda əhalini yoluxmaları ciddi qəbul etməyə çağırırlar. Özəlliklə də Şükranlıq və Milad bayramları yaxınlaşır və bu zaman ailələr bir yerə yığışırlar.

ABŞ-da koronavirusdan 242 minə yaxın insan vəfat edib, gündəlik ölü sayı isə min civarındadır. Ölkədə təsdiqlənmiş yoluxmalar 10 milyon 400 mini keçib.

Səhiyyə ekspertləri qışda vəziyyətin daha da pisləşəcəyini deyirlər. Avropada isə artıq ikinci dalğa başlanıb.

Vaksinlərdən ümidverici xəbərlər var

Nisbətən yaxşı xəbər gələn ilin əvvəlində Avropa Birliyində ilk vaksinlərin əlçatan ola biləcəyi ilə bağlıdır. 27 üzvü olan bloqun səhiyyə agentliyi noyabrın 11-də bu haqda açıqlama yayıb.

Bu arada Rusiya Sputnik V vaksininin 92 faiz effektli olduğunu bildirir. İki gün öncə isə Pfizer və Almaniyanın BioNTech şirkəti hazırladıqları vaksinin üçüncü mərhələdə 90 faizdən çox effektli olduğunu bəyan ediblər. Bu, virusa qarşı müalicənin tapılacağına inamı artırıb, səhm bazarlarında artım qeydə alınıb.

ABŞ-ın Moderna şirkəti 3-cü mərhələ sınaqlarının nəticələrinin toplandığını, bir neçə günə yayılacağını bəyan edib.

Səhiyyə ekspertləri Moderna-nın vaksininə nikbin yanaşırlar, çünki Pfizer-ə oxşar texnologiyadan istifadə edir.

Stokholmda mənzillənən Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin direktoru Andrea Ammon deyib ki, vaksinasiya proqramı “gələn ilin birinci rübündə” işə salına bilər və bundan daha dəqiq məlumat verə bilmir.

ABŞ rəsmiləri isə artıq ilin sonunadək vaksindən fövqəladə istifadənin başlana biləcəyini deyirlər.

Dünyada yeni koronavirusa 52 milyondan çox insan yoluxub, 1 milyon 284 mindən artıq xəstə isə vəfat edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG