Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 20:15

Rusiya helikopterinin vurulması ilə bağlı cinayət işi başlanılıb


Helikopter

Noyabrın 9-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterin vurulması nəticəsində iki hərbi qulluqçunun həlak olması, bir nəfərin isə yaralanması faktı ilə bağlı cinayət işi qaldırılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, cinayət işi Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə açılıb.

İstintaqın aparılması Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna həvalə edilib: "Cinayət işi üzrə... hərbi mütəxəssislərin iştirakı ilə raketin atıldığı qurğuya, habelə informasiya sistemlərinə baxış keçirilmiş, raketin atıldığı hərbi hissənin hərbi qulluqçuları dindirilmiş, zəruri olan sənədlər götürülmüş və digər lazimi istintaq hərəkətləri həyata keçirilmişdir".

Təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv istintaq-əməliyyat tədbirlərinin davam etdiyi söylənir.

Noyabrın 9-u, saat 18:30-da Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiyaya məxsus Mi-24 hərbi helikopteri vurulub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı aşağıdakıları qeyd edib:

- Helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirib.

- Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib.

Habelə bildirilib ki, bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib.

"Təsadüfi xarakter daşıyan və Rusiyaya qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfinə üzrxahlığını bildirir", - XİN məlumatında yazılırdı.

Habelə, Azərbaycan tərəfi müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu bildirirdi.

Multimedia

XS
SM
MD
LG