Türkiyənin Maliyyə naziri, Prezident Recep Tayyip Erdoğanın kürəkəni Berat Albayrak noyabrın 8-də axşam istefaya getdiyini açıqlayıb. “The New York Times” qəzetinin İstanbul bürosunun rəhbəri Karlotta Qall bu istefanın türk lirəsinin ucuzlaşdığı, iqtisadi durumun pisləşdiyi dönəmdə baş verməsinə diqqət çəkir.
Albayrak “Instagram”da yaydığı şəxsi məktubunda istefasını səhhətilə izah edir. O, beş il idi Xəzinə və maliyyə naziri vəzifəsində çalışırdı.
Kürəkənin vəzifəsi bitdi?
Bu istefadan bir gün öncə mərkəzi bankın rəhbəri dəyişdirilib. Müəllif tənqidçilərə istinadla yazır ki, qorxulu iqtisadi siyasət ölkəni böhrana sürükləyib, bu il lirə 30 faiz ucuzlaşıb. Digər tərəfdən, Albayrakın getməsi Erdoğanın ABŞ-da Co Baydenin prezident seçilməsinə reaksiyası kimi dəyərləndirilə bilər. Axı, Albayrakın bir işi də Ağ evlə münasibətləri idarə etmək idi. O, Prezident Donald Trampın qızı İvanka Tramp və kürəkəni Jared Kuşnerlə dostdur. Ötən il Albayrak Oval ofisdə Trampla görüşə bilmişdi.
“Fikrimcə, onun istefasının əsas səbəbi iqtisadiyyatın iflasıdır. Ancaq digər səbəb də vəzifəsinin başa çatması ola bilər”, – Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunda Türkiyə Tədqiqatları Proqramının direktoru Soner Cağaptay deyib.
Müəllif yazır ki, cənab Erdoğan Trampla dostluğundan yararlanaraq iqtisadi və siyasi çətinliklərini qismən yoluna qoya bilib. Rusiyadan S-400 raket sistemləri almasına baxmayaraq sanksiyalardan yayınıb, ABŞ-ın İrana sanksiyalarındakı roluna görə dövlət bankı Halkbanka ciddi cərimə tətbiq olunmayıb.
Bayden administrasiyası isə Türkiyəyə dair daha sərt mövqe tuta bilər. Hələ Baydeni qələbə münasibətilə təbrik etməyən Erdoğan “Türkiyə iqtisadiyyatını daha möhkəm əllərin idarəçiliyinə vermək istəyir”, müəllif qeyd edir.
İstefa qəbul edildimi
Artıq Erdoğan keçmiş maliyyə naziri Naci Ağbalı mərkəzi bankın rəhbəri təyin edib. Ağbal son iki ildə Albayraklın iqtisadi siyasətinə qarşı çıxırdı.
Qəzet yazır ki, cənab Erdoğanın Albayrakın istefasını qəbul edib-etmədiyi bəlli deyil. Türkiyənin aparıcı telekanalları da bu haqda xəbər yaymayıblar.
2017-ci ildə bir dollar 3.5 lirəyə bərabər idi, indi bu məzənnə 8.5-ə yüksəlib. Müxalifət partiyaları ölkənin iqtisadi çöküşünü önləmək üçün erkən seçki tələbi səsləndiriblər.
Müxalifətdən olan keçmiş deputat Aykan Erdemir Twitter-də yazıb ki, Albayrak “tarixə Türkiyə iqtisadiyyatın dağıtmış bacarıqsız nazir kimi düşəcək”.
BBC Türkcənin məlumatına görə, Albayrakın istefa xəbəri yayılandan sonra lirə 0.05 dəyər qazanıb, dolların məzənnəsi 8.07-yə düşüb.