Noyabrın 9-da Birləşmiş Ştatlarda koronavirusa təsdiqlənmiş yoluxmaların 10 milyonu keçəcəyi gözlənir. Qlobal yoluxma sayı isə 50 milyon 400 mini ötüb.
Cons Hopkins Universitetinin statistikasında yoluxma sayı hələ 10 milyonu çatmasa da, “Reuters” öz hesablamasına əsasən noyabrın 8-də ABŞ-da təsdiqlənmiş yoluxmaların 10 milyonu keçdiyini bəyan edib.
Daha aqressiv yanaşma tələb olunur
Oktyabrın 30-dan bəri ABŞ-da yoluxma sayı 1 milyona yaxın olub. Artıq ölkə üzrə yeddi günlük ortalama gündəlik yoluxma 105 min 600-ə çatıb. Bu, Hindistan və Fransanın birgə göstəricilərindən çoxdur.
ABŞ-da koronavirusdan ölü sayı 237 min 500-ü ötüb. Dünya üzrə isə bu say 1.2 milyondan çoxdur.
Ağ evin koronavirus üzrə işçi qrupunun üzvü Debora Birks ötən həftə deyirdi ki, pandemiya “ən narahatedici və ölümcül mərhələyə” daxil olur və vəziyyət daha aqressiv yanaşma tələb edir.
Birksin sözlərinə görə, Tramp və müşavirləri daha çox karantini önləməyə diqqət ayırırlar, nəinki virusu nəzarətdə saxlamağa.
Prezident Donald Tramp hələ gələn il yanvarın 20-dək vəzifədə qalır və pandemiyaya federal səviyyədə nəzarət üçün cavabdehlik daşıyır. O, seçki kampaniyası dövründə iddia edirdi ki, ölkə virusu məğlub etmək üzrədir.
Avropada 12 milyon yoluxma
Yeni prezident seçilmiş Co Bayden və müşavirləri isə səhiyyə böhranıyla öz mübarizə planları üzərində işləyirlər. Bayden noyabrın 9-da koronavirusla mübarizə üzrə müşavirlərdən ibarət işçi qrupunu elan edəcəyini bildirib.
Avropanın bir sıra ölkələrində gündəlik statistikada rekord göstəricilər qeydə alınır. Avropada 12 milyon yoluxma və COVID-19-dan qlobal ölü sayının 24 faizi təsdiqlənib.
İtaliyada yoluxmalar 935 mini keçib, noyabrın 8-də ölü sayı 41 min 394-ə çatıb.
Xizək kurortları ilə ad çıxarmış Bolzano vilayəti “qırmızı zona” elan edilib.
İtaliya ABŞ-dan sonra dünyada koronavirusdan ən böyük zərbə yemiş ölkədir, 8.5 milyondan çox yoluxma təsdiqlənib.
Meksikada təsdiqlənmiş rəsmi yoluxma sayı 967 mini, ölü sayı 95 mini keçib.
Danimarkada noyabrın 7-də 17 milyon su samurunun məhvinə göstəriş verilib. Səbəb bu heyvanlarda koronavirusun mutasiya etməsinin və bunun insanlara keçməsinin mümkünlüyünün aşkarlanmasıdır.