Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:52

İri dövlət şirkətlərinin bir holdinqə verilməsindən gözləntilər...


Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası - 14 avqust 2020
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası - 14 avqust 2020

Noyabrın 5-də prezident İlham Əliyevin fərmanı ilə bir sıra iri dövlət qurumlarının idarəetməsi bu ilin avqust ayında yaradılan Azərbaycan İnvestisiya Holdinqinə verilib.

Həmin qurumların sırasına Dövlət Neft Şirkəti, "Azərbaycan Hava Yolları" QSC, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Bakı Metropoliteni" QSC və "AzerGold" QSC var.

Habelə, "Azərenerji" ASC, "Azərsu" ASC, "Azərişıq" ASC, "Meliorasiya və Su Təsərrüfatı" ASC, "Azərkosmos" ASC, "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Azər-Türk Bank" ASC də yeni holdinqin idarəetməsinə verilib.

Üstəlik, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki bir sıra qurumlar da onun idarəetməsində olacaq. Bura da "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Aztelekom" MMC və bir sıra başqa iri qurumlar daxildir.

"...Hətta ola bilsin ki, bəzi payları özəlləşdirməyə verilsin"

Fermana sözügedən qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan" agentliyinə açıqlamasında deyib ki, həmin qurumların idarəetməsinin Azərbaycan İnvestisiya Holdinqə (AİH) verilməsini müsbət qiymətləndirir.

V.Əhmədov
V.Əhmədov

Deputat bildirib ki, İnvestisiya Holdinqi yarananda orada müəyyən qurumların cəmləşəcəyi və investisiya yatırımı, ondan əlavə də ciddi dəyişikliklərin olacağı artıq bəlli idi: "Bu şirkətlər - hansıların ki, idarəetməsi Holdinqə verilib, - onlar Azərbaycanın iqtisadi həyatında önəmli şirkətlərdir, strateji obyektlərdir. Bu şirkətlərdə, ola bilsin, kadr dəyişikliyi getsin, müəyyən islahatlar həyata keçirilsin, hətta ola bilsin ki, bəzi payları özəlləşdirməyə verilsin".

"Bu önəmli şirkətlərdə islahatlar həyata keçirilmirdi"

Deputat hesab edir ki, dövlət şirkətlərində islahatlar olacaq: "Uzun müddətdir ki, həmin bu önəmli şirkətlərdə islahatlar həyata keçirilmirdi. Dövlət başçımızın son fərmanından sonra isə orada islahatlar gedəcək, dediyim kimi, şirkətlərdən bəziləri özəlləşdiriləcək, çünki onların hamısının dövlət balansında qalmağına ehtiyacı yoxdur. Elə istehsal sahələr var ki, onların dövlət əhəmiyyəti yoxdur. İşlər görüləcək və mənə elə gəlir ki, iki-üç ay ərzində o şirkətlər artıq təkmilləşəcək və iqtisadiyyata önəmli gəlirlər verəcəklər".

İqtisadçı Toğrul Vəliyev isə fərqli düşünür. Onun AzadlıqRadiosuna bildirməsinə görə, bir sıra dövlət şirkətlərinin idarəetməsinin yeni yaranmış holdinqə verilməsindən sonra ciddi dəyişikliklər gözlənilmir:

"Korporativ idarəetmə sistemi tətbiq olunsun"

"Azərbaycan İnvestisiya Holdinqinin bir neçə ay bundan əvvəl yaranması bu islahatlarla bağlı idi, dövlət şirkətlərin idarəetmə sistemini dəyişmək istəyirdilər. Dövlət şirkətlərində, bəllidir ki, idarəetmə sistemi çox qeyri-effektivdir və vaxtilə prezident demişdi ki, korporativ idarəetmə sistemini tətbiq etmək lazımdır. Bu holdinqdə qeyd olunan şirkətlərin birləşməsi o deməkdir ki, korporativ idarəetmə sistemi tətbiq olunsun. Ola bilsin, gələcəkdə onların hər hansısa özəlləşdirilsin və ya kommersiya tipli şirkət kimi yanaşma formalaşsın".

T.Vəliyev
T.Vəliyev

İqtisadçı vurğulayıb ki, hazırkı dövrə kimi qeyd olunan dövlət şirkətləri, əsasən, dövlət büdcəsindən maliyyələşirdi:

"Mən bu addımların effektivliyinə inanmıram"

"Son fərman da onların effektivliyinin artırılması məqsədilə verilib. Amma məsələ ondadır ki, bizdə daimi olaraq belə bir addımlar atılır. Bir neçə ildən bir nəyisə dəyişmək üçün bu məsələlər qaldırılır, qeyd edilir ki, şirkətlər mənfəət verməlidir. Mən bu addımların effektivliyinə inanmıram, çünki müxtəlif istiqamətli şirkətlərin idarəetməsi vahid orqana verilib və onların vahid idarəetməsi mümkün deyil. Sadəcə, yenidən yeni bir struktur yaranacaq və fikrimcə, qeyri-effektiv bir struktur olacaq".

"Sadəcə, zahiri görünüş dəyişəcək"

İqtisadçı qeyd edib ki, dövlət şirkətlərinin idarəetməsinin vahid orqana verilməsi onların mənfəət gətirilməsinə səbəb olmayacaq: "Onsuz da dövlət büdcəsinin gəlirləri azalır, onsuz da neftin qiyməti aşağıdır, onsuz da gələn ildən bizdə neftdən asılılıq azalmalıdır və bu addım ona görə atılıb ki, şirkətlər mənfəət gətirməyə başlasınlar. Hansı dərəcədə bu mümkün olacaq, bəlli deyil. Nə "Azərsu", nə "Azərişıq", nə "Meliorasiya və Su Təsərrüfatı" mənfəət gətirə biləcək, çünki onlara xərclər kifayət qədər yüksəkdir. Sadəcə, zahiri görünüş dəyişəcək".

Xatırlatma

Prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında fərmanı bu il avqustun 7-də imzalamışdı.

Fərmanda qeyd edilirdi ki, dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, səmərəliliyinin, şəffaflığının artırılması, habelə xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG