Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:30

Büdcə layihəsinin müzakirəsi yubanır, səbəb...


Büdcədə neftin bir bareli 35 dollar götürülüb.
Büdcədə neftin bir bareli 35 dollar götürülüb.

Azərbaycanın 2021-ci il büdcə layihəsi, hələlik, ölkə parlamentində müzakirəyə çıxarılmayıb. Bir sıra təhlilçilərə görə, proses yubanır. Layihəni hələ iki ay bundan öncə Maliyyə Nazirliyi açıqlayıb.

Nazirlər Kabineti isə sentyabrın sonunda onu bəyəndiyini bəyan edib.

2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 mlrd. 327 mln. manat proqnozlaşdırılır. Layihədə qeyd edilir ki, gəlirlərin 57.3 faizi neft sektorunun, 42.7 faizi qeyri-neft sektorunun payına düşür.

Üstəlik, 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 35 ABŞ dollarına bərabər götürülüb. Gələn il dövlət büdcəsinin xərcləri isə 25 mlrd. 847.5 mln. manat proqnozlaşdırılır.

"İndi müzakirələrin tərəfdarı deyiləm" -deputat

Hələlik, hökumət rəsmiləri gecikmənin səbəbini açıqlamayıblar. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov "Turan" agentliyinə bildirib ki, hazırda ölkədə müharibə gedir, cəbhədə çox ciddi irəliləyişlər var:

V.Əhmədov
V.Əhmədov

"2021-ci il üçün nəzərdə tutulan büdcə layihəsi ilə bağlı müzakirələrin yubanması bununla da bağlı ola bilər. Müəyyən xərclər var ki, onlar dəyişdirilir, müəyyən işlər görülür. Ona görə də burada elə bir ciddi problem yoxdur".

Deputat deyir ki, indi büdcə layihəsi ilə bağlı müzakirələrin tərəfdarı deyil: "Xalq, dövlət, vətən üçün ən mühüm əhəmiyyətli və 1 saylı məsələ işğal altında olan torpaqların azad edilməsidir".

V.Əhmədov vurğulayıb ki, ərazi bütövlüyünün bərpa edilməsindən sonra qalan bütün məsələlər öz yerini və həllini tapacaq.

İqtisadçi Natiq Cəfərli də AzadlıqRadiosuna deyib ki, 2021-ci il üçün büdcə layihəsinin müzakirələrinin gecikməsinə əsas səbəb Azərbaycanın apardığı əks-hücum və torpaqların işğaldan azad olunması əməliyyatlarıdır. O, hesab edir ki, bu əməliyyatların nəticələri gələn ilin büdcəsinin müəyyənləşdirilməsində önəmli rol oynaya bilər:

N.Cəfərli
N.Cəfərli

Müharibənin büdcə parametrlərinə təsiri istisna edilmir

"İşğaldan azad olan ərazilərin təhlükəsizliyinə, bərpa işlərinin aparılmasına, təkcə İranla yox (Azərbaycan bu əməliyyatlar nəticəsində işğal altında olan İranla həmsərhəd ərazilərini azad etdiyini açıqlayıb), həm də Ermənistanla sərhədlərin möhkəmləndirilməsinə kifayət qədər böyük vəsait lazımdır. Bu əks-hücum əməliyyatlarının uğurla başa çatmasının büdcə parametrlərində kifayət qədər ciddi dəyişikliklərə səbəb ola bilmə ehtimalı var. Gələn ilin büdcəsində müdafiə, sərhədlərin qorunması və digər istiqamətlərlə bağlı yeni xərclərin ortaya çıxma ehtimalı kifayət qədər yüksəkdir".

N.Cəfərli hesab edir ki, bu il noyabrın sonuna - dekabrın əvvəlinə büdcə layihəsinin parametrləri parlamentə, ictimai müzakirələrə açıq ola bilər. O, istisna etmir ki, büdcə layihəsi dekabrda qəbul edilsə belə, gələn il ona yenidən baxılması ehtimalı yüksək olaraq qalacaq.

İqtisadçı, üstəlik, vurğulayır ki, həm neftin qiymətinin düşməsi, həm koronavirus pandemiyası ilə bağlı iqtisadi aktivliyin zəifləməsi və həm də sərhədlərin bağlı qalması da gəlirlərə təsir edir.

Xatırlatma

2021-ci ilin büdcə layihəsində xərclər bu illə müqayisədə 1.6 milyard manat azaldılıb. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 mlrd. 124 mln., xərcləri isə 27 mlrd. 492.2 mln. manat təsdiq edilib. Büdcədə neftin bir bareli də 35 dollar götürülüb. Bu ilin büdcəsində, əslində, dəyişiklik edilib. Əvvəlcə orada neftin bir bareli 55 dollar götürülmüşdü. Sonradan büdcəyə dəyişiklik edildi.

Əvvəlki sənəddə gəlirlər 24 mlrd. 134.5 mln., xərclər isə 26 mlrd. 894.7 mln. manat təsdiq edilmişdi. Hökumət büdcəyə dəyişiklikləri koronavirus pandemiyası ilə bağlı xərclərin artması və neftin ucuzlaşması ilə izah etmişdi. Dəyişiklik nəticəsində Neft Fondundan transfertin həcimi artdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG