Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

İntizamlı almanlar həm işləyir, həm də dincəlirlər


Almaniyada "Mercedes-Benz" zavodu
Almaniyada "Mercedes-Benz" zavodu

Çoxumuz COVID-19 pandemiyası dövründə hər gün işə getməli olmadığımız üçün sevinirik. Ancaq BBC yazır ki, bizə yorucu və əziyyətli gələn şeylər bəzi adamlar üçün istirahət və xüsusi ritualdır.

Almaniyanın Dortmund şəhəri yaxınlığında, Boxumda yaşayan Nils Bakhauz hətta evdən işlədiyi günlərdə belə mütləq yola çıxır. Yol getmək onun gündəlik həyatının ayrılmaz hissəsidir. Federal peşə təhlükəsizliyi və sağlamlıq institutunda müşavir kimi çalışan 34-yaşlı Bakhauz mütləq hər axşam saat 5-də idman ayaqqabılarını geyinib velosipedinə minir və Rur çayı sahilində uzun gəzintiyə çıxır.

"Yalançı yol getmə"

O bu gündəlik gəzintini "yalançı yol getmə" adlandırır. Bununla o, bir növ normal günlərdə işdən qayıtmasını imitasiya edir. Bakhaus bununla öz "Feierabend"inə ənənəvi qaydada başlamağa çalışır. "Feierabend" sözü iş gününün sonunda, insanların dincəldiyi və əyləndiyi asudə vaxtı bildirir.

Almanları intizamlı, işdə səmərəli insanlar kimi tanıyırıq. Ancaq onlar öz asudə vaxtlarına da çox ciddi yanaşırlar. Əslində, "Feierabend" konsepsiyası da kapitalist mentalitetinin məhsuludur: şirkətin işçiləri işdən sonra yaxşı dincələndə məhsuldarlıq və deməli, dəyər artır.

"Sən birbaşa işdən sonra dincəlməlisən – növbəti gün iki dəfə artıq dincələ bilməzsən. Stress və bərpa daim əl-ələdir. Bu, bir növ bədən ritmidir", - Bakhauz deyir.

İş vaxtı bitəndə

Frilanserlərin çoxu bunu yaxşı anlayır: məsafədən iş rejiminə uyğunlaşa bilməyənlər üçün əsas problemlərdən biri iş gününün dəqiq sonunun olmamasıdır. Məsafədən işləyəndə bütün başqa qayğılara rəğmən, yenə də işə normadan artıq vaxt sərf edirsən. İntizamlı almanlar bilirlər ki, iş vaxtı ilə asudə vaxt arasında dəqiq, sezilə bilən sərhəd olmalıdır. "Feierabend" məhz burada köməyə gəlir.

Ayxştett-İnqolştadt Katolik Universitetinin yeni və ən yeni tarix professoru doktor Karolina Rotauqe deyir ki, kənd təsərrüfatının yeni yarandığı zamanlarda kilsə zənginin çalınması iş gününün bitməsindən, dua və istirahət vaxtının başlanmasından xəbər verirdi. Onun sözlərinə görə, sonralar, sənayeləşmə dövründə gündəlik vaxtı idarə etmək zəruriyyətə çevrilməyə başlayıb, çünki əməyin növlər və iş şərtləri dəyişirdi. "Xüsusilə də zavod fəhlələri və ticarət işçiləri daha qısa iş vaxtı, "Feierabend" kimi dincəlmə vaxtı və həftə sonları üçün mübarizə aparırdılar", - o deyir.

Professor əlavə edir ki, 1900-cu illərdə asudə vaxtın bədəni və zehni bərpa etməkdən ötrü lazım olduğu düşünülürdü: "Buna görə də iş və asudə vaxt eyni medalın iki üzü kimi başa düşülürdü: asudə vaxtdan düzgün istifadə insanı işə hazır vəziyyətə gətirir…".

İş kimliyi və özəl kimlik

BBC daha sonra yazır ki, bu "iş gigiyenası" fəlsəfəsini təbliğ edənlər çöldə gəzmək, içki və rəqsdən imtina etmək kimi məsləhətlər verirdilər. Qüvvələr bərpa olunmalı idi ki, əsl istirahət baş versin və asudə vaxtdan funksional istifadə təmin olunsun.

"Alman yanaşması insanın iş kimliyi ilə özəl kimliyi arasında bir gərginliyin olduğunu qəbul edir. "Feierabend"in yaratdığı qopuqluq bunların ikisini barışdırmaq əvəzinə, onlar arasında sərhəd qoyur... Ən əsası isə, "Feierabend" konsepsiyası etiraf edir ki, iş və iş rejimində olmaq insana müntəzəm istirahət ehtiyacı yaradan tələblər qoyur", – məqalədə deyilir.

"Early Metrics" startapının 31-yaşlı ölkə meneceri Cin Qeryen evdən işləmə rejiminə öyrəşməyə çətinlik çəkdiyini deyir. O zaman hissini o qədər qarışdırıb ki, həftənin hansı günü olduğunu da unudurmuş. Buna görə də səhərlər meditasiya, idman və dartınma hərəkətləri etməyə, gündəlik yazmağa başlayıb. Axşam saat 7-də yemək vaxtının başlaması ilə iş vaxtına son qoymağa çalışıb. "Mən kompüterimi söndürüb dərs oxuyur, yemək bişirir, yaxud kitab oxuyurdum. Burada əsas məsələ intizamdır! …Mən düşünürəm ki, "Feierabend"in ən böyük faydası odur ki, həyatın bizi idarə etməsinə imkan vermirik, həyatımıza nəzarəti əlimizə alaraq qərarları özümüz qəbul edirik", – o deyir.

XS
SM
MD
LG