Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Karantində vaxt niyə 'uçur'


Saat
Saat

Artıq bəzi ölkələrdə insanlar yavaş-yavaş təcrid rejimindən çıxırlar. Ancaq geriyə baxanda görürlər ki, təcrid günləri çox tez keçib gedib. Pandemiya və karantin yeni başlayanda biz bunun əksini gözləyirdik. Həftələrlə evdə darıxacağımızı, tənhalıqdan əziyyət çəkəcəyimizi düşünürdük.

"Zaman hissinin sirləri" (Time Warped: Understanding the Mysteries of Time Perception) adlı kitabın müəllifi Claudia Hammond BBC-yə məqaləsində qeyd edir ki, hələlik, bu mövzuda hər hansı tədqiqatdan danışmaq tezdir, ancaq doğrudan da bəzilərimiz üçün təcrid günləri adi günlərdən daha tez keçir. İnanmaq olmur ki, karantinin elanından artıq 3 ay keçir.

Hammond yazır ki, bunun bir səbəbi insanların düşüncəsində zaman haqda subyektiv hissin formalaşması və bu hissin saat, yaxud təqvimdəki zamanla üst-üstə düşməməsi bilər: "Dostunuzla nahar edirsinizsə, 20 dəqiqə çox tez keçib gedir. Qatar gecikirsə, 20 dəqiqə keçib getmək bilmir. Saata görə isə bu iki zaman müddəti bərabərdir".

Məqalədə daha sonra deyilir ki, biz zamana iki cür yanaşırıq. Prospektiv yanaşmada zamanın nə qədər sürətlə keçib getdiyinə baxırıq. Retrospektiv yanaşmada isə ötən həftə, yaxud ötən onillikdə vaxtın nə qədər tez keçib getdiyini düşünürük.

Xatirələrin çoxluğu və azlığı

Bu təcrid dövründə dostlarından, yaxınlarından və işindən uzaq düşmüş insanlar gün ərzində vaxtlarını keçirməyin müxtəlif yollarını axtarıb tapdılar. Kimsə çörək bişirdi, kimsə bağbanlıqla məşğul oldu, kimsə onlayn kurslara yazıldı. Günlər bir-birinə oxşamağa başladı. Bəzi insanlar iş günləri ilə istirahət günlərini ayırmağa belə çətinlik çəkir.

Günlərin bir-birinə oxşaması və dumanlı olması nəticəsində xatirələrimiz az olur. Bu isə bizim zaman hissimizə təsir edir. Biz keçən zamanın həcmini baş verən hadisələrlə, xatirələrlə ölçürük. Bir həftəlik yeni bir yerə istirahətə gedəndə gördüyümüz hər şey yeni olduğundan çoxlu yeni xatirə toplanır. Evə qayıdıb geriyə baxanda isə çox vaxt xatirələrin çoxluğundan adama elə gəlir ki, məzuniyyətdə bir həftədən xeyli çox vaxt keçirib.

Təcrid zamanı isə bunun əksi baş verir. Günlər bizə çox uzun görünmüş olsa belə, həftənin sonunda geriyə baxıb zamanı retrospektiv dəyərləndirəndə xatirələrin azlığından vaxtın çox tez keçdiyini düşünməyə başlayırıq.

Məqalədə deyilir ki, həbsdə, yaxud xəstəxanada olan insanlar da buna bənzər hisslər keçirirlər. Vaxt çox yavaş keçir və onlar vaxtın daha tez keçməsini istəyirlər. Ancaq vaxt keçib gedəndən sonra onlara elə gəlir ki, zaman sıxılıb və qısalıb.

Əlbəttə, təcrid başlayandan bəri bir çox insanlar əvvəlkindən daha məşğuldurlar. Evdən işləməyin texnoloji çətinlikləri, uşaqları evdən oxutmaq kimi yeni və stressli iş onların vaxtının çox hissəsini doldurur. Ancaq onlar da bu qədər məşğul olmalarına baxmayaraq, həyatlarının çox hissəsini eyni məkanda yaşayırlar və yeni xatirələri yaranmır. Ona görə də onlar üçün də zaman çox tez keçir.

Zoom zəngləri və real görüşlər

Müəllif yazır ki, eyni yerdə qəbul etdiyimiz çoxsaylı Zoom zəngləri yalnız bir xatirə kimi yadda qala bilər. Ancaq real həyatda müxtəlif yerlərdə görüşdüyümüz insanlarla bağlı xatirələr belə deyil.

Bu günlərdə insanlar həm də indiki zamandan çox gələcəyi, bütün bu yaşadıqlarımızın bitəcəyi günləri düşünürlər. Bu da indiki zamanımızın qısalmasına, vaxtın tez keçməsinə səbəb ola bilər.

Məqalədə daha sonra deyilir ki, gələcəkdə geriyə, bu günlərə baxdığımız zaman aylar arasındakı sərhədi ayırd etməyə bilərik. Əlbəttə, virusun ölkəmizə gəlib çatdığı, karantin elan olunduğu zamanı yada salanda harada olduğumuzu, nə iş gördüyümüzü xatırlayacağıq.

Sən demə, insanların gələcək barədə təsəvvürləri də fərqli imiş. İnsanların təqribən yarısı bizim sabit bir yerdə durduğumuz halda gələcəyin bizə tərəf gələn nəsnə olduğunu düşünür. Digər yarısı isə əksinə, bizim gələcəyə doğru getdiyimizi düşünür.

İnsanlara "növbəti çərşənbə günü keçiriləcək görüşümüz iki gün qabağa çəkilib" dediyiniz zaman bizim statik olduğumuzu, gələcəyin bizə tərəf gəldiyini düşünənlər görüşün bazar ertəsinə, gələcəyə doğru hərəkət etdiyim izi düşünənlərsə cümə gününə salındığı qənaətinə gələcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG