Bir qrup Astara rayonun Şahağacı kənd sakini ilə vədləşdiyimiz yerdə görüşdük. Kənd sakinlərinin dediklərinə görə, rayon icra hakmiyyəti başçısının qəbuluna gəliblər.
“Həmin sahədən 40-50 ton yaşıl çay yarpağı yığılardı”
Onlardan Fətulla Qurbanov-un deməsinə görə, 22 ildir ki, 500 nəfərdən çox kənd sakini onlara məxsus pay torpaqlarını ala bilmirlər:
“1998-ci ildə bizə pay torpağı veriblər.Həmin torpaqları “Xəzər” MMC-nin sahibi Taryel Əsədov ələ keçirdib, bizə vermir. Güya biz ərizə ilə müraciət edərək torpaqlarımızı ona vermişik. Biz ərizə yazmamışıq və imza da atmamışıq.O bələdiyyə sədri olanda, torpaqları ələ keçirdib. Sonralar kənd icra nümayəndəsi olub. Sənədlərə möhür vurub...”
F. Qurbanovun deməsinə görə, dəfələrlə ona bildiriblər ki, torpaqlardan çıx, amma çıxmayıb:
“Vaxtıilə həmin sahədən 40-50 ton yaşıl çay yarpağı yığılardı. Bu torpağın vergisini də biz veririk.”
Onun sözlərinə görə, kənd sakinlərinin yeganə qazanc yeri onlara verilən pay torpaqlardır:
“Kənd Xəzər dənizin sahilində yerləşir.Həmişə balıqçılıqla məşğul olmuşuq. İndi dənizə buraxmırlar.Mənim həyat yoldaşım orada gedib yaşıl çay yarpağı toplayıb.Onu aladadıb. Hər dəfə çay kollarını kəsib yandırır. Onun əvəzinə yonca əkir. Az bir hissədə çay kolu qalıb. Rayonda bütün səlahiyyətli orqanlara şikayət etmişik.Bu adam əməlindən əl çəkmir...”
“Ümidimiz torpağadır ”
Kəndin digər sakini Həmzə İsmayılov da deyir ki, həmin torpaqlar onların qazanc mənbəyidir:
“Mənim 30 sot torpağımı ələ keçirdib.Çay sahəsi idi.O çay sahəsi indi yoxdur.Tamamilə məhv edib.Vaxtı ilə həmin sahədən yaşıl çay yarpağı yığmışıq, pul qazanmışıq. Həmin sahədə suvarma sistemi var idi. Ailədə işləyən yoxdur.Mən və həyat yoldaşım pensiya alırıq. Ümidimiz torpağadır.”
Qarabağ ugurunda döyüşlərdə oğlunu itirən Sürrayə Zəkiyevanın dediklərinə görə isə, kasıbçılıq onları üzür:
“Qarabağda müharibə gedir, insanlar ölür, bu isə bizim torpaqlarımızı vermir”
“Özüm 12 baş ailəym. Kasıb ailəyik. Tariel Əsədov torpağımı zəbt edib. Elə bil dərəbəylikdir.Çay bağını sürüb taxıl əkərlər? Çay sahələrini genişləndirirlər, bu adam isə çay bağlarını məhv edir.Mən sovet dövründə briqadir işləmişəm. Mən bilirəm çay nədir.Belə iş olar?
Bu qədər qanunsuzluq olar? Qarabağda müharibə gedir, insanlar ölür, bu isə bizim torpaqlarımızı vermir.Tədbir görülməsə kəndin qadınlarını götürüb Bakıya gedəcəyəm...”
“Prezidentə, birinci vitse prezidentə,... yazmışıq”
Kənd sakini Fuad Quliyevin sözlərinə görə də, dəfələrlə bununla bağlı yuxarı orqanlara şikayətlər ediblər, nəticə yoxdur:
“Sahibkardır.Torpaqlarımızı ələ keçirdib.Əkir, biçir, satır.Biz qalmışıq kənarda.Biz də yaşamaq istəyirik.Prezidentə, birinci vitse prezidentə, nazirliklərə, baş prokurorluğa yazmışıq.Orada cinayət işi də var.Çünki sənədlər saxtalaşdırılıb.”
Rəsmilərin mövqeyi
Astara rayon İcra Hakimiyyətinin Şahağacı kənd inzibati ərazi nümayəndəsi Sokrat Məmmədov deyir ki, sahibkar məhkəməyə verilib:
“Torpaqla bağlı mübahisədir. Bu məsələ ilə bağlı rayon icra hakimyətindən də gəlmişdilər. Narazılıq edən kənd sakinlərinə bildirildi ki, məhkəməyə versinlər. İş məhkəmədədir. Çay sahələridir, sahibkar icarəyə götürüb.İndi kənd sakinləri öz torpaqlarını geri istəyirlər. Mübahisə bunun üstündədir.Qərarı məhkəmə verəcək.”
Şahağacı bələdiyyəsinin sədri Samir Mahirov da deyir ki, sahibkar kəndlilərin torpağını verməkdən imtina edir:
“Sahibkar torpağı vermir. Deyir ki, torpağı təmizləmişəm.İşləri məhkəmədədir.”
İttihamlara cavab
“Xəzər” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Taryel Əsədov isə onun ünvanına deyilənləri böhtan adlandırır:
“Fermer təsərrüfatıdır. Yeri də sənədlə mənə veriblər.Cay bağıdır.Sovxozlar dağılandan 5-6 il sonra mənə verilib.Mənə veriləndə çay sahəsi kol-kos içində idi. Oranı təmizlətdirmişəm.Çay da əkmişəm. Deyirlər adamları ordan qovmuşam.İşləməyə adam axtarıram.Nə üçün adamları qovmalıyam? Narazlıq edənlər ev heyvanı saxlayanlardır. Mallarını otarmaq üçün yer axtarırlar.Mən malları sahəyə buraxmıram ki, çay bağı dağılmasın .Ona görə narazılıq edirlər.”
Onun deməsinə görə, şikayət edənlər arasında eləsi var ki, heç onda torpağı yoxdur:
“Mən heç kimin torpağını zəbt etmiməmişəm.Hər birinin əsasən 1,5 sot torpağı olmaqla 551 nəfər vətəndaşın məndə torpağı var.Kim istəyir torpağını götürüsün.Bu günə qədər bir vətəndaş məndən şikayətçi olmayıb. Qanun var, qayda var.Cəmi 30 hektardır.Torpağı götürəndə çay kolu qalmamışdı.Çay kolu əkdik su olmadı.Orda su kanalı da yoxdur. ”
Şahağacı Astara rayonun 89 kəndindən biridir, 5 minə yaxın əhalisi var. Kənd sakinlərin əsas məşğuliyəti heyvandarlıq və əkinçilikdir.