Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:29

Prokurorluq vəkil Ş.Hümbətova haqqında qərar verib


Ş.Hümbətova

Bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən Şəhla Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilməsi üçün Vəkillər Kollegiyası məhkəmədə iddia qaldırıb. İddiaya oktyabrın 30-da Bakı İnzibati Məhkəməsində baxılıb.

Bundan başqa, Ş.Hümbətovanın sənəd saxtakarlığına görə cinayət məsuliyyətinə cəlb olunması üçün Vəkillər Kollegiyasının Rəyasət Heyəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Amma prokurorluq Ş.Hümbətovanın əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib və cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarılıb.

Təqsirsizlik prezumpsiyasının pozulması

Ş.Hümbətova prokurorluğun qərarını məhkəməyə təqdim edib. Çünki məhkəmə iddiasında Ş.Hümbətovanın vəkillik fəaliyyətinə xitam verilməsinə əsas kimi onun sənədlərə saxta məlumat yazması göstərilib. Digər səbəb isə Vəkillər Kollegiyasına üzvlük haqqının ödənilməməsidir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırovun imzaladığı iddia ərizəsində bildirilir ki, üzvlük haqqının ödənilməməsinə görə Ş.Hümbətova haqqında intizam icraatı başlanıb. Sonradan vətəndaşın ona qarşı şikayəti də bu işə birləşdirilib.

Ş.Hümbətova məhkəməyə iddia ərizəsində yazılanlara etiraz təqdim edib. Vəkilin sözlərinə görə, üzvlük haqqı ilə bağlı barəsində heç vaxt intizam icraatı olmayıb: "Üzvlük haqqı yadımdan çıxıb. Daha doğrusu, 6 aylıq ödəmişəm. Elə bilmişəm ki, qarşıdakı aylarındır, ona görə rahat olmuşam. Sən demə, əvvəlki 6 ayın olub. Buna görə nə intizam icraatı olub, nə də mənə xəbərdarlıq edilib. Vəkillər Kollegiyasından çıxarılmağım haqda saytlardan birindəki xəbərdə bundan xəbər tutdum. Dərhal da gedib ödədim".

Ş.Hümbətova əlavə edib ki, sənəd saxtakarlığı konkret cinayət əməlidir. Onun sözlərinə görə, barəsində qüvvəyə minmiş məhkəmə hökmü olmadığı halda, bu əməldə suçlanması təqsirsizlik prezumpsiyasının pozulmasıdır.

Siyasi qərar hesab edir

Vəkillər Kollegiyasının Ş.Hümbətova barədə açıqlamasında onun fəaliyyətinin dayandırılmasına səbəb kimi məhkəməyə saxta sübut təqdim etməsi, vəkillik etmək üçün iki dəfə kafedə pul alsa da, müştəriyə bu barədə qəbz təqdim etməməsi, 6 aydan çox üzvlük haqqını ödəməməsi göstərilib. İddia olunur ki, Ş.Hümbətovadan şikayət edən vətəndaş 1300 manat pul ödədiyi halda, qəbz almadığını, ona boş blanklara imza atdırıldığını, vəkilin məhkəməyə 3000 manat qonorar alması barədə yalan sənəd təqdim etdiyini bildirib.

Ş.Hümbətova isə vəkillik fəaliyyətinə xitam verilməsinin siyasi qərar olduğunu düşünür. Onun fikrincə, cəzalandırılmasının səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir. O, bloqqer Mehman Hüseynov, jurnalist Seymur Həzi və digər fəalların hüquqlarını müdafiə edib. Onun vəkillik fəaliyyətinə xitam verilərkən Gəncə hadisələrinə görə həbs olunan bir neçə şəxsin müdafiəçisi idi.

Son illər Azərbaycanda bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov, Yalçın İmanov və başqaları Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi məhbus" kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib. Ancaq Kollegiya bunları inkar edib, onların qanunvericiliyin tələblərini pozduqlarına görə kənarlaşdırıldıqlarını açıqlayıb.

XS
SM
MD
LG