Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:39

Oqtay Gülalıyevin məhkəməsi 13-nə təyin edilib


O.Gülalıyev
O.Gülalıyev

Bu gün, oktyabrın 30-da Nəsimi rayon Məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı qaldırılmış cinayət işi üzrə hazırlıq proses keçirilib.

Hakim Azər Tağıyev prosesdə iştirak edən "Turan" İnformasiya Agentliyin direktoru, O.Gülalıyevin ailəsinin hüquqi nümayəndəsi Mehman Əliyevə hüquq müdafiəçisinin səhhəti ilə bağlı sual verib.

M.Əliyev bildirib ki, O.Gülalıyevin səhhətində müsbət tendensiyalar var, danışa bilməsə də, hissiyyatı var, yaxın günlərdə müalicə aldığı Türkiyədən Bakıya gətiriləcək və müalicəsi evində davam etdiriləcək.

Prosesdə heç bir vəsatət təqdim edilməyib və məhkəmə baxışı noyabrın 13-ə təyin olunub

Sürücü: "Oqtay bəy ölkəyə qayıdanda…"

"Turan" agentliyinin xəbərinə görə isə, məhkəmədə iştirak edən təqsirləndirilən şəxs Kənan Abdullayev prosesdən sonra onlara bildirib ki, özünü peşman sayır: "Oqtay bəy ölkəyə qayıdanda mütləq gedib ona dəyəcəm. Hadisədən sonra mən özüm onu götürdüm, xəstəxanaya apardım. Özünü yaxşı hiss edirdi, danışırdı…".

K.Abdullayev bundan əvvəl də hadisəni qəsdən törətmədiyini vurğulayıb.

Xatırlatma

Hüquq müdafiəçisi O.Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir. Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.

O.Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilir.

O.Gülalıyevin vurulduğu avtomobilin sürücü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar və müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG