Keçid linkləri

Təcili xəbərlər
2021, 24 İyul, şənbə, Bakı vaxtı 03:24

Arthaus distribütorları pandemiyanın cəngində


Sinema

Avropada ilk koronavirus hallarının qeydə alınmasından səkkiz aydan çox vaxt keçib. Bu müddət ərzində Avropanın kino industriyası misli görünməmiş böhran içində olub. Ancaq variety.com saytı yazır ki, bu böhran bir çox arthaus distribütorlarının kino biznesindəki şanslarını artırıb. "Arthaus" əyləncə və kütləvi istehlak üçün nəzərdə tutulmamış, yaradıcı və eksperimental, bəzən avanqard xarakter daşıyan filmlərə deyilir.

"Problemlər çox da dəyişməyib, sadəcə, təcili hal alıb", – "Cherry Pickers" adlı Niderland distribütorunun təsisçisi və direktoru Hub Rulvink Romada keçirilən, audiovizual seqmentin bütün sahələrini əhatə edən MIA yarmarkasında deyib.

İtaliya kino distribütoru "Teodora Film"in baş meneceri Marqarita Çiti striminq platformaları və ənənəvi kassa gəlirlərinin böyük yerdəyişmə etdiyini, virusun yaratdığı vəziyyətin arthaus distribüşnı ilə bağlı artıq mövcud olan bir şeyi gücləndirdiyini deyib. "Biz artıq mövcud olan prosesə uyğunlaşırdıq; indi isə o, daha sürətlə gedir", –o əlavə edib.

Bütün ölkələrdə ictimai yerlərin bağlanması nəticəsində ciddi böhran keçirən, daha sonra sosial məsafə qaydalarına uyğunlaşmağa məcbur olan distribütorlar vəziyyətdən gileyləniblər. Böhrandan əvvəl bilet satışları "Teodora Film" şirkətinin 50-60%, "Cherry Pickers"insə gəlirlərinin 70%-ni təşkil edirmiş. Hazırda isə gəlir minimaldır.

Kinoteatrların tutumu 20-30% azalıb

Almaniyada rəsmi sosial məsafə tələbləri kinoteatrların tutumunu 20-30%-ə endirib. Ancaq "ProKino" şirkətinin baş icraçı direktoru İra Fon Ginant deyib ki, "hər bir müstəqil distribütorun əlində işləri çox yaxşı gedən bir film olur". Onun sözlərinə görə, rəqabət arthaus distribütorlarının film nümayişi məkanlarını artırmasına səbəb olur.

Avropanın müxtəlif yerlərində hökumət bu və ya digər dərəcədə dəstək verib. Çitinin sözlərinə görə, İtaliyada dövlət yalnız pandemiyanın ilk dövrlərində yardım edib, vergi güzəştləri isə yalnız indi və yalnız yerli filmlər üçün tətbiq olunur.

Niderland Film Fondu çevik hərəkət edərək yerli kontenti dəstəkləyib. Ancaq Rulvink deyib ki, ənənəvi böyük şəbəkələrdən tutmuş, arthaus kinoteatrları və müstəqil distribütorlara qədər hər kəsi əhatələyən rəqabət maraqları hökumətin qarşısında vahid mövqe qoymağa imkan verməyib: "Ölkə səviyyəsində bizim üçün kollektiv hərəkət etmək çox çətindir. Hər zaman bir səs ortaya qoymaq çox çətindir".

Almaniyada isə fərqli fikir ayrılığı var. Fon Ginant deyib ki, koronavirus qaydaları bölgədən bölgəyə dəyişir. COVID-19 ocaqları qeydə alınanda hətta bir regionun içində belə sosial məsafə qaydaları dəyişə bilir.

İsveçdə bəxti gətirib

İsveçin "Folkets Bio" şirkətinin rəhbər Oskar Eriksson deyib ki, İsveçdə bu sahə dəstək sisteminə malikdir və buna görə bəxti çox gətirib. O qeyd edib ki, İsveç Film İnstitutu pandemiyanın ilk günlərindən çevik müdaxilə edib. "Ancaq bu dəstək daha dərin və daha uzun olmalıdır", –o əlavə edib.

Çitinin sözlərinə görə, İtaliyada arthaus distribüşn şirkətləri mətbuatla daha effektiv işləməyə, göstərilən filmlər ətrafında isti mühit yaratmağa çalışırlar. Rulvink isə deyir ki, onun şirkəti daim qənaət etməyə çalışsa da, bu, heç də həmişə asan başa gəlmir.

Striminq platformalarının yüksəlişi, ənənəvi kinoteatrlar kimi, arthaus distribütorlarını da çətin duruma salıb. Ancaq onlar birlikdə mövcud olmağın yollarını tapmağa çalışırlar.

Rulvink deyir ki, kinoteatrların bağlandığı gün video-on-demand (VOD) xidmətləri "Cherry Pickers"in biznes modelinin kiçik bir hissəsini təşkil edirdi. O əlavə edib ki, filmlərin VOD rejimində nümayişi kinoteatr nümayişlərindən qat-qat az gəlirlidir və heç vaxt kinoteatr gəlirlərinin itkisini əvəz etməyəcək.

XS
SM
MD
LG