Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:59

Ölkənin qapıları kimə açılır, kimə yox?


Evi mərmi ilə dağıdılan vətəndaş Avropa məhkəməsinə necə müraciət etsin?
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

Evi mərmi ilə dağıdılan vətəndaş Avropa məhkəməsinə necə müraciət etsin?

Azərbaycan "Human Rights Watch", "Amnesty International" kimi beynəlxalq təşkilatlara müraciət edib. Bunu oktyabrın 27-də prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə və Tərtər şəhərlərini "Smerç" raketləri ilə atəşə tutması ilə bağlı məlumatı şərh edərkən bildirib.

Prezident köməkçisinin qeyd etməsinə görə, həmin təşkilatlara müraciət edilib ki, onların nümayəndələri gəlsinlər, obyektiv şəkildə Ermənistanın mülki insanlara qarşı ballistik raketlərdən və kaset bombalarından istifadə etmələri hallarını yerindəcə araşdırıb, hesabatlar hazırlayaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsınlar.

Halbuki, "Human Rights Watch" bundan əvvəl Azərbaycanın rəsmi orqanlarına müraciət etmiş, amma müsbət cavab almamışdı. Hətta bu qurumun bu günlər cəbhə bölgəsindən hazırladığı hesabat (Birtərəfli müşahidə əsasında hazırlanmışdı) Azərbaycanda müəyyən tənqidlərlə də qarşılanmışdı.

İndi bəzi yerli müşahidəçilər hesab edirlər ki, Azərbaycan hökuməti bu addımı çoxdan atmalıydı. Üstəlik, bir sıra yerli təhlilçilərə görə də, yaxşı olar ki, Azərbaycan 2014-cü ildən bəri ölkədən çıxarılan beynəlxalq təşkilatlara və xarici kütləvi informasiya vasitələrinə (KİV) də qapılarını açsın.

A.Qurbanov
A.Qurbanov

"...Uğurlu alınmadı"

Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov da mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, bu işlər, əslində, cəbhədə əks-hücum əməliyyatları başladıqdan (sentyabrın 27-dən) bu yana görülməli idi. Onun deməsinə görə, hələ oktyabrın 6-da "Human Rights Watch" hökumətə müraciət edərək Azərbaycana gələrək faktaraşdırıcı fəaliyyətə başlamaq istədiklərini bildirmişdi. A.Qurbanov əlavə edib ki, bununla bağlı Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərində məlumatlar olub: "Hökumətlə yerli vətəndaş cəmiyyəti təmsilçilərinin danışıqları olub, beynəlxalq təşkilatların, xarici KİV-lərin Azərbaycana gəlməsi ilə bağlı, amma nə üçünsə uğurlu alınmadı".

O vurğulayıb ki, gecikmə oldu, bir çox media qurumları Gəncə şəhərinin oktyabrın 11-dən raket atəşinə tutulmasından sonra ölkəyə gəlməyə başladılar: "Gec də olsa, media təmsilçilərini buraxdılar, amma beynəlxalq təşkilatların təmsilçilərinə icazə verilmədi".

A.Qurbanov deyib ki, "Amnesty International", "Human Rights Watch" kimi təşkilatların öz iş prinsipi var:

"Bunun alternativi yoxdur"

"Belə təşkilatlar öz gözləri ilə görmək, çəkmək və yazmaq, yaralanan mülki insanlarla görüşmək istəyirlər, bunun alternativi yoxdur. Bu qurumlar onlara press-reliz və ya hansısa məlumat ötürmək prinsipi ilə işləmirlər".

A.Qurbanov hesab edir ki, bu qurumların təmsilçiləri Azərbaycan tərəfdə olmadıqları üçün hazırlayacaqları hesabatın birtərəfli olacağı təxmin edilə bilərdi:

"Biz nədən çəkinməliyik?"

"Haqlı olduğumuz, işğala məruz qaldığımız, münaqişə zonasından kənar hücuma məruz qaldığımız və Azərbaycana qarşı müharibə cinayətləri ortada olduğu halda biz nədən çəkinməliyik?".

F.İbrahimli
F.İbrahimli

Milli Məclisin sədr müavini Fəzail İbrahimli isə mövzu ilə bağlı "Turan" agentliyinə bildirib ki, hazırda Azərbaycanda baş verən hadisələr bütün dünyanın gözü önündədir.

Sədr müavini deyib ki, münaqişə zonasından uzaq Gəncə oktyabrın 11-i və 17-də atəşə tutulub, qadağan edilmiş silahlardan istifadə edilib:

"Məgər baş verənləri görmürlər?"

"Bərdə raket atəşinə məruz qalır, Tərtərə raketlər atılır. Məgər həmin beynəlxalq təşkilatların, beynəlxalq KİV-lərin təmsilçiləri, ya həmin ölkələrin səfirləri baş verənləri görmürlər? Belə çıxır ki, dünya bizim haqq işimizə, atdığımız addımlara, dediyimiz sözlərə kar-kor kimi baxır. Odur ki, bizim yeganə yolumuz var, o da xalqın, dövlət rəhbərliyinin birliyidir".

Vitse-spiker daha sonra da deyib:

"Azərbaycan prezidenti bu prosesi onların başa düşdükləri dildə..."

"Amma mənə elə gəlir ki, Azərbaycan prezidenti dünyanın təxminən bütün ölkələrinə bu prosesi onların başa düşdükləri dildə aydın edib. Sadəcə, söhbət bundan gedir ki, qarşı tərəf bu hadisələri necə təqdim edəcək? Azərbaycan xalqı haqlı olduğu halda bu həqiqətləri qəbul etmək istəmirlər. Guya hadisələrin mahiyyətini bilmirlər? Lap yaxşı bilirlər, amma ünvanımıza yalan, böhtan deməkdən çəkinmirlər".

F.İbrahimli deyib ki, baş verən hadisələri Azərbaycan dövləti kifayət qədər idarə edir, tənzimləyir: "Odur ki, hansı KİV-lərin ölkəyə buraxılıb-buraxılmaması indiki halda dövlətin iradəsinə bağlıdır".

O, hesab edir ki, gördüklərinin əleyhinə informasiya verəcək KİV təmsilçilərinin ölkəyə gəlməsi lazım deyil.

'O xəbəri eşitmək ayrı bir hissdir' - Kəndi azad olunan qubadlılı
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 150-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

Tərəflər cəbhədə döyüşlər başlayandan düz üç dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Sonuncu belə açıqlamanı ABŞ Dövlət Departamenti oktyabrın 25-də yayıb. Məlumatda qeyd olunub ki, humanitar atəşkəs oktyabrın 26-da yerli vaxtla səhər saat 8:00-dan qüvvədə olmalıdır. Amma cəbhə bölgəsindən hələ də atəş səslərinin gəldiyi bildirilir.

Ümumilikdə, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu bildirilib. Atəşkəsin pozulmasına görə də qarşılıqlı ittihamlar səslənib.

Son günlər, oktyabrın 27-i və 28-də isə Azərbaycanın Bərdə rayonun raketlərdən atəşə tutulması nəticəsində üst-üstə 20-dən çox şəxsin öldüyü, 70-dən çoxunun da yaralandığı bildirilir. Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, sentyabrın 27-dən bəri onlardan ümumilikdə 90 civarında mülki insan həlak olub, 370-dən çoxu yaralanıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG